İcra olunmamasına "göz yumulan" cərimələr gündəmə gəlir

İcra olunmamasına "göz yumulan" cərimələr gündəmə gəlir Əslində, bu cərimələr çoxdan mövcuddur. Sadəcə, səlahiyyətli orqanlar ya humanistlikdən, ya başısoyuqluqdan, heç zaman ona əl atmayıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Bakı Metropolitenindən istifadə zamanı bəzi qaydaları pozan sərnişinlər cərimələnməlidir. Belə ki, eskalatorda sürahinin üstünə əşya qoyan, dəmir yoluna hər hansı bir əşya atan, metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandıran və digər qayda pozuntuları törədən şəxslər 15 manatdan 100 manata kimi cərimə oluna bilər.
Əslində, bu cərimələr çoxdan mövcuddur. Sadəcə, səlahiyyətli orqanlar ya humanistlikdən, ya başısoyuqluqdan, heç zaman ona əl atmayıb. Ən azından, cərimələmə kütləvi xarakter daşımayıb, ara-sıra baş verən hadisələr isə ictimailəşdirilməyib. Elə bu səbədən də indi məsələnin gündəmə gəlməsi insanların narazılığına səbəb olub. Hətta sosial şəbəkə istifadəçiləri bunu "büdcənin doldurulması üçün əhalinin qarət edilməsi istiqamətindəki növbəti addım" kimi də qələmə veriblər. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi Metropolitendən istifadə qaydalarının pozulması haqqındadır: "Burada bütün qayda pozuntularına görə cərimələr yazılıb. Amma metropoliten işçiləri özləri cərimə edə bilməzlər. Bu səlahiyyət metro təhlükəsizliyini qoruyan polisə aiddir". Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metropolitendə sərnişinlər qayda pozarsa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən cərimə olunur: "Prosedura görə, polis qaydanı pozan vətəndaşdan şəxsiyyət vəsiqəsini tələb edir, onun haqqında protokol tərtib olunur və yaşadığı ünvana göndərilir. Cərimə 20 gün ərzində ödənilmədikdə, onun üzərinə gecikmə faizi gəlməyə başlayır". Paytaxt polisinin sözçüsü əlavə edib ki, sərnişin qayda pozuntusuna metro qatarının içində yol veribsə, yenə də cərimə oluna bilər: "Qatarlarda quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə qayda pozuntusu və ona yol verən sərnişin müəyyən edilir, sonra həmin sərnişin saxlanılır və ona cərimə tətbiq edilir. Təhlükəsizlik kameraları oğurluq faktları qeydə alanda isə cinayət işi açılır. Bizim belə səlahiyyətimiz var". "Metropolitendə bu günə kimi kütləvi olmasa da, bəzi hallarda sərnişinlərə cərimələr tətbiq edilib" — Q. Rəhimov vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikasinin İnzibati Xətalar məcəlləsinə əsasən cərimələr aşağıdakı kimidir: Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması 306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə — 15 manat məbləğində cərimə edilir. 306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə — 20 manat məbləğində cərimə edilir.

306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə — 30 manat məbləğində cərimə edilir. 306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan "Stop" açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə — 50 manat məbləğində cərimə edilir. 306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə — 70 manat məbləğində cərimə edilir. 306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə — 100 manat məbləğində cərimə edilir.
Tarix: 18-04-2017, 14:30
Xəbəri paylaş





Xəbər lenti