“Bu gün oxucular çox pis aldadılır. Mən bu vəziyyətdən iyrənirəm”
Azərbaycan mətbuatının tanınan simaları arasında özünəməxsus yer tutan şəxslərdən biri də jurnalist Tünzalə Rafiqqızıdır. Pia.az saytı həyatının müəyyən hissəsini jurnalistika sahəsində keçirən xanım jurnalistlə mətbuatın dünən və bu gününü müzakirə edib.
Missiya.Az telejurnalist Tünzalə Rafiqqızı ilə olan müsahibəni oxucularına təqdim edir: Dosye: BDU-nun jurnalistika fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə 1995-ci ildən tələbəykən başlayıb. Müxtəlif media sturukturlarında çalışan Tünzalə Rafiqqızı həm də Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçusudur. ATV, ANS və Space kanallarında aparıcı-jurnalist və xəbər xidmətinin müdir müavini vəzifələrində çalışıb. Bir qızı var.
- Tünzalə xanım, telejurnalist olduğunuz, ümumiyyətlə jurnalist olduğunuz üçün peşiman deyilsiniz ki? Misal üçün, övladınızın jurnalist olmasını istərdinizmi? - Mən universitetə yüksək balla qəbul olmuşdum və digər ixtisasları seçmək imkanım da var idi. Ancaq seçə biləcəyim ixtisaslar içərisində jurnalistikaya üstünlük vermişdim. O vaxtkı istəklərim, arzularım məni jurnalistika sahəsinə çəkirdi. Ancaq işlədiyim zamanlarda anladım ki, istək və arzuların reallaşması daha çətindir. Bu sahədə çox çətinliklər görmüşəm. Ona görə də övladım jurnalist olmaq istəsə, qəti şəkildə buna icazə vermərəm. Hörmət etdiyim həmkarlarımdan biri çox gözəl bir söz demişdi ki, jurnalistika birinci insanın özünü, sonra isə ailəsini və yaxınlarını əlindən alır. Jurnalistika insanı özündən çıxarır.
- Yəni ki, qadın üçün jurnalist olmaq çox çətindir. - Bir qadın üçün jurnalist olmağın həm asan, həm də çətin tərəfləri var. İndiki dövrdə ədalətli, yaxşı və operativ jurnalist olmaq çətindir. Ancaq indi qadın “jurnalist”lərin sayı çoxdur və onlar üçün bu sahədə çalışmaq çox asandır. Yəni, artıq jurnalistikada da şou-biznes nümayəndələri kimi sponsora güvənən qadınlar çoxalıb.
- Sovet dövründəki telemakanla indiki teleməkan arasında oxşar və fərqli cəhətlər nədir? - Mənim uşaqlıq illərim Sovet dövrünə düşüb. Uşaqlığını iki dövr arasında itirən insanlardan biri olmuşam. Belə deyim, uşaqlıq və gənclik illərimi qarışıq dövrdə keçirmişəm. Yadıma gəlir ki, ağ-qara ekranlı televizorda Nərgiz Cəlilova, Telli Əliyeva, Rafiq Haşımov və s. kimi insanları görürdüm və bu insanların bir qutunun içərisindən danışıqları mənə sehirli gəlirdi. Buna görə də televiziya sahəsi məni cəlb edirdi. Sovet dövründəki teleməkanda sırf diktorluq varıydı, gəlib informasiyaları oxuyurdular və gedirdilər. Lakin mənim jurnalistika dövrümdə Qulu Məhərrəmli, Sevil Nuriyeva, Mirşahin Ağayev kimi insanlar var idi. Bu insanların jurnalistikası fərqli idi. Onlar araşdırma aparırdı, jurnalistikaya diktorluqdan çox, öz şərhlərini gətirdilər. Yəni ki, sırf qəlibdə deyildilər.
- Belə demək olarmı ki, sizin dövrünüzdəki jurnalistlər Sovet dövründəki jurnalistlərdən daha azad olublar? - Bəli, mənim dövrümdəki jurnalistlərdə azadlıq var idi. Sovet dövründə azadlıq olmayıb. Çünki jurnalistika fakültəsində mənə dərs keçən müəllimlərim də demişdi ki, o vaxtlar bizdə azadlıq yox idi. Heydər Zeynaloğlu, Qaçay Köçərli kimi müəllimlərim o dövr üçün jurnalistlərin azad yaradıcılıqlarını görmədiklərini bildirmişdilər. Lakin sonradan azadlıq və yaradıcılıq yarandı. Təəssüf ki, azadlıq və yaradıcılıq yaranandan sonra sui-istifadə halları da yarandı və bu getdikcə daha da çoxalır.
