Hamımızın rastına çıxıb. Pəncərədən pampers, intim tullantılar, müxtəlif zir-zibil atanlar olur. Hansı restoranın tualetinə girsək, mütləq orda belə bir yazıya illərdi rast gəlirik: “Xahiş edirik salfetkanı zibil qabına tullayın”. Zibil qutularının yanında: “Hörmətli sakinlər, xahiş edirik zibili qutuya atın” - yazılan lövhələr qoyulur. Çox ayıb.
İyirmi birinci əsrin insanına elementar qaydaları öyrətmək lazım gəlir. Biz hər şeydən öncə zibili zibil qutusuna atmağı öyrənməliyik. Sonra daha qlobal mətləblərə baş vura bilərik.
Bu gün - 5 İyun “Ümumdünya ətraf mühitin mühafizəsi” günüdü.
İctimai təmizlik günü də deyə bilərik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəvəti ilə nazirliyin təşkil etdiyi təmizlik aksiyasına – iməciliyə getdik.
Novxanı yolunda fikir vermiş olarsız, kənd Binəqədi kimi tanınan ərazidə, dairədən sonra soldan başdan-başa zibillik vardı.
Bu gün nazirliyin təşəbbüsü ilə bir neçə qurum orada təmizlik işləri apardı. Əslində bu, Ekologiya Nazirliyinin işi deyil. Yerli icra orqanlarının, bələdiyyələrin işidi. Maraqlısı, ekoloqların atmacası oldu: “Biz təmizləyib gül kimi edirik. Bir də baxırıq icra hakimiyyətləri ərazini satıb”.
Nazirliyin əməkdaşları bunu aksiya kimi, insanlara, qurumlara mesaj vermək üçün etdiklərini dedilər: “Belə aksiyalarımız tez-tez olur. Rayon icra hakimiyyəti, ictimai təşkilatlar cəlb edilir. Əhalini cəlb etmək isə çox çətindi. Təmizlik işləri apardığımızı görüb göstəriş verirlər. Buranı da yığın, oranı da təmizləyin. Özləri qoşulmur. Hər kəs bu ölkəni qorumağı başqasından gözləyir”.
“Bir dəfə yolla gedirdik. Qarşıdakı maşının sürücüsü yolun kənarında saxlayıb yekə bir zibil torbası qoyub getdi. Dalınca işarə verdik, maşını saxlamadı. Yüksək sürətlə sürüb uzaqlaşdı. Çata bilmədik. İrəlidəki yol polisi postuna xəbər verdik, maşını geri qaytardılar. Qoyduğu torbanı götürdü. Biz cərimə etməyi də doğru üsul saymırıq. Cərimə çıxış yolu deyil. Əksinə, qıcıq yaradır. Yalnız təbliğat, izah, ictimai qınaqla, sevgi ilə izah etməklə olar.Sizdən qəzetçilər olaraq insanlara yaşadıqları ölkəni təmiz saxlamağı aşılamaqda bizə dəstək verməyi xahiş edirik. Bura hamımızın vətənidi. Göz bəbəyimiz kimi qorumalıyıq”.Yadıma gəlir ki, əvvəllər televiziya efirlərində nazirliyin maraqlı sosial reklamları göstərilərdi. Bir müddət izlədik, sonra gözə dəymədi. Reklamlardan birinin süjeti belə idi: kim harda nə atırsa, zibil öz evinə düşür.
Söhbətimizin xoşuma gələn tərəfi onların problemə iş kimi yanaşmadıqları oldu. İnsanlıq, vətəndaşlıq borcu kimi yanaşırlar. Getdikləri hər yerdə - işdən sonra belə, insanlara yaxınlaşıb zibil atmamağı xahiş edirlər. Təmizlikçi qadınların əziyyətlərindən danışırlar. Anlayan da olur, anlamayan da.
Hara gediriksə, ilk növbədə oranın təmizliyinə fikir veririk. Qonaq olanda, səyahət edəndə xoşumuza gələn ilk detal təmizlikdi. Qapımızdan o yanda baş verənlər bizi maraqlandırmasa, bizdən adam olmaz.
Bəzən icra hakimiyyətləri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında anlaşılmazlıqlar yaranır. Sonuc ürək açan olmur. Müəyyən əraziləri alan sahibkarlar ordakı yaşıllığı məhv edib, hansısa tikinti işi həyata keçirirlər. Nazirliyin əməkdaşları deyir ki, dəfələrlə xahiş etmişik, heç olmasa elə yerdə tikinti aparın ki, yaşıllığa ziyan dəyməsin.
Təbiət hamımız üçündü.Ərazi üzrə təmizlik işlərinə əslində bələdiyyələr baxır. Uzun müddət elə istirahət bölgələri, dənizkənarı yerlər vardı ki, tullantı əlindən tərpənmək olmurdu. Hər yerdə zibil qutuları yerləşdirmək və zibilin atılması, daşınması sistemini qurmaq onların görəvidi.
