"40-60 manat tapmayan valideyn 1500 manatı yığa bilməz" - Ekspert

"40-60 manat tapmayan valideyn 1500 manatı yığa bilməz" - Ekspert Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilə bilər.

Bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik təklif edilib.

Qanunun 38-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.

Bəs tələbələrin və valideynlərin plastik kartlar əldə edərək ödəniş həyata keçirmələri hansı problemləri yaradacaq?


Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov ToplumTv-yə açıqlamasında deyib ki, Prezidentin sərəncamına görə dövlət orqanlarında bütün xidmət ödənişləri nəğdsiz qaydada həyata keçməlidir və məhz bu yenilik də həmin sərəncama görədir.

Ekspert bir sıra vacib məsələləri qeyd edib:

"Bu gün Azərbaycanda 54 ali təhsil müəsisəsində 165 minə yaxın tələbə təhsil alır. Orta ixtisas məktəblərində, kolleclərdə təhsil alanların sayı 30 min nəfərdir. Bu, ümumilikdə 200 minə yaxın şəxsin təhsillə məşğul olduğunu göstərir. Həmin bu 200 minə yaxın şəxsin 70 faizi ödənişli əsaslarla təhsil alır. Bu da heç kiçik rəqəm deyil, 135 mindən çox nəfər deməkdir. Azərbaycanda isə orta aylıq əmək haqqı alan şəxslərin plastik kartlarında olan məbləğ heç də 300 manatdan artıq deyil. Nəzərə alsaq ki, ali təhsil müəsisələrində təhsil haqqı 1500-2000 manatdır, deməli, heç kimin plastik kartında o qədər məbləğ olmur. Bunun üçün həmin o 135 min nəfər şəxs banklarda kart açdırmalıdır. Bu da banklarda uzun növbələrin yaranmasına səbəb olacaq”.

Ekspert deyir ki, bu məsələ valideynlərin əlavə plastik kartlara görə xidmət haqları ödəməsinə gətirib çıxaracaq:

"Ali təhsil müəssisələrinə qəbul qaydalarında, "Abituriyent” jurnallarında tələbələrin ali təhsil müəssisəsinə ödəyəcəyi məbləğ göstərilib. Tələbə yalnız həmin xərci ödəməlidir, başqa xərc ödəməli deyil. Hesaba həmin məbləğ daxil ediləndə plastik karta görə 10-15 manat ödənməlidir. Bir ildən sonra plastik kart yenilənərkən yenidən əlavə vəsait ödənməlidir. Bunlardan başqa məbləğ artdıqca, hər 1000 manata görə valideynlər əlavə xidmət haqqı ödəməlidirlər. Bu da onların kifayət qədər böyük məbləğdə xərclərə düşməsi ilə nəticələnəcək. Onlayn qaydada təhsil haqlarının ödənməsində problemlər yaşana bilər. Təcrübədə ciddi qorunan bankların belə haker hücumlarına məruz qaldıqlarını və müəyyən vəsaitlərin silindiyini görmüşük. Ali təhsil müəssisəsinin mühasibatlığına pul ödəyəndə biz qəbz alırdıq, amma nəğdsiz ödənişlə bağlı hansısa qəbzin alınması mexanizmi yoxdur. Bu da ortada bəzi hallarda pul itkilərinin yaşanacağını göstərə bilər. Bildiyimiz kimi, bu il dövlət imtahan mərkəzi ali məktəblərə qəbul və sınaq imtahanlarının qiymətlərini fantastik həddə artırdı. Və qeydiyyatdan keçmək istəyən abituriyentlər vəsait tapa bilmirdilər ki, qeydiyyatdan keçsinlər. Xidmət haqqı ödəmək üçün 40-60 manat tapmayan valideynin 1500-2000 manatı karta yığa bilməsi real görünmür. Ona görə də hesab edirəm ki, ilkin vaxtlarda, bu, ciddi problemlər yaradacaqdır”.

Təhsil haqlarının ödənilməsi daha əvvəl ya banklarda nəğd pulla, ya da birbaşa ali təhsil ocağının mühasibatlığına ödənilirdi.

Gülzar N. Məmmədli
Tarix: 10-06-2017, 03:37
Xəbəri paylaş





Xəbər lenti