Azərbaycan səhiyyəsi: Ona heç məmurlar da etibar etmir

Azərbaycan səhiyyəsi: Ona heç məmurlar da etibar etmir Sərdar Cəlaloğlu: “Onlar səhiyyəmizin hansı vəziyyətdə olduğunu səndən, məndən yaxşı bilirlər”

Zəlimxan Məmmədli: “Bütün sahələrin inkişafını əngəllədi”

Bir müddət öncə sağlıq durumunda yaranmış problemlə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyəyədə vəfat etdi. N. Əliyevin ürəyində problemlər yaranmışdı.

Natiq Əliyevdən bir müddət əvvəl baş nazirin müavini Abid Şərifovun səhhəti pisləşmişdi. O da N.Əliyev kimi həyatını Azərbaycan xəstəxanalarına etibar etmədi və xüsusi reyslə İsrailə aparıldı. O, Hayfa şəhərində RAMBAM klinikasında təcili müalicəyə qəbul edilib. A.Şərifov İsrailə ürəkdəki elektrik keçiriciliyinin ciddi pozuntuları diaqnozu ilə aparılıb və adı çəkilən klinikanın kardioloji şöbəsinə yerləşdirilib. Natiq Əliyev və Abid Şərifovdan çox əvvəl isə həmin dövlət adamlarının öz həyatlarını etibar etmədiyi xəstəxanaların başçısı, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev də müalicə üçün Almaniya xəstəxanalarını seçmişdi. Həmin hadisə insanlar arasında lətifəyə çevrildi. Lətifə belədir: Jurnalistlər Oqtay Şirəliyevə sual verirlər ki, “Azərbaycanın səhiyyəsi niyə bərbad gündədir?”. Oqtay müəllim də cavab verir ki, “Almaniyada müalicədəyəm, qayıdım, cavab verəcəm”.

“Belə xalqın başına istənilən oyunu açmaq olar”
Azərbaycan səhiyyəsi: Ona heç məmurlar da etibar etmir

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə Azərbaycan səhiyyəsinin bərbad vəziyyətdə olduğunu deyib. ADP sədri hesab edir ki, mövcud problemlər tezliklə həll ediləsi deyil:

“Natiq Əliyev də, Abid Şərifov da, digəriləri də Azərbaycan səhiyyəsinin hansı vəziyyətdə olduğunu səndən, məndən yaxşı bilirlər. Onlar bilirlər ki, Azərbaycanda səhiyyə sıfırdır, ona görə də öz həyatlarını buradakı xəstəxanalara etibar etmirlər. Özləri bilmirlər ki, nə qurublar? Buna görə başqa ölkələrin xəstəxanalarına gedirlər. Bu vəziyyətə gəlib çatmağımızın əsas səbəbi də xalqın mütiliyidir. Belə xalqın başına hansı oyunu desən, açmaq olar. Hələ bundan da pis oyunlar aça bilərlər”.

“Onlar qorxurlar”
Azərbaycan səhiyyəsi: Ona heç məmurlar da etibar etmir


“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə bildirib ki, problemlərin həlli üçün Azərbaycanın milli dövlət olması lazımdır. Cəmiyyət sədrinin sözlərinə görə, təbii ehtiyatlar, insan resursları, elm xalqın tərəqqisinə sərf olunmalıydı:

“Amma bu, dəyər olaraq cəmiyyətdə oturuşmadı. Azərbaycana hər şeyi dağıdan vəhşi kapitalizm gətirildi. Azərbaycanın həm intellektual, həm də tarixi ənənələri var ki, Avropa təmayüllü səhiyyə sistemi qurula bilərdi. Amma bu baş vermədi, ümumiyyətlə, sistem yoxdur. Bunu hamı bilir. Sadəcə, özlərini insanlara sırımaq üçün saxta rəqəmlər ortaya qoyurlar. İlk növbədə insanlarımızı biri-birinə sevdirmək, dəyərlərimizi insanlara sevdirmək lazımdır. Milli dövlət əvvəlcə bunları sevdirir. İnsanlar ayaqlarını basdığı torpaqlara sevgi ilə yanaşmalıdırlar.

Özümüzə güvənərək intellektual imkanlarımızı bu sahələrin inkişafına yönəltməliyik. 25 ildə müstəqillik bizə böyük inkişaf verməliydi. Amma bu sahələrin inkişafı əngəlləndi. Azərbaycanı ideoloji təxribatın içinə atdılar. “Müstəqillik heç nəyə yaramır”, deyə bu fikri bizə təlqin etdilər. Həmin məmurların kapitalları da Avropadadır, avtomobillərini də oradan gətirirlər, yeməklərini oradan yeyirlər, yaxşı geyimlərini də oradan geyinirlər. Amma Avropa dəyərlərinin cəmiyyətmizdə özünə həyat tapmasına imkan vermirlər. Çünki Avropa dəyərləri Azərbaycana daxil olsa, burada əbədi hakimiyyət olmayacaq. Məmurların öz həyatlarını xarici xəstəxanalara etibar etmələri də bununla bağlıdır”.

Mənsur
Cebhe.info
Tarix: 10-06-2017, 19:39
Xəbəri paylaş





Xəbər lenti