Bilirsiniz, biz, bizə verilən azadlığın qədrini bilmirik. Bu isə sonradan özümüzə qarşı müəyyən problemlər yaradır. İndiki şəraitdə jurnalistika özü-özünü cidarlayıb. Bu il mənim jurnalistikaya gəlməyimin 20 ili tamam olur və jurnalistika sahəsi üzrə bütün sahələrdə işləmişəm. Mətbuat xidmətindən tutmuş radio, jurnal, qəzet, televiziya kimi sahələrdə fəaliyyətim olub. Əminliklə deyə bilərəm ki, 90-cı illərin jurnalistikası ilə indiki jurnalistika çox fərqlidir. İndi “copy-paste” dövrüdür. Demək olar ki, jurnalist araşdırması yox səviyyəsindədir. Hətta jurnalist araşdırsa belə, o araşdırmanı ortaya qoymaq üçün imkan yoxdur.
90-cı illərdə fakt var idi və bu faktı tapıb ortaya çıxarmaq çətin idi. Jurnalist o faktı tapıb ortaya çıxaranda çətinliklə olsa da, yaya bilirdi. Ancaq indiki dövrdə fakt ortadadır, amma o faktı ortaya çıxaracaq jurnalistin heç ixtiyarı da yoxdur ki, o faktı yaysın. Çünki Azərbaycanda müstəqil jurnalistika yoxdur. Bu gün Azərbaycanda öz ayağı üzərində duran jurnalist tapılmır.
- Jurnalistləri fərd olaraq bir kənara qoysaq, bəs Azərbaycan mətbuatında söz azadlığı hansı səviyyədədir? - Azərbaycan mətbuatında azadlıq yoxdur. İstər radiolarımız, istərsə də televiziyamız sosial mediaya çox güclü şəkildə uduzur. Bu gün hansısa bir informasiyanı sosial şəbəkələrdən daha tez əldə etmək olmur. Bu vəziyyət operativliyi nə dərəcədə artırırsa, keyfiyyəti də o qədər aşağı salır. Yəni, sosial şəbəkələrdə əsasən tam dəqiqləşdirilməmiş məlumatlar yayılır və bu da peşəkar qaydalara ciddi şəkildə zərər vurur. Əvvəllər televiziyada bizim qarşımıza qoyulan bir tələb var idi ki, biz informasiyanı ən azı iki və ya üç mənbədən dəqiqləşdirməli idik, görüntülər və faktlar əldə olunmalı idi. Ancaq bu gün vəziyyət başqa cürdür. Bir nəfər ağzından hansısa informasiyanı çıxarsa, saytlar dəqiqləşdirilmədən yayırlar. Ən acınacaqlısı odur ki, seçilən başlıqlar hədsiz dərəcədə bayağı olur. Bu gün oxucular çox pis aldadılır. Mən bu vəziyyətdən iyrənirəm. Hətta jurnalist olduğum üçün elə xəbərləri görəndə jurnalistikanı seçdiyimə utanıram.
- Mətbuatın bu cür acınacaqlı vəziyyətə düşməsində aiddiyyatı qurumların laqeydliyi rol oynayırmı? - Azərbaycan mətbuatında elə tutarlı bir media qurumu tanımıram ki, onlar həqiqətən medianın inkişafı üçün çalışsınlar. Mətbuat Şurasının işi ancaq reket jurnalistlərin adlarının siyahısını tutmaqdan ibarətdir. Hətta onlara qarşı ciddi tədbirlər də görülmür. Şuranın bu illər ərzində Azərbaycan jurnalistikasının inkişafı üçün hansısa ciddi addımlar atdığını görməmişəm. Mən jurnalist kimi Mətbuat Şurasının fəaliyyətindən yararlana bilmirəmsə, ildə iki dəfə hansısa bir müsabiqə keçirmək və kiməsə 300-500 manatlıq mükafat tərtib eləməyini Mətbuat Şurasının işi saymıram. Aiddiyyatı qurumların fəaliyyəti ancaq məhdudlaşdırıcı qərarlar qəbul etməkdən ibarətdir.
Baxın, indi jurnalistlərə ev verilir. Öncəliklə, hansı jurnalistlər ev alıb və alacaqlarsa, təbrik edirəm. Ümid edirəm ki, heç olmasa bu dəfə layiqli jurnalistlərə ev verilsin. Bu yaxınlarda iş yoldaşlarımdan biri dedi ki, ədalətli bölgü olur. Biz də təəccüblə ona baxdıq. Dedi ki, düz deyirəm də, evi olan ev aldı. Yəni, evi olana ev verirlər. Fikirləşəndə görürsən ki, adam haqlıdır. Ancaq elə jurnalistlər var ki, illərlə bu sahəyə can qoyublar, amma ev alan jurnalistlərin siyahısında adları yoxdur. Məsələn, səngərdə illərlə canını qoyan hərbi jurnalist Rahib Qəribin bu gün evsiz qalmasını qəbul edə bilmirəm.
Onu da xüsusilə vurğulamaq istəyirəm ki, jurnalistlərə ev verilməsi ilə bağlı mətbuatımızda biabırçı vəziyyət yaranıb. Xüsusən də, son bir həftə ərzində ağlaşma yaranıb.Yazıçılardan tutmuş jurnalistlərə qədər hamı ev haqqında danışır. Məqsədli şəkildə yazılan yazılara nə ehtiyac var? İnsanları bu şəkildə bir-birindən iyrəndirməyə ehtiyac yoxdur.
