Ürəyi orqanizmin mühərriki adlandırırlar. Çünki orqanizmdə məhz bu funksiyanı yerinə yetirir
Həyati əhəmiyyəti olan bu orqan xüsusi diqqət tələb etsə də, onunla heç də bu cür davranılmır. Nəticədə isə ürək-damar xəstəliklərinin statistikası artmağa doğru gedir. Problemin artma səbəbləri, azalmağa doğru getməsi üçün etməli olduğumuz bəzi məqamlar barədə Avropa Kardioloqlar Assosiasiyanın üzvü, kardioloq Nuranə Əliyeva ilə söhbətləşdik.- Son illər Azərbaycanda ürək-damar xəstəliklərinin yayılma sürəti artır. Səbəblər artıq çox adama məlumdur. Bəs burada bizim laqeydliyimiz hansı yerdə durur?- Hər kəs eyni səbəblərdən danışır. Qidalanma, hərəkətsizlik, stress, həyat tərzimizin normal olmaması və s. Hazırda tək ürək yox, bütün xəstəliklər cavanlaşıb. Cavanlarda hormonal pozğunluqlar gedir. Biz ürək xəstəliklərində səbəb olaraq, əsasən genetikanı götürürük. Hələ də anadangəlmə ürək xəstəliklərinin səbəbi elmə tam məlum deyil. Anadangəlmə ürək qüsurları hər yaşda özünü büruzə verə bilər. Əsasən özünü aretmiya (ritm pozğunluğu) şəklində göstərir. Laqeydliyimiz isə həkim adı gələndə çəkinməkdir. Səbəbsiz yerə insanlarımız arasında həkimlərə inamsızlıq var və buna görə onlar vaxtında müayinə olunmaqdan qaçırlar. Müayinə olunmadığı üçün problem vaxtında aşkarlanmır ki, bu da xəstəliyin mürəkkəbləşməsinə gətirib çıxarır.
- Yeni texnologiyaların adı ürək xəstəliklərinə səbəb olan faktorlar sırasında öndə çəkilir. İndi artıq uşaqların da əlində müasir texnologiyaları görürük. Belə çıxır ki, cavanlaşan ürək xəstəliklərinin gəncləşməsi faktını gələcəkdə daha çox görəcəyik?- Bütün ciddi xəstəliklər sivilizasiya xəstəliklərinin tərkibinə daxildir. Sivilizasiya xəstəlikləri deyəndə xərçəng, şəkər, endokrin sistemi və s. kimi xəstəlikləri nəzərdə tuturuq. Ürək problemləri də sivilizasiya xəstəliklərindən biridir. Texnologiyalar təkmilləşdikcə, bir o qədər də ciddi xəstəliklər inkişaf edəcək, alimlərin qarşısını almaqda aciz qaldıqları daha ciddi xəstəliklər çıxacaq.
Tibbin inkişafı texnoloji yeniliklərin sürətini üstələyə bilmir?- Xeyr, üstələyə bilmir. Uşaqların əlinə rahatlıqla planşet verilir. Yaxud, bir çox ölkələrin televiziyalarında proqram və ya film başlayanda, hansı yaş qrupunda olanların izləyə biləcəkləri yazılır, telefon satanda hansı yaş həddində olanlar üçün nəzərdə tutulduğu qeyd olunur. Bizdə bunları müşahidə etmirəm. Valideynlərimizin uşaqları böyüdərkən tətbiq etdikləri qadağalar indi yoxdur. Valideynlər uşaqlara əvvəlki kimi qadağalar qoymurlar. O qadağaların olmaması nəticəsində bəzi ciddi xəstəliklər baş qaldıra bilir.
- Baş kardioloq Faiq Quliyev bildirib ki, xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1 faiz təşkil edə bilər, əks halda ölüm göstəricisi 3-4 faiz arasında dəyişir. Ürək xəstəliklərində ölüm halını minimum endirilməsinə nail olmaq mümkündür?- Bütün xəstəliklərin ağırlaşmasının səbəbi insanların müayinədən qaçmasıdır. Biz bu müayinəni uşaq ana bətnində olarkən başlamalıyıq. Hazırda 10-a kimi müayinə metodumuz var.
