İşbazlar uşaqların yeməyi ilə oynayır

İşbazlar uşaqların yeməyi ilə oynayır Son zamanlar uşaq qidalarında qiymət artımı müşahidə olunur.Market və apteklərdə uşaq qidalarının “əl yandıran” qiymətləri körpəsinə süd verən anaları ciddi narahat etməyə başlayıb.Uşaq yeməkləri, əşyaları, hətta bezləri ölkə bazarında dəyərindən bir neçə dəfə baha satılır.Bu isə aztəminatlı ailələr üçün əlçatmazlıq yaradır.Amma bununla belə maddi imkanından asılı olmayaraq, körpəsi olan bütün ailələr bu qidalardan istehlak etmək məcburiyyətindədirlər.

Xüsusən, ana südü ilə qidalana bilməyən körpələr süni qidalara möhtac qalır ki, bu da ailə üçün həddindən artıq ağır maddi yük deməkdir.Xüsusi qablaşdırmada olan uşaq qidalarının 300-400 tutumluqlarının isə qiyməti “od tutub yanır”.Yeri gəlmişkən bu günlərdə südəmər körpəsi olan analardan biri ilə söhbət zamanı qadının ilk şikayətləndiyi məsələ uşaq yeməklərinin həddən baha olması oldu.Qadının dediyinə görə övladı problemli doğulub və həkim körpəyə süni qida verilməsini tövsiyyə edib.Yeni doğulan uşaqlar üçün qidaların qiyməti digərlərindən daha bahadır.Təbii ki, uşaq böyüdükcə yemək həcmi də artır.Həcm artdıqca qutu ancaq iki-üç günə kifayət edir.Bir qutu uşaq qidasının qiyməti isə ən azı 10 manatdan başlayır.Ekspertlər deyir ki, süni uşaq qidalarının baha olmasının ilk səbəbi Azərbaycanda bu məhsulların istehsalı olmaması və xarici bazardan bu məhsulların xarici valyuta ilə gətirilməsidir.Təbii ki, dolların məzənnəsi artdıqca, qidaların da qiymətində dəyişikliklər baş verir.Əlbəttə ki, körpənin xərci təkcə qidasının təminatı ilə bitmir.Bütün bu xərcləri hesablayıb, üzərinə uşağın geyim xərclərini də əlavə etsək, ailədə bir körpənin böyüməsi üçün aylıq 400 manatdan artıq vəsait tələb olunur.Həddindən artıq baha olan uşaq dərmanlarının qiymətini də buraya əlavə etsək, hesab daha da artır.

“Cümhuriyət” qəzetinin əməkdaşı market və apteklərdə süni uşaq qidalarının qiymətləri ilə maraqlanıb. Bir çox market və apteklərdə uşaq qidaları müxtəlif qiymətlərə təklif olunub. Apteklərdən birində “Nutrilon” 14 manat, “Frisolak” 13 manat 40 qəpik, “Frisovom” 17 manat, “Nutrilak” 14 manat 30 qəpik, “Hipp” 11 manat, “Malyutka” 9 manat 20 qəpikdir. Müşahidələr zamanı bir məqam diqqəti çəkdi.Bəzi qidaların satışı qutunun üzərində həkk edilən qiymətlə təklif olunmur.Məsələn, qutunun üzərində 11 manat yazılıbsa, satışı 9 manat təklif olunur.Satıcıdan səbəbini soruşsaq da, bunu izah etmək üçün hər hansı arqumenti olmadığını ifadə etdi.Bəzi mütəxəssislər hesab edir ki, hansı həkim körpəyə süni qida tövsiyyə edirsə, bu onun savadsızlığını göstərir.Mövcud durumda isə körpəsini yalnız süni qidalarla qidalandıran analara daha çox rast gəlinir. Bu gün ana südü ilə böyüyən çox az sayda uşaq var. Məsələ burasındadır ki, həkimlərin başlıca xüsusiyyəti uşaq qidalarını vaxtaşırı dəyişdirməsidir. Bu isə düzgün deyil.Uşaqlara müxtəlif mənşəli süni qidaları vermək onların orqanizminə təhlükə yarada bilər.Ümumiyyətlə, uşaqlara süni qidaların qəbulu tövsiyyə edilmir.Çünki süni uşaq qidalarından çox istifadə körpələrdə vitamin çatışmazlığına səbəb olur.
Tarix: 21-07-2017, 14:59
Xəbəri paylaş





Xəbər lenti