-Ümumiyyətlə, jurnalistə ev verilməsi nə dərəcədə doğrudur? Yəni, hazırda jurnalistlər evə görə bir-birilərinin ətini yeyirlər və bütün redaksiyalarda narazılıq pik həddədir...
- Əslində jurnalistlərə ev verilməsini normal qəbul eləmirəm. Cənab Prezidentə təşəkkür edirik ki, jurnalistlərimizi qiymətləndirir. Kaş bizim mediamız elə bir səviyyədə olaydı və jurnalistlərimiz elə bir maaş alardılar ki, onlar evi məhz öz maaşları hesabına ala bilərdilər. Bu şəkildə tək ev almaqla kifayətlənməzdilər, həmçinin sosial rifahları da yaxşı olardı.
- Müsahibələrinizin birində demişdiniz ki, ANS-dən çıxmağınıza səbəb qızınızın “iş həmişə var, amma mən bir də bu boyda olmayacam” sözü olub. ANS vaxtınızı çoxmu alırdı, məsələn, övladınıza vaxt ayıra bilməyəcək qədər? - Bəli, ANS-də vaxtım çox gedirdi. Ümumiyyətlə, jurnalistika insanın həyatını əlindən alır. Onu da qeyd edim ki, ANS-dən qazandıqlarım da çox oldu. Ona görə də ANS məktəbinə yanlız və yanlız təşəkkür edə bilərəm.
- Bəs, ANS-in bağlanacağını gözləyirdiniz? Yəni, ANS sırf Fətullah Güləndən alınan müsahibəyə görə bağlandı, yoxsa ANS-in başqa “günahları” da vardı? - Düzünü desəm, ANS-in bağlanacağını gözləyirdim. Çünki ANS xəbər formatını dəyişmişdi və saatlarla xəbərlər verirdik. Ancaq Azərbaycan cəmiyyəti Amerika, Avropa deyil. Ona görə də Azərbaycan cəmiyyətinin CNN və BBC kimi kanallarda olduğu kimi gedən xəbərləri izləmək və həzm eləməyi çox çətindir. Mən Mirşahin Ağayev və Vahid Mustafayevə təşəkkür edirəm ki, biz o səviyyəni gördük. Halbuki, bu gün kanallarımızda o səviyyə görünmür. Azərbaycan cəmiyyəti CNN kanalını görmək istəmir. Bizim cəmiyyət buna hazır deyil və ancaq şoular, bayağı verilişlər istəyir. Cəmiyyət bu gün “Maşın şou”nu, şou-biznes nümayəndələrinin davasını görmək istəyir. Cəmiyyətimiz xəbər həzm eləmək iqtidarında deyil. Artıq cəmiyyətə bu xəbəri vermək istəyənlər də yoxdur.
Mən ANS-dən sonra “Space” kanalında çalışmağa başladım. Sizə bu kanaldakı xəbər sistemini deyəcəm. Əsas xəbərlər zəhərlənmə hadisələri, zəlzələ və sürüşmə hadisəsindən ibarətdir. Bir xəbər kanalının aylar ərzində istifadə elədiyi tək mövzular bunlar idi, amma əslində belə olmamalıdır. Bizdə əsas problem odur ki, hansısa xəbərləri vermək icazəmiz yoxdur. Biz nə vaxta kimi Ərşad Hüseynovun ekspert rəylərinə hesablanan informasiyaları verə bilərik?!
Biz irəli gedə bilmirik. Hətta nazirliklər belə informasiyanı yayanda o dərəcədə bloklaşdırırlar ki, informasiya informasiyalıqdan çıxır. Mövcud xəbər mühiti tamaşaçıları sıxır. Ona görə televizorda xəbərləri izləyən tamaşaçıların sayı da azdır. Mən ANS-in strukturunda bəyənmədiyim cəhətlərə indi şükür edirəm. Bu gün hələ də televiziyada “word” sistemi ilə yazı yazılır, birbaşa canlı efirə çıxmağın nə olduğunu bilməyənlər var.
- ANS kanalı sosial problemləri daha çox qabardan kanal idi. Hətta “İç Xəbər” verilişinin başlamasını səbirsizliklə gözləyənlər, şikayətlərinə baxmayan aiddiyyatı qurumlara əməllərinə görə ANS-ə müraciət edəcəklərini deyən vətəndaşlar olurdu. Hesab edirsinizmi ki, bu cür məsələlər baxımından ANS-in bağlanması həm də digər kanallarımız üçün bir mesaj idi? - ANS-ə qarşı sosial problemlərin çox qabardılmaması ilə bağlı təzyiqlər hər zaman olurdu. ANS-in bağlanması digər kanallar üçün bir dərs oldu. Düzünü desəm, o kanallar onsuz da sosial problemləri qabartmırdı. Sadəcə olaraq, o kanallar ən azından ANS-in yanında yürümək məcburiyyətində idilər.
