Şəffaf humanistin pensiyası

Şəffaf humanistin pensiyası Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) adlı bir zad var idi, Azərbaycan indi bunun üzvlüyündən çıxıbdır. Daha doğrusu, həmin zad deyilənə görə ölkəmizdən insan hüquqlarına, QHT-lərə hörmətlə yanaşmağı tələb edirmiş, bunu görməyəndə Azərbaycanın üzvlüyünü dayandırıblar, hətta bizim acığımıza Ermənistanı ora üzv qəbul ediblər. Lakin yapist yoldaşlar buyurur ki, elə olmadı, özümüz bu zaddan çıxdıq.


Hər halda bu nədirsə bizi ya ondan çıxarıblar, ya da biz ondan çıxmışıq. Ermənistanın üzvlüyü isə lap mənasızdır, çünki orda neft-qaz yoxdur. Bəs bunlar nəyin mədənində şəffaflıq aparacaqlar? Bəlkə işğal edilən ərazilərimizdəki qızıl, mineral su yataqlarında? Şeytan bilir. Ancaq bu temada şəxsən mənim qəti narahatlığım yoxdur. Çünki MSŞT-ni yaratmaq təşəbbüsünü vaxtilə Britaniyanın baş naziri Toni Bleyer irəli sürmüşdü. O isə elə mənasız tip idi ki, hətta bizim yapist yoldaşların rüşvətinə də ağzının suyunu axıtmışdı. Bəli, inanılmaz görünür, ancaq bu hadisə olmuşdu. Baş nazir işləyəndə yox, təbii, ondan sonra Bakıya gəlmişdi, bir karikatur zavodun açılışında olmuşdu (metanol idi, nə idi adı - yadımda qalmayıb, heç dəqiqləşdirməyə də ehtiyac duymadım - cəhənnəm olsun hamısı), buna görə yapistlərdən 50 min dollar almışdı. Hərçənd, deyəsən Britaniya mətbuatı sonra bu məbləği Bleyer müəllimə qusdurmağa nail olmuşdu, yazmışdılar ki, adə, ayıb olsun, sən gedib belə adı korrupsiyada, insan haqlarını pozmaqda çıxan dövlətdən pul almısan. Bundan sonra Toni müəllim həmin pulu hansısa insan haqları qurumunun hesabına köçürmüşdü.


İndi özünüz deyin, əsasını qoyan belə adamdırsa, həmin qurumda olmaq bizə nə verəcək, olmamaq nə verəcək? Üstəlik, indi qarının şey olma dövrü də çoxdan keçibdir, indi qapı bağlanan, neft gəlirləri azalan bir dövrdür. Neft pulu sel kimi gələndə mədən sənayesində şəffaflıq olmadısa, indi olsa nəyə yarayır?


Məncə, hökumətimiz belə şeylərin dərdini çəkməsin, hətta biz istəsək Mədən Sənayesi İşçilərinin Oyunlarını düzəldərik! Qoy hər yerdən neftçilər, qazçıxardanlar, şaxtaçılar, nə bilim, torfkəsənlər, peyinyandıranlar, tualetqazanlar və sairə gəlsinlər Bakımıza, pullarını verərik, təki dombalaq aşsınlar, turnikdə çəkilsinlər, suya tullansınlar, canım sənə desin, kanat üzərində gəzişsinlər.


Bizdə şəffaflıq hər sahədə geniş yayılıbdır, onun-bunun sözü ilə yaşamırıq. Misal üçün, bu yaxında bir məhkəmə hakimi dedi ki, polisdə plan doldururlar, kimin üstündə azca narkotik tapılsa, tutub basırlar türməyə. Deyir hamını tutmaq lazım deyil, alternativ cəza-zad olmalıdır. Səncə hakim bunu humanistliyinə görə demişdi? Ay-hay... Pul yoxdur e. Daha əvvəlki kimi hər narkotik çıxanı bas türməyə, bunun gündəlik saxlama xərci olan 20 manatı büdcədən ödə - alınmır. Təsəvvür elə, üstündən bir kibrit qutusu anaşa çıxan adamın türmədə saxlanma xərci hökumətə ortalama 20 min manata başa gəlirdi! Halbuki, o anaşanın qara bazar qiyməti bəlkə heç 20 manat olmurdu. İndi belə çoxsaylı dustaqları saxlamaq çətindir. Humanizm bundan yaranıb.


O cümlədən, pensiya yaşının 65 yaşa artırılması və dünən bu mürtəce, antisosial, xalqın canını alan qanunun qəbulu “uzunömürlülük, insanlara daha çox işləmə şansı vermək-zad” kimi şeylərə görə deyil. Pul yoxdur. O məşhur məsəldə deyilən kimi, niyə atəş açmadıq, bunun 3 səbəbi var, birincisi odur ki, barıtımız qurtarıb.


Hərçənd, xalqımız dözümlü xalqdır. Biz elə o xarici düşmənlərin, MSŞT-zad kimi təşkilatların acığına iqtidarın ətrafında daha sıx birləşərək dövlətçilik naminə pensiyamızdan imtina edə, onu Cocuq Mərcanlı Universitetinin fonduna keçirdə bilərik. Mən 22 il sonrakı pensiyamdan indi imtina edirəm, xalqa bəs haçan xidmət etməliyik!? Buyurun, o pulları xərcləyin, təki peykimiz uçsun, oyunlar olsun, avtobuslar yarışsın...



Zamin HACI
Tarix: 11-03-2017, 09:09
Xəbəri paylaş





Xəbər lenti