Bahalı süfrələrdə oruc açmağın savabı varmı? – İlahiyyatçı ŞƏRH EDİR
Müqəddəs Ramazan ayını yaşayırıq. Bu ayın əhəmiyyət verilən detallarından biri də iftar menyusudur. Oruc tutanlar arasında evində olan yeməklərlə orucunu açanlar da var, onlara bahalı iftar menyuları təklif edən restoranlara gedənlər də.
Aparılan son sorğunun nəticələrinə əsasən restoranlarda adambaşına iftar süfrəsi 10-25 manata başa gəlir. Hotel restoranlarında isə iftar menyuları 30-60 manat arasında dəyişir.Bəs orucunu bu cür təmtəraqlı şəkildə açan, çox pul xərcləyən insanların orucunun savabı qalırmı? İftar menyusu necə olmalıdır?
İlahiyyatçı Elşad Miri Lent.az-a bildirib ki, iftara nə qədər pul xərcləməsi, ya da harada açması insanın özündən asılıdır.E.Mirinin sözlərinə görə, kim iftara nə qədər pul xərcləyir xərcləsin, heç kim buna qarışa bilməz: “Ancaq burda bir məqam da var ki, həmin adam iftar süfrəsini başqaları ilə bölüşürmü, ya yox. Bu da o adamın istəyindən asılıdır.
Allah da “Quran”da buyurub ki, yeyib-için, ancaq israfçılıq etməyin. Amma çox təəssüf ki, indi israf edənlərin çoxu müsəlman ölkələridir. Müsəlmanlar qidalanmaya o qədər əhəmiyyət verir ki, yeyə biləcəyi yeməklərdən ikiqat artığını yeyirlər.
Artıq qalanları da zibilə atırlar. Bu, doğru sayılmır. İnsan var ki, qarşısına məqsəd qoyur və nə yeyib içəcəyindən asılı olmayaraq, israf etməyəcəyinə söz verir”.
E. Miri deyib ki, dində iftar süfrəsinə xərclənəcək pulla bağlı qadağa yoxdur: “Oruc tutan şəxs istədiyi qədər pul xərcləyə, istədiyi qədər yemək yeyə bilər. Amma Ramazanın mahiyyəti nədir və niyə oruc tutduğunu tam anlamalıdır. Ac qalaraq ibadətin məqsədi nədir, Allah bu ibadətlə bizə nə deyir, bax, bunların mahiyyətini başa düşməlidir. Bunu əsas götürmək lazımdır. Ramazan ayını sırf yemək ayı olaraq qələmə vermək doğru deyil. Əksinə yeməyərək mənəvi zənginliyi artırmaq ayı, Quran ayı olaraq təqdim etmək lazımdır. Ramazanda iftar süfrələrinin şəkillərini paylaşmaqdansa, oxunan Quran ayələrini paylaşmaq daha düzgün olardı”.
“Məhəmməd peyğəmbər 9 il davamlı oruc tutub. 5 ilini 29 gün, 4 ilini isə 30 gün tutub. O vaxt da ərəblərin ən məşhur yeməkləri xurma, su, süd olurdu. Peyğəmbərimiz heç vaxt israfçılıq etməzdi, çünki bu kimi məsələlərə çox əhəmiyyət verən biri idi” – deyə, E.Miri əlavə edib.
Tarix: 1-06-2017, 16:20