Baxın, ölkəmizdə aprel döyüşləri baş verdi. Aprel döyüşlərində ANS-in fəaliyyəti göz qabağında idi. Kimlərsə deyirdi ki, ANS bu fəaliyyətlə özünə reytinq yığmağa çalışırdı. Razıyam, bu mövzuda reytinq yığmaq məsələsi də var idi, amma ən azından aprel döyüşləri barədə xəbərlər göstərdilər. Və onu da deyim ki, bir telekanalın reytinq qazanmaq istəməsi çox təbiidir. Aprel döyüşündən sonra bizim əsgərlərimizin böyük şücaətləri olub. Hansı telekanalımız bu barədə xəbər verib?! Heç biri. Sizə əminliklə deyirəm, aprel döyüşləri zamanı göstəriş verilməsəydi, heç bir telekanal gedib çəkiliş aparmayacaqdı. Ancaq ANS getdi və daha sonra məcburən digər kanallarımız da bu yolu seçdi.
Onu da qeyd edim ki, ANS-də ən çox sevilən və ən çox təzyiqlərə məruz qalan jurnalistlərdən biri olmuşam. Ancaq ANS-in haqqını yeyə bilmərəm.
- Televiziyalarda çalışdığınız zaman yaradıcılıq ruhunuz həmişə azad olub, yoxsa televiziya yaradıcılığınız ruhunuzu həmişə həbsdə saxlayıb? - Televiziyalarda çalışdığım zamanlarda yaradıcılıq ruhum tam azad olmayıb. Ümumiyyətlə, mediada azadlıq 90-cı illərdə idi. 2000-ci ildən başlayaraq mediada azadlıq qalmayıb. Bu azadlıq zaman keçdikcə daha da itir. Bizə verilən imkanlar daxilində doğru xəbəri çatdırmağa çalışmışıq.
- Sizcə, niyə Azərbaycan efirində bayağı şou-biznes hakimi mütləqdir? Müxalifət hesab edir ki, bu siyasi sifarişdir. Bu doğurdanmı belədir, yoxsa telejurnalistlərimiz arasında daha ciddi mövzuları peşəkar səviyyədə bilənlərimiz demək olar ki, heç yoxdur və buna görə də telejurnalistlərimiz çörəklərini şou-biznesdən çıxarırlar? - Mən jurnalistikanın siyasətə qarışmasına həmişə qarşı olmuşam. Bu illər ərzində heç bir siyasi partiyanın üzvü olmamışam, heç bir siyasi partiyanın tərəfini tutmamışam. Bilirsiniz, kütlə bir yerə yönləndirilir və o yönləndirmənin arxasında bizim şüuraltı informasiyalarımız durur. Bizə təlqin olunan şou proqramlarının içində də müəyyən informasiyalar var.
Bu yaxınlarda telejurnalist İradə İsaqın “Tor” verilişinin bağlandığını eşitdim. Deyim ki, İradə İsaqın jurnalistika fəaliyyətini çox bəyənirəm. Münbit şərait yaradılsa, İradə xanımın böyük işləri olar. Mən İradə xanımın verilişinin bağlanmasının səbəbini prodüsserdən öyrəndim və məlum oldu ki, verilişin bağlanmasına səbəb sponsorların pul ayırmamasıdır.
- Ancaq İradə xanım açıqlama vermişdi ki, onsuz da veriliş qısa müddətli nəzərdə tutulmuşdu.
- Əgər sponsor olsaydı, o veriliş uzunmüddətli də ola bilərdi və veriliş yarımçıq saxlanmazdı. Çünki verilişin özünə görə tamaşaçıları da var idi. Fakt budur ki, bu gün cəmiyyət bayağı verilişləri daha üstün tutur. Bu gün insanlar “Maşın şou”ya baxmağı, ciddi verilişlərə baxmaqdan üstün bilirlər. Murad Dadaşova böyük hörmətim var. Sadəcə olaraq kütlənin düşünülmüş şəkildə o verilişə istiqamətləndirildiyini düşünürəm. Kütlə ciddi mövzulara maraq göstərmir, çünki insanlar heç nəyə ciddi yanaşmırlar. İnsanlar ailə qurmaqdan tutmuş həyat tərzlərinə qədər hər şeyə qeyri-ciddi yanaşırlar.
Bizdə orta təbəqə var idi. Zaman keçdikcə bu orta təbəqə silinir və sosial çökməni sürətləndirir. Məhz jurnalistikanın qaymaqları sayıla biləcək Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu kimi insanların televiziyadan uzaq tutulması və yanlız sosial mediada özlərinə yer tapması mənə ağrılı gəlir. Nəyə görə məhz sponsor gətirə bildiyinə görə hansısa şoumen istədiyi kanalda saatlarla veriliş vaxtı ala bilir, amma adlarını sadaladığım insanlar bu imkandan yararlana bilmir? Mən dəfələrlə sosial-iqtisadi bir veriliş hazırlamaq istədim. Hətta buna görə kanallara müraciət də etdim və mənə bildirdilər ki, bu veriliş tutmayacaq. Bu gün bizim müğənnilərimiz sosioloq, politoloq, siyasətçi, bir sözlə, “hərşeyşünas” kimi istənilən proqramda iştirak edirlər. Verilişlərə bir nəfər də olsa müğənni salırlar ki, tamaşaçı verilişə baxsın. Biz bu cür acınacaqlı vəziyyətə gəlib çıxmışıq.