- Azərbaycanlıların həkimə vaxtında getmək ənənəsi olmadığına görə, xəstəliyin kəskinləşdiyini qeyd etdiniz. Amma həkim müayinəsinə vaxtında getmək ənənəsi formalaşan ölkələr çoxdur. Onlar ürək xəstəliklərində ölüm faktını tam minimumlaşdırmağa nail olublar?- Avropa ölkələrində ölüm riskinə görə birinci yerdə ürək-damar xəstəlikləri durur. Amma orda bizdəki kimi kəskinləşmə olmur. Çox adam öz qeydinə vaxtında qalır. Türkiyədə müəllimlərimiz deyirdilər ki, sağlamlığını düşünməyən xəstəyə nə həkim kömək edə bilər, nə də dərman. Can Allahdan bizə əmanətdir, onu qorumaq lazımdır.
- Bu 3 il ərzində ürək xəstəliklərinin müayinə və müalicəsində hansı yeniliklər tətbiq olunub?- Hazırda bir çox yeniliklər var. Lap əvvəllər kardiologiya sahəsi terapiyanın nəzdində idi. Lakin sonra xəstəliklər artdıqca, bu, ayrı bir şöbə oldu. Xəstəliklər kəskinləşdikcə, müayinə metodları da mürəkkəbləşir. Ürək-damar xəstəliklərinin müayinəsində dünyaya tətbiq olunan elə bir metod yoxdur ki, bizdə olmasın. Bu yaxınlarda Ulu öndər Heydər Əliyevin 94-cü il dönümünə həsr olunmuş Bakı Ürək Günləri adlı konqresimiz baş tutdu. Həmin tədbirə bir çox ölkələrdən bu sahədə olan mütəxəssislər gəlmişdilər. Ölkə başçısı konqresə məktub göndərmişdi. Məktubda ölkədə kardiologiyanın inkişafını alqışladığı qeyd olunurdu. Prezidentimizin bizə göndərdiyi o məktub gənc kardioloq kimi mənə qürur verdi. Bu il, kardioloq kimi, avqust ayında Barselonada ölkəmizi təmsil edəcək 5 gəncdən biri də mənəm. Çalışacağam ki, orada öz üzərimə düşən işi layiqincə yerinə yetirim.
- Tibb elədir ki, hər gün yeni nələrsə kəşf olunur. Yenilikləri öyrənmək üçün hansı üsullardan istifadə edirsiniz?- Kurslara gedirik, konqreslərə qatılırıq. Tibb elədir ki, nə qədər oxusan da, yeniliklər qarşısında acizsən. Hər gün səhər və axşam hansısa məlumat oxumasam, yata bilmərəm. Bu, mənim rejimimdir. Kardiologiya sahəsində hardasa yenilik olduğunu öyrəniriksə, assosiasiyanın nümayəndəsi olaraq, onu öyrənməliyik. Ramazandan sonra Türkiyə və Almaniyaya gedəcəyəm. Xırda bir yenilik çıxıbsa, biz onu mütləq öyrənməliyik.
- Demək olar ki, çox adamın ürəyində ani baş verən sancılar olur. Buna çox vaxt ciddi yanaşılmır. Bu, hansısa əlamət olar bilərmi?- Sağlamlıqla bağlı hansısa nüansa boş yanaşmaq olmaz. Xırda sancılar az-az böyüyür. Əvvəl bir saniyə tuturdusa, sonra 2-3 saniyə olur, zamanla 1-5 dəqiqəyə qədər qalxır. Əgər problem varsa, adi müayinə etdirsələr, yaxşı olar.
