Azərbaycanda bu dövlət xəstəxanaları pullu olacaq – siyahı
Yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrinin bir neçəsinin adı məlum olub.
Siam.az Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı Report-a açıqlama verən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov siyahıda rayon mərkəzi xəstəxanalarının, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın yer aldığını bildirib.O qeyd edib ki, sonrakı mərhələdə Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi kimi iri tibb müəssisələri də bu sıraya daxil ediləcək:
“Planda bütün tibb müəssisələri var. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirdiyinə görə bu müəssisələr publik hüquqi şəxs formasında olacaq. Sadəcə, bu zaman tibb müəssisələrinin daha çox imkanları olacaq, yeni səlahiyyətləri yaranacaq. Tibbi sığorta münasibətlərində rahat iştirak edəcəklər, fiziki şəxslərlə bərabər müəssisələrlə də müqavilələr bağlaya, əmlaklarından daha səmərəli istifadə edə biləcəklər. Onlar həm də qrant və ianə ala biləcəklər”.
Nazirlik rəsmisi xatırladıb ki, Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, “Publik hüquqi şəxs haqqında” qanun qüvvəyə mindikdən sonra ölkədə dövlət tibb müəssisələrinin statusu dəqiqləşib:
“Əvvəllər bu sahədə pərakəndəlik var idisə, bundan sonra konkretlik olacaq. Hazırda bu məsələ üzərində iş gedir və yekunlaşmaq üzrədir. Bütün bu işlər ölkədə icbari tibbi sığortanın tətbiqinə kömək edir”.
O qeyd edib ki, pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir:
“Bundan sonra tariflər müəyyən ediləcək. Bütün dövlət tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək. Təbii ki, özəl tibb müəssisələrində ödənişlər fərqli ola bilər”.Siam.az
Tarix: 7-07-2017, 22:05