Elə özümdən deyəcəm, anam bütün günü ya evlilik proqramlarını, ya Xoşqədəm Hidayətqızının kimisə tapıb gətirməsini, ya da serialları izləyir. Kiminsə şəxsi məişət problemi günlərlə ailələrdə müzakirə olunur. Halbuki bütün insanların özlərinə məxsus maaş, təqaüd problemi var. Bəlkə də bu problemləri unutdurmaq üçün bayağı verilişlər məqsədli şəkildə yayımlanır.
- Sizcə, hansısa vətəndaşın ailədaxili probleminin ictimailəşdirilməsi cəmiyyətə necə təsir edir? Bu tipli problemlərin artmasında bilavasitə səbəb olmurmu? - Cəmiyyətdə boşanmalar da, xəyanət də, intihar hadisələri də həmişə olub və olacaq. Ancaq bu problemlərin çox qabarıq və bayağı şəkildə cəmiyyətə hər gün serial kimi çatdırılması psixikamıza çox pis təsir edir. Açığı, əvvəllər bu mövzuda bir kiçik tənqidi material hazırlayanda problem həll olunurdu. İndi problem həll olunmur, əksinə iyrənc şəkildə ictimailəşdirilir və yayılır. Sonu isə ayırlıqlar, davalar və cinayət əməlləri ilə nəticələnir. Əslində aiddiyyatı qurumlar problemlərin artan səviyyəyə çatmaması üçün müəyyən tədbirlər görməlidir, amma təəssüf ki, biz bunu görmürük.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlı bir komitə var, mən ona “Arvad-uşaq” komitəsi deyirəm. İndiyə qədər o komitənin hansısa problemi həll etdiyini görməmişəm. Heç olmasa statistika xətrinə nə isə iş görülməlidir.
Bu yaxınlarda bir informasiya oxudum ki, son illər ərzində QHT-lərin qeydiyyatdan keçirdiyi qrantların əksəriyyəti məhz qadın zorakılığı ilə bağlı imiş...
Baxın, bu hal məni narahat edir. Əgər bu gün mən hətta ailə daxilində belə təzyiqə məruz qalıramsa və öz haqqımı açıb deyə bilməyəcək gücdəyəmsə, hansısa ucqar dağ kəndində bir qadının zorakılığı haqda danışmağa nə haqqım ola bilər?! İnanın, qadın zorakılığı ilə bağlı danışan insanların özləri daha çox zorakılığa məruz qalırlar. Bu gün bir qadın olaraq mən rahat şəkildə dostumla, rəfiqəmlə gecə saat 1-ə qədər şəhərdə ola bilmirəmsə, mən kimin hüququnun qorunmasından danışa bilərəm?! Yəni, boş yerə, “qadınların hüququnu müdafiə edirik”, deməyə ehtiyac yoxdur.
-Dünyanının tele və şou aparıcıları, həmçinin bizə qonşu olan Türkiyə, Rusiya və Gürcüstandakı tele və şou aparıcıları ciddi mütaliə ilə məşğul olurlar və bu şəxslərin hamısı ciddi informasiya bankına sahib olurlar. Bəs Azərbaycan teleməkanında vəziyyət necədir?- Mən sizdən xahiş edirəm, jurnalsitlər arasında axırıncı dəfə hansı kitabı oxuduqları ilə bağlı sorğu keçirin və görün, nəticə necə olacaq. Mən ciddi mütaliə ilə məşğul olan jurnalistlərin sayını barmaqla göstərə bilərəm. Ləman Ələşrəfqızı, Qənirə Ataşova, Zəminə Əliyeva və bir neçə adamlar bu siyahıdadır. Ölkədə təxmini 10-15 jurnalist daimi mütaliə ilə məşğul olurlar. Hətta bəzi jurnalistlər özlərini göstərmək üçün “google”dan müəyyən əsərdən olan sitatı götürüb, mənbəyini araşdırmadan yazı yazmağa başlayırlar. Halbuki, həmin əsərdə bu cür sitatın olub-olmadığını dəqiq bilmirlər. Azərbaycanda çox az jurnalistlər var ki, kitab alırlar. Adını çəkmədiyim bəzi gözəl xanımlar hansısa restoranda görünməyi hansısa bir kitabxanada görünməkdən daha üstün bilirlər. Elə aparıcılarımızın əksəriyyəti də bu cürdür.