- Qadınlara nisbətən kişilərdə ürək-damar xəstəlikləri daha çox olur. Kişilər zarafatla, bunun səbəbinin qadınlarda olduğunu deyirlər. Əslində səbəb nədir?- Statistikaya əsasən əvvəllər yaş, risk faktoru ürək-damar xəstəliklərində önəmli idi. Amma biz indi o statistikaya nəzər yetirmirik. Çünki pasientlərimiz bizi çox təəccübləndirirlər. Hazırda xəstəliklər cavanlaşır, əvvəlki statistikaya demək olar ki, uyğun gəlmir. Əvvəllər kişilərin risk faktoruna çox daxil olmasının səbəbi siqaretdən istifadə etmələri idi. Amma hazırda qadınlar da kişilər qədər siqaret çəkirlər. Ona görə, artıq risk faktorunu qadın və kişilərə bölmürük. Nəinki ürək-damar, eləcə də bütün ciddi xəstəliklərin səbəbi pis vərdişlərdir.
- "Ürəyi təmiz insan” sözünü tez-tez işlədirik. Məcazi mənada ürəyi təmiz olmaq, fiziki olaraq bu orqanın sağlamlığına necə təsir edir?- (Gülür) Ciddi xəstəliklərə düçar olanların hamısı yaxşı insanlardılar, hər şeyi ürəklərinə salırlar, özlərinə dərd edirlər, çox fikirləşirlər. Ona görə də, ürək-qan damar xəstəliyinə yaxalanmamaq üçün profilaktik tədbirlər görmək lazımdır. Bu isə çox cüzi bir şeydir.
- Dərinliklərinə getsək, çətin gələ bilər. Biz profilaktika şəklində onu etsək, psixoloji olaraq beynimizə yeritsək, adət halını alacaq. Psixologiyanın rolu böyükdür. Heç olmayan bir problemi insan çox düşünməklə, psixologiyasına yeritməklə özündə yarada bilər. Piyada gəzmək sağlamlıq üçün önəmlidir. İşdən çıxanda, axşam yeməkdən sonra piyada gəzməyin xeyri var. Nəinki ürək-qan damar sisteminə, ümumi sağlamlığa böyük təsir göstərir. Siqaretdən imtina etmək lazımdır. Birdən-birə atmaq da olmur, amma yavaş-yavaş uzaqlaşmaq vacibdir. Qidalanmaya diqqət olmalıdır. Restoran yeməklərinə gənclərimiz üstünlük verirlər. Bu zaman qızardılmış yeməklərdən uzaq durmaq məsləhətdir. Yağı, duzu az olanları yesinlər. İnternetdə bütün gün oturmaqla, sağlamlığa ziyan vururuq. Bu kimi şeylərdən özümüzü müəyyən qədər uzaq tutmaqla, profilaktik olaraq müəyyən tədbirləri ala bilərik.
- Psixologiya məsələsini vurğuladınız. Pozitiv olmağın ürəyin sağlamlığına nə kimi təsiri olur?- Pozitiv insanın orqanizmində ciddi xəstəlik yaranmağa başlayanda, pozitivliyi ilə onu aradan qaldıra bilər. Pozitiv həyat tərzində, xəstəlikdən danışmaq olmaz.
- Ürək deyəndə, adətən, orqan yox, çox vaxt sevgi yada düşür. Sevmək ürəyə necə təsir göstərir?- Sevgiyə ürək masajı deyərdim. Müəllimlərim deyirdilər ki, o tərəf bu tərəfə baxmaq, göz üçün masaj sayılır. İnsan ürəyini o tərəf bu tərəfə döndərə bilmir, bunu sevgi vasitəsilə edir (gülür). Gərginlik, stress gətirən, insanı həyatdan küsdürən sevgilər olur. Sevgi probleminə görə, əsəbiləşib infarkt keçirənlər olur. Amma insanı həyata bağlayan sevgilər də var. Bunların heç biri orqanizmdən yan keçmir, izini buraxır. Ona görə də, insanlar ilk olaraq özlərini sevsinlər, dəyər versinlər. Orqanizmlərini stressdən qorusunlar ki, sağlamlıqları təhlükə altında qalmasın.
KASPİ.AZ
Tarix: 2-07-2017, 21:25