Əhməd Qəşəmoğlu: “Bu, özünü nümayiş etdirmək xəstəliyidir və cəmiyyətimiz üçün arzuolunmaz bir haldır”
Artıq ağıllı mobil telefonlar həyatımızın bir hissəsinə çevrilib. 15-20 il bundan öncə mobil telefonlar yalnız sadə rabitə məqsədilə yaradılırdısa, hazırda onun funksiyaları inanılmaz dərəcədə artıb. Ondan təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də sosial şəbəkələrdən istifadə, internet üzərindən kitab oxumaq, musiqi dinləmək, oyun oynamaq və sairə üçün istifadə edilir. Alıcı mobil telefon alarkən onun zəng funksiyası ilə deyil, digər funksiyaları ilə maraqlanır.Beləliklə, hər keçən gün mobil telefonlar həyatımıza daha böyük sürətlə daxil olmağa başlayıb, ondan istifadə etməyən şəxslər cəmiyyət tərəfindən qeyri-adi qarşılanır. Maraqlıdır ki, insanlar daha çox bahalı telefona maraq göstərir, hansı ki, həmin telefonun bir çox funksiyalarından xəbərsiz olur. Buna baxmayaraq, “olmazsa olmaz” deyib, maddi sıxıntısını bir qədər də yükləyib kreditlə də olsa bahalı telefon əldə etməyə çalışır. Bununla da bahalı telefon almaq istəyi aludəçilik həddinə çatmağa başlayır. Əvvəllər bahalı telefon aludəçisi gənclər idisə, hazırda yaşlılar da “qonşudan geri qalmamaq” üçün “göz oxşayan” telefonlara üstünlük verirlər.
Qeyd edək ki, ötən illərin statistikasına görə, Azərbaycanda hər 100 nəfərə 110 telefon düşür. Bu heç də kiçik göstərici deyil. Dünyada ən çox mobil telefon istifadəçisi isə Birləşmiş Ərəb Əmirlikləri hesab olunur. Məlum olub ki, bu ölkədə hər 100 adama 232 telefon düşür. Rusiya isə sıralamaya görə 10-cu yerdədir. Bu ölkədə də insanlar gecə-gündüz yuxusuna haram qatan bahalı telefonlara üstünlük verir. Ötən il baş nazir Dmitri Medvedyev məmurlara bahalı telefon almağı qadağan etmişdi. Qeyd etmişdi ki, məmurların istifadə etdiyi telefonun dəyəri 15 min rubldan, təxminən 400 manatdan çox olmamalıdır.
Bəs bahalı telefon aludəçiliyi nədən yaranır? Buna səbəb mobil telefonların təbliği, yoxsa müasir texnologiya ilə ayaqlaşmaq dərdidir?
Sosioloq Əhməd Qəşəmoğlun mövzu ilə bağlı bu cür şərh bildirdi: “Bu cür hallar təəssüf ki, cəmiyyətimizdə baş verməkdə olan maddiyyata, özünü nümayiş etdirməyə, meşşanlığa olan marağın yaratdığı simptomlardan biridir. Necə ki, ağır xəstəlik olanda bədəndə yaranan adi bir qızartı, xal simptom sayılır, telefona da bu şəkildə aludəçilik bu cür simptomlardan biridir. Ümumiyyətlə, texnika inkişaf etdikcə insan daha mükəmməl texnika almalıdır. Amma həmin texnikadan mütəmadi istifadə edirsə və yaxud ona vacib lazımdırsa. Lakin təəssüf ki, əksəriyyət bahalı mobil telefonları hansısa funksiyasından istifadə etmək üçün deyil, kiminləsə yarışmaq, özünü göstərmək, nümayiş etdirmək üçün ki, mənim daha bahalı telefonum var deyə alır. Bu da özünü nümayiş etdirmək xəstəliyidir və cəmiyyətimiz üçün arzuolunmaz bir haldır. Özünü nümayiş etdirmək xəstəliyi dərinləşdikcə cəmiyyətimizdə də gərginlik artır, ailə, insan zəminində xoşagəlməyən münasibətlər olur”.
Onu da qeyd edək ki, mobil telefonların insanların iş və gündəlik həyatlarında böyük əhəmiyyət malik olduğu kimi orqanizmə mənfi təsir göstərdiyindən xəbərdarıq. Həkimlər son dövrlərdə dünyada xərçəngin sürətlə artmasının səbəbinin mobil telefonlar olduğunu qeyd edirlər. Həmçinin telefonun yaydığı elektromaqnit dalğaların yeniyetmə və gənclərin boy artımına mane olmasına, gözlərin zəifləməsinə, baş ağrılarının yaranmasına səbəb olduğunu bildirirlər.
Mobil telefonlar təkcə insan orqanizminə deyil, təbiətdəki canlılara da təsirsiz ötüşmür. Bəzən kənd təsərrüfatında meyvə ağaclarının əvvəlki kimi bar gətirməməsini, arıların tükənməsinin, bununla da dünyada balın azalmasının əsas səbəblərindən biri kimi mobil telefonlar göstərilir. /musavat.com/
Tarix: 31-05-2017, 12:01