Son illərdə yeni “şou”proqram yaranıb. Kiminsə imza günü olanda sırf görüntü üçün imza gününə gedirlər. O imza günündə əldə etdikləri kitabları da oxumurlar. Yəni,şou xətrinə “imza günü”nə getməyə dəyməz. Bu yaxınlarda bir nəfər məni “imza günü”nə dəvət eləmişdi. Müəyyən səbəbdən dolayı gedə bilmədim, amma sonradan o kitabı açıb içinə baxanda sadəcə dəhşətə gəldim. Kiminsə sponsorluğu ilə o cür kitab çıxarmaqdansa, oxumamaq daha yaxşıdır.
- Azərbaycanın hər köşəsində söz-söhbət gəzir ki, müğənnilər efirə telekanal rəhbərlərinə və redaktorlara pul verib çıxırlar. Və iddia olunur ki, bu hal artıq ənənəvi xarakter alıb. Siz teleməkan mətbəxində uzun müddət çalışan biri kimi deyə bilərsiniz, bu iddialar nə qədər doğrudur? - Bəli, sponsorla gələn aparıcılar kanal rəhbəri və ya redaktoruna pul verib, efirə çıxırlar. Mən şəxsən belə bir adam da tanıyıram. Hətta bir çox telekanallarımızda rəhbəri aparıcının təhsil səviyyəsi də maraqlandırmır. Sadəcə olaraq, aparıcının sponsoru olduğuna görə efir vaxtı alır. Bu iddianı hər kəsə şamil etmək olmaz, amma iddianın həqiqət payı da danılmazdır. Baxın, mənə son illərin xəbər üzünü göstərin desəm, belə bir adam var? Yoxdur. Ancaq Aytən Səfərova, Sevil Nuriyeva illər uzunu yaddaşlarda qalacaq.
- Bəs, yaxın zamanlarda yaddaqalan xəbər sifətinin olacağına inanırsınız? - Əslində inanmıram. Çünki xəbər sifətinin formalaşması üçün bir baza olmalıdır. Bizdə o baza yoxdur. Yenə, ANS məsələsini açmalı olacam. Çünki ANS həqiqətən məktəb idi. Gənclər nəzəriyyə üçün ANS-ə gəlirdilər və sonra orada praktika keçirdilər. Onu da deyim ki, praktikalar çox çətin olurdu. Sanki ANS dərya idi və bir uşağı ora atırdılar. Ya üz çıx, ya da boğul, öl. Düşündüyünüz jurnalistlərin əksəriyyəti o məktəbdən çıxan şəxslərdir. Bu gün isə o məktəb yoxdur. Hansı bir kanalımızın məktəbi var? Heç birində yoxdur. Qeyd edim ki, mən özəl kanalları nəzərdə tuturam. Çünki dövlət kanalı olan AzTv də bir məktəbdir. Mən özüm də AzTv məktəbini keçmişəm. Son zamanlar ARB kanalını tərifləyirlər. Ancaq baxsanız görərsiniz ki, orada çalışanların əksəriyyəti ANS-dən gedənlərdir.
- Sırf reklam xarakterli səhiyyə verlişlərinin və şou-biznesin Azərbaycan efirində at oynatmasını necə dəyərlədirirsiniz? - Televiziya bir şəkildə dolanmalıdır. Televiziyada səhiyyə və şou-biznes verilişlərinin olması normaldır. Ancaq səhiyyə verilişlərinin kimlərin dəvət olunması əsas məsələdir. Doğrudanmı, o verilişlərə dəvət olunanlar maarifləndirici məlumat verən insanlardır? Bu suala konkret cavab vermək olmur. Əslində kanallarımızda səhiyyə verilişlərinin çox olması normaldır, çünki tamaşaçının seçim haqqı olur. Tamaşaçı daha çox maarifləndiyi kanalın səhiyyə verilişinə baxacaq. Bu vəziyyət isə istər-istəməz kanalların rəqabətini artıracaq. Sadəcə olaraq, bu gün səhiyyə verilişi aparan aparıcının tibb baxımından hansı səviyyədə olduğu mühüm amildir. “Bakı-Tbilisi-Ceyhan” boru xəttinə “Bakı-Tbilisi-Ceyran” deyən aparıcının və ya jurnalistin iqtisadiyyatdan yazmağı necə gülüncdürsə, səhiyyənin ən azından müəyyən hissəsini bilməyən aparıcının veriliş aparması da o səviyyədədir. Əgər jurnalist yalandan da olsa, müsahibinin qarşısında bilikli görünmürsə, müsahibi heç vaxt ona doğru informasiya verməyəcək.
- Yəni, jurnalistin müsahibin hər fikri ilə razılaşması məqsədəuyğun sayılmır. - Əslində müsahibin seçdiyi sözlər jurnalisti öz fikirlərinə yönəltmə taktikasından ibarətdir. Əgər jurnalist müsahibin hər fikri ilə razılaşırsa və buna sevinirsə, o jurnalist deyil. Acınacaqlısı odur ki, bu gün mətbuat və televiziyaya model olaraq gələnlərin sayı, jurnalistika fakültəsindən gələnlərin sayından daha çoxdur. Mənimlə birgə jurnalistika fakültəsini bitirənlərdən iki və ya üç nəfər jurnalist kimi fəaliyyət göstərir. Hamı jurnalistikayla məşğuldur, amma jurnalistika fakültəsindən bu qədər məzun olmayıb.