Biz neqativlər görəndə məsələnin məğzini bilmədən Ekologiya Nazirliyini qınayırıq. Vəziyyət isə başqa cürdü. Hər nazirliyin, komitənin özünün ekologiya idarəsi var ki, ETSN-ə tabe deyil. Hərəsi müstəqil qurumdu. Üstəlik, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi də var.
Yollarda gördüyümüz ekzotik ağacları, bəzən bizim iqlimə uyğun gəlməyib solan, quruyan bitkiləri ekoloqların icazəsi olmadan əkirlər. Nazirlər Kabinetinin 41 saylı qərarı var: “Hər bir Torpaq sahəsi hansısa sahibkara ayrılmazdan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşma olmalıdı”. Bu qərarı önəmsəməyən orqanlar torpağı sahibkara verir. Bütün prosedurlar bitdikdən sonra orda yaşıllıq olduğunu deyirlər. Nə etmək olar? Torpaq artıq satılıb.
Gecdi. Bütün bunlar təbiətin keşiyini çəkən ekoloqları hədsiz narahat edir. Təbiətlə bağlı bütün səlahiyyətlərin onlarda olmaması bəzən üzərinə getdikləri qurumla aralarında gərginlik yaşadır.
Onlar baş verən neqativləri aradan qaldırmaq üçün müxtəlif üsullar, təkliflər düşünürlər. Məsələn, hər sahibkar kəsdiyi bir ağaca görə icra hakimiyyətinin müəyyən etdiyi ərazidə 10 ədəd ağac əksin. Aqrotexniki qulluğu da üzərinə götürsün. Çünki hər kəs ağlına nə vaxt və harda gəldi, yaşıllığı məhv edə bilməz. Yaşıllıq qoruq kimidi. Əlbəttə, qəzalı qovaqlar var. Onların kökü də üzdə olur. Aşa bilir. Buna görə onları kəsmək, kökündən çıxarmaq lazım gəlir. Ancaq bu xüsusi təyinatla müəyyənləşdirmə ilə həyata keçəcək prosedurdu.
Təbiətdən ürək dolusu danışdıqlarını görüb beynimdə dolaşan fikri səsləndirdim: “Hər kəsilən ağaca görə incidiyinizi hiss edirəm”. Cavabları belə oldu: “İncimək nədi? Kəsilən hər ağaca görə canımız yanır. Biz təbiətin nə olduğunu, insanlara necə fayda verdiyini çox dərindən bilirik. Təbiətə vurğun adamlarıq. İyirmi il öncə bizim nümayəndə heyəti Böyük Britaniyaya tədbirə getdi. Oradakı inspektordan “ağac kəsənlərlə bağlı nə kimi tədbirlər görürsüz” soruşanda, ingiltərəli inspektor təəccüb etdi: “Kim ağac kəsər ki?!”.Sənə oksigen verir, havanı təmizləyir. Niyə kəsirsən o ağacı? Təəssüf ki, bunu hər adama izah etmək olmur. Biz cəmiyyət olaraq parklardakı gül kollarından oğurluq etməməyi yeni-yeni öyrənmişik”.
Səmimi deyəcəm, ilk dəfəydi bir qurumun kollektivi bu qədər həmrəy və içdən görünürdü mənə. İşıqlı, zəhmətkeş, sadə və əsası, inanmayacağınız qədər işini sevən, təbiətə bağlı adamlar gördüm.
Qəribə idi...Başa düşürdün ki, bu quruma işini sevənlər və bilənlər cəlb olunub. Mənə görə, bu, birbaşa onların rəhbərləri ilə bağlıdı. Hansı yerə gedirsən get, oradakı havadan bu yerin rəhbərinin kim olduğunu bilirsən.
Vətənin atmosferini, torpağını, təbiətini, hər qarışını sevən adamların əhatəsində olmaq xoş idi.
Bizdən bu işdə dəstək istəmələri də əməkdaşlıq mədəniyyətlərinin olması, medianın, qələmin gücünə sayğı duymaları deməkdi.
Zibil, çirkab, səliqəsizlik neqativ enerji ötürür. Bəzən hansısa proses tərs gedəndə “işin zibili çıxdı” deyirik. Bir şey ki, zibildi, ondan xoş enerji çıxa bilməz. Evdə də belədi - insan ürəyində, beynində də belədi. Beynimizdə səliqə yaratdıqda, həyatımız səliqəyə düşür. Evimizdəki səliqə, təmizlik ruhumuza təsir edir. Ölkəmizin təmizliyi isə hamımıza uğur ötürür.
Vətənimizi təmiz saxlayaq - evimiz kimi, qəlbimiz kimi... Bu, onu qorumaq və sevmək qədər vacibdi. Aysel Əlizadə
Tarix: 5-06-2017, 21:23