Turizmə “dəstək”: Çimərlik mövsümündə Novxanı yolu bağlanıb

Turizmə “dəstək”: Çimərlik mövsümündə Novxanı yolu bağlanıb Turizm mövsümü başlasa da, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən paytaxt və bölgələrdə yollarda aparılan təmir işləri yekunlaşmır.

Qurumun mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, Bakı şəhərində qəsəbələrarası 10-dan artıq yol, ümumilikdə isə respublika üzrə 40 layihə üzrə təmir işləri aparılır. Biləcəri-Binəqədi yolu təmirdədir. Bununla yanaşı Binəqədi-Balaxanı yolunda təmirin başlanılacağı proqnozlaşdırılır. Həmçinin Lökbatan-Qobu, Binə və Türkan qəsəbələri arasında avtomobil yollarında təmir davam etdirilir. Mehdiabad-Goradil-Fatmayi qəsəbələrini birləşdirən yolların təmiri də aparılır. Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə dövlət büdcəsindən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.


Bəzi layihələrin müddəti isə bitmək bilmir. “Azəravtoyol” ASC tərəfindən 2013-cü ildən etibarən start verilən Bakı-Şamaxı-Yevlax, o cümlədən Ələt-Astara magistral yolunda eyni vəziyyət yaşanır. Ötən ildən, daha dəqiq desək, 2016-cı ilin oktyabrından etibarən Novxanı-Binəqədi yolu bağlanıb. Bu yolun bağlanması isə xüsusilə çimərlik mövsümündə yaxın ərazilərdə turizmin inkişafına mənfi təsir göstərir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında bu haqda danışaraq bildirib ki, avtomobil yollarının yenidənqurması birbaşa olaraq sərnişinlərin rahat gediş-gəlişini təmin etməyə hesablanmış addımdır:

“Düşünmürük ki, qısa müddətdə yolları çəkib istifadəyə verək, sonra nəsə problem yaransın, istismara yararsız olsun, daha sonra kanalizasiya sistemi üçün və ya digər məsələlərə görə qazıntı işləri aparılsın. Bu cür problemlərin qarşısını almaq üçün yol-tikinti işlərini kompleks şəkildə həyata keçiririk. Həmin ərazidəki təmir işlərinə oktyabrdan etibarən start verilib. Düzdür, təmir işləri aparılarkən müəyyən çətinliklər olur, insanların gediş-gəlişində problemlər aşkarlanır. Bu məsələ kiminsə “kapriz”i ilə oynamaq demək deyil. Bizə lazımdır ki, insanların rahat gediş-gəlişini təmin edək. İsti yay günlərində o ərazidə işləyənlər də çalışırlar ki, işlər yekunlaşsın. Alternativ yol olaraq Novxanı-Pirşağı yolundan istifadə edilə bilər. Yeni çəkilən bu yolda Sumqayıt, Saray, Kürdəxanı istiqamətindən gediş-gəliş var. Böyük ehtimalla iyulun sonunda yolun təmiri başa çatmalıdır”.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədr müavini Azər Allahverənov isə Cebhe.info-ya açıqlamasında turizm bölgəsi hesab edilən bu əraziyə gedən yollardan birinin hazırda bağlı olmasının zərərlərindən danışıb:

“Turizmin inkişafı həm də həmin ərazi üzrə infrastrukturun inkişafı deməkdir. İnfrastrukturun inkişafı dedikdə mehmanxanalar, istirahət mərkəzləri nəzərdə tutulur. Eyni zamanda, həmin mehmanxanaları əlaqələndirən yolların da işlək olması vacib amildir. Bu yolların istismara və standartlara cavab verməsi olduqca vacib amildir. Yollarda olan çatışmazlıqlar dərhal aradan qaldırılmalıdır. Xüsusən də, turizmin inkişafı üçün perspektiv olan yollarda bu problemlər qısa zamanda aradan qaldırılmalıdır. Əgər həmin yollarda müəyyən problemlər varsa, istər-istəməz axının qarşısı alınır. İlk olaraq, həmin turizm bölgəsinə gedən yolun standartlara cavab verməsi vacibdir. Yolun, marşrutun rahat olması turizm üçün müsbət töfhələr verər”.

A. Allahverənovun sözlərinə görə, yolların Novxanı turizminə vurduğu ziyanı öyrənmək üçün düzgün qiymətləndirmə aparılmalıdır. Açıqlanmalıdır ki, yollar təmir olunmazdan öncə turizmdən nə qədər gəlir əldə edilirdi, daha sonra təmir işləri aparıldıqdan sonra nə qədər turist gəlir:

“Bu ziyanı müəyyənləşdirmədən hansısa rəqəm açıqlamaq olmaz. Yolların lazım olan standartlara cavab verməməsi həmin ərazi üzrə turizmin inkişafına mənfi təsir edir. Zərərçəkənlərin sayı müəyyənləşdirilməlidir. Kiminsə fəaliyyətini qınaya bilmərəm. Lakin deyə bilərəm ki, turizmin inkişafının qarşısını alacaq problemlər aradan qaldırılmalıdır. Bu müstəvidə kimin üzərinə iş düşürsə, bu fəaliyyət planını qurmalıdırlar”.

Nigar Cahid
Tarix: 11-07-2017, 16:54
Xəbəri paylaş





Xəbər lenti