- Demək olar ki, az-çox intellekt sahibi olan insanlarımızın hamısı ümumi bir fikirdə razılaşırlar ki, Azərbaycan telekanallarının aparıcıları bayağı və meşşan davranırlar? Sizcə, bu nədən baş verir? Efir mədəniyyətinin olmamasındanmı, yoxsa teleaparıcılarımızın böyük əksəriyyətinin diletant və intellektual səviyyələrinin aşağı olmasındanmı? - Azərbaycanda aparıcılar mövzu seçməkdə tam sərbəst deyillər. Aparıcılarımız məhz çörək puluna görə hər cür verilişi aparmağa razı olurlar. Bu gün mənə hansısa şou-proqram versələr, mən onu aparmağa məcburam. Hansı ki, o verilişi aparanda mənim ürəyim partlayacaq.Ancaq buna məcburam, çünki uşağıma yemək verməliyəm. Mən Türkiyə, İran, Rusiya, Gürcüstana gedirəm və onlar mənim xəbər aparıcısı olduğumu biləndə fikirləşirlər ki, mənim milyonlarım var. Çünki Türkiyədə xəbər aparıcısının milyonları olur. Ancaq bizdə xəbər aparıcısı 300-500 manat üçün işləyir və öz əmək haqqısını almaq üçün aylarla yalvarır. Kanallarımız var ki, aylarla maaş vermirlər. Xəbər aparıcı var rəhbərlikdən ona heç olmasa 50 manat verməyini xahiş edir. Halbuki, öz əmək haqqısını vaxtında əlinə almalıdır. Bu cür aparıcılar imkan olan kimi rüşvət almağa da meylli olurlar. Biz mərdi qova-qova namərd etməməliyik.
- Heç kim Həmid Herisçinin və adını çəkmədiyimiz bir sıra başqa aparıcıların intellektual səviyyəsinə şübhə etmir. Amma bu da bir faktdır ki, hətta onların belə verilişləri bir çox hallarda diletant və bayağı alınırdı. Bunun səbəbi nədir?
- Mən Həmid Herisçinin intellektual səviyyəsinə şübhə etmirəm. Onun verilişində bayağılıq olduğunu kim deyibsə, bu onun öz fikridir. Bir mövzuya qarşı fikirlər hər zaman fərqli olur. Bu xalq Həmid Herisçiyə ona görə təşəkkür etməlidir ki, o “Dahilərin divanı” kimi bir verilişi ərsəyə gətirmişdi. Bu illər ərzində elə bir intellektual veriliş ortalığa qoyulubmu? Gərək, kimisə tənqid edəndə o tənqidə uyğun ola biləcək hansısa faktı ortaya qoya biləsənvə doğrunun necə olduğunu göstərəsən. Öncə Həmid Herisçi qədər işləri olsun, sonra Həmid Herisçini pisləyərlər. Bir insanı təhqir və tənqid eləməkdən asan iş yoxdur. Bu gün media hətta təhqir eləməklə məşğuldur.
-Sizin özünüzə tam sərbəst olaraq bir müəllif verlişi yaratmaq təklif olunsaydı, ortaya nə qoyardınız?
- Mən iqtisadi veriliş ortaya qoya bilərəm və arxasında da duraram. Ancaq hansı kanal mənə dəstək olacaq? Çünki arxamda dura biləcək adamlar yoxdur. Eyni zamanda sosial problemləri işıqlandıran bir veriliş də ortaya qoya bilərəm. Məsələn, Azərbaycanda tibbi sığorta ilə bağlı maarifləndirici verilişlərə kifayət qədər ehtiyac var. Azərbaycanda özünü brend aparıcı hesab edən şəxslər var ki, tibbi sığortanın nədən ibarət olduğunu bilmirlər. Ölkədə maarifləndirici verilişlərə kifayət qədər ehtiyac var.
- Azərbaycan jurnalistikasında intellektual səviyyəsi yüksək olan insanların böyük əksəriyyətinin yazılı jurnalistikada toplanmasına baxmayaraq, adətən telejurnalistlər yazılı mətbuatdakı həmkarlarına yuxarıdan aşağı baxırlar. Bu nədən yaranır? Telejurnalistlərimizin hər gün efirdə olub böyük kütlə tərəfindən tanınması səbəb ola bilərmi?
