“Tibbi arayışlara görə yığılan rüşvətin illik məbləği 3-5 milyon manata çatır” - EKSPERT
“ABŞ-ın Şimalı Karolina ştatında ilk dəfə 2009-cu ildə sürücülük vəsiqəsi almaq üçün müraciət edəndə imtahana başlamamışdan əvvəl məni təəccübləndirən cəhətlərdən biri də sağlamlıq durumunun yoxlanılması oldu. O zaman elə imtahan götürülən otaqda sənədlərin qəbulundan sonra sadə tibbi yoxlamadan keçdim. Mikroskopa oxşar aparatdan baxanda gördüyüm rəqəmlər, hərflər və yol hərəkəti nişanlarını soruşulmaqla həm gözümün görmə və həm də qulağımın eşitmə qabliyyəti yerindəcə müəyyənləşdirildi. Bununla da sürücü üçün lazım olan sağlamlıq durumu dəyərləndirildi və biz sözlə, bizdəki tibbi arayışı aldım”.Hurriyyet.org xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirib.
“Poliklinikalar bu arayışı yaşından və səhhətindən asılı olmayaraq, istənilən şəxsə 35-50 manata satır”İbadoğlu qeyd edib ki, Azərbaycanda isə sürücülük imtahanına getməmişdən əvvəl ayrıca “Sürücülüyə yararlı olmaq barədə tibbi arayış” tələb olunur: “Bu arayışın forması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilib. Bu arayışın verilməsi üçün qandan, sidikdən analiz vermək, kardioloji, endrokonoloji, qinekoloji (xanımlar üçün) müayinədən kecmək, göz, burun, boğaz, qulaqlar və sair orqanları yoxlamaq nəzərdə tutulub. Göründüyü kimi, ABŞ-da yalnız gözün görmə və qulağın eşitmə qabliyyətinin imtahan götürülən yerdə yoxlanılması həyata keçirildiyi halda, Azərbaycanda sağlamlıq durumunun hərtərəfli dəyərləndirilməsi üçün xüsusi poliklinikalardan tibbi arayış gətirmək tələb olunur. Əslində, bu o zaman faydalı olardı ki, doğrudan da belə tibbi yoxlamalar ödənişsiz və həqiqətən həyata keçirilsin Amma belə yoxlamalar formal xarakter daşıyır. Poliklinikalar bu arayışı yaşından və səhhətindən asılı olmayaraq, istənilən şəxsə 35-50 manata satır”. Qiymət sövdələşmədən asılıdır”.
“Kim mane olur?”“Demək olar ki, hər gün anti-korrupsiya bəyanatları ilə çıxış edən hakimiyyətin belə klassık rüşvət formasını saxlamaqda marağı nədir? Məgər çox çətindirmi korrupsiya mənbəyi olan bu cür mənasız yoxlamaları ləğv edib, sürücülük hüququ əldə etmək istəyənlərin yalnız eşitmə və görmə qabliyyətlərini yoxlamaq və onu da imtahan götürülən yerdə mərkəzləşdirilmiş qaydada həyata keçirmək? Niyə etmirlər? Kim mane olur? Orda yığılan pulların hara getdiyini bilsəydik, bu sualları cavablandırmaq asan olardı”, - deyib ekspert.
“Yalnız tibbi arayışlar üçün yığılan rüşvətin illik məbləği 3-5 milyon manat arasında dəyişir”İbadoğlu eyni problemlərlə abituriyentlər, tələbələr, hətta universitetlərdə və digər təşkilatlarda işləyənlərin də qarşılaşdığını nəzərə çatdırıb: “Onlar da bu rüşvət fonduna ildə ən azı bir dəfə sərmayə qoyurlar. Təqribi hesablamalara görə, yalnız tibbi arayışlar üçün yığılan rüşvətin illik məbləği 3-5 milyon manat arasında dəyişir”.
Şamo
Tarix: 22-06-2017, 00:38