- Mən özüm bu sahəyə qəzet jurnalistikasından gəlmişəm və həmişə deyirəm ki, yaxşı jurnalist jurnalistikaya çap mediasından gəlməlidir. Televiziyada yazı yoxdur, səs, görüntü var. Televiziyadakıları yazıya köçürəndə ortada heç nəyin olmadığını görürsən. Ona görə də telejurnalistlər içərisində yazı qabiliyyəti olanların sayı çox azdır. Telejurnalistlərin yazılı mətbuatdakı həmkarlarına yuxarıdan aşağı baxması çox mənasızdır. Onlar yuxarıdan aşağı baxıb nə edirlər axı?! Bilirsiniz, yuxarıya gedib çatmaq asandır, amma orada qala bilmək çox çətindir. Yuxarıdan aşağı düşəndə yenidən iməkləyib yuxarı qalxmq da var. Heç kim yuxarıda çox qalmır. Sayt müxbiri olaraq yadda qalmaq telejurnalist olaraq qalmaqdan daha çox mümkündür. Məşhurluğu tez əldə etmək olar,amma tez də itirmək olur. Televiziyadan biabırçı vəziyyətdə gedən yüzlərlə insanlar var. Ümumiyyətlə, mən “yuxarıdan aşağı baxmaq” ifadəsini qəbul edə bilmirəm. Elə adamlar var ki, gənc jurnalistlərə yaxın gəlmirlər, onlara yuxarıdan aşağı baxırlar. Bu, niyə olmalıdır? Axı, biz özümüz də zamanında o yollardan keçmişik.
- Belə bir iddia da var ki, dilimiz hələ səhnə və efir mədəniyyəti üçün yetişməyib. Siz nə düşünürsünüz?
- Mən bu iddia ilə razı deyiləm. Azərbaycan dili kifayət qədər zəngindir. Mən düşünmürəm ki, bizdə efir mədəniyyətinin inkişafına dilimiz mane olur.
- Bəzi jurnalistlər mətbuatda sırf məmurlar üçün fəaliyyət göstərirlər. İstər yazılı mətbuatda, istərsə də, telejurnalistikada məmurların sifarişlərini yerinə yetirən çoxdur. Sizcə, bu normal haldır?
- Bilirsiniz, pul verən sifarişini çaldırır. Əslində mətbuatda məmurlar üçün çalışan jurnalistlər olmamalıdır. Ancaq təəssüf ki, reallıq tamam başqa cürdür. İndiki vaxtda süpürgəçini bir az irəli çəksən, əlindəki süpürgəyə hökmranlıq edir. İnsanlar ancaq bir-birilərinin üzərində hökmranlıq eləməyi düşünürlər.
- Milli Məclisə Təhsil haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi daxil olub. Layihəyə görə, universitetlərdə hazırlıq kursları yaranacaq və bu kursları bitirənlər universitetlərə imtahansız daxil olacaqlar. Bu barədə nə deyə bilərsiniz? Sizcə bu absurd deyilmi və rüşvətin yenidən qəbul sisteminə qayıdışı üçün qapılar açılmırmı?
- Rüşvət harada yoxdur ki? (gülür-red). Bizim universitetlərdə təhsil sistemi düzgün formalaşmayıb. Əgər həyatının 4-5 ilini həsr edib universitet oxuyandan sonra bir tapşırıqla, kiməsə pul verməklə işə düzələcəksənsə, o diplom nəyə lazımdır?! Bizdə diplomlar ancaq cehizlik xətrinə mövcuddur. Ad olsun ki, filankəs ali təhsillidir. Əgər bu gün məmur, nazir belə öz səhiyyəsində öz həkiminə etibar edə bilmirsə, qonşu ölkənin həkiminə etibar edir və orada can verirsə, bizim Tibb Universitetində yetişən tələbələrin sonunun necə olacağı bəlli deyil.
- Hətta Tibb Universitetində belə tələbələrin əksəriyyəti imtahanlardan öz bilikləri hesabına yox, pul və ya tapşırıq yolu ilə keçirlər...
- Etiraf edim ki, bu cür tapşırmalardan çox eləmişəm. Elə bilirsiniz, mən rüşvətə şərait yaratmamışam? Rüşvət verməsəm də, xahişlərim çox olub. Mən özüm iki universitet oxumuşam, amma heç birində bir manat da pul verməmişəm. Ancaq digər universitetlər üçün tapşırmalarım olub.
- O zaman belə deyək, bir fərd olaraq heç birimizin ölkədəki rüşvətxorluğa qarşı çıxmağa ixtiyarımız yoxdur. Çünki özümüz də bu vəziyyətin yaranmasında vasitəçi oluruq.
- İsa Məsihin çox gözəl bir sözü var ki, içinizdə kim günahsızdısa, ilk daşı o atsın. Heç birimiz günahsız deyilik. Cəmiyyətin bu günə düşməyində hamımız günahkarıq. Bu baxımdan mən özümü də günahkar hiss edirəm.
- Karyeranız boyunca jurnalistikayla yanaşı, digər sahələr üzrə də fəaliyyətiniz olub. Bir müddət TQDK-nın “Abituriyent” jurnalında analitik təhlil üzrə mütəxəssis çalışmısınız. Azərbaycanın mövcud təhsil siyasəti qənaətbəxş hesab oluna bilər?
- Azərbaycanın indiki təhsil siyasəti Misir Mərdanovun atasına rəhmət oxudur. Mən şəxsən qızımın gələcəyi barədə çox narahatam. Hətta onun bu ölkədən kənarda təhsil almasının tərəfdarıyam.
Tarix: 13-06-2017, 17:20