Ötən həftə Lənkəran şəhər Mərkəzi poliklinikasında qələbəlik olub
Palitika.Az xəbər verir ki, yüzlərlə şəkər xəstələrinə dövlət tərəfindən pulsuz dərman verilən gün imiş.
Ayda bir dəfə verilən bu dərmanı almaq üçün rayonun uzaq-yaxın kəndlərindən axışıb gələn qoca-cavan, qadın- kişi balaca bir otağın qarşısında öz növbələrini gözləyiblər. Sonra həmin otağa daxil olub resept alırlar. Daha sonra poliklinika müdirinin kabineti qarşısında növbəsini gözləyirlər. Müdir reseptləri möhürləyir.
Bu prosesin bir neçə gün davam etməsini və rayonda şəkər xəstələrinin sayının 5 mini ötməsi nəzərə alınsa, müdirin möhür vurmaqdan heç də ləzzət almamasını təsəvvürə gətirmək çətin deyil.
Daha, daha sonra möhürlü reseptlə aptekin qarşısında növbə "qatarlaşır". Hər tərəfdən xəstələrin iniltisi eşidilir.
Qoca kişi için-için ağlayır - "Nə müsibətdir? Ayaqlarım yer tutmur", - deyir. Yaşlı bir qadın “Bala, mənə oturmağa bir yer verin" - deyib, yalvarır. Bu mənzərə hər ay təkrar olunur.
Palitika.Az xəbər verir ki, Lənkəran səhiyyə şöbəsinin rayonun bütün inzibati ərazi vahidlərində kənd, qəsəbə tibb məntəqələri, şəhərdə isə sahə həkimləri fəaliyyət göstərir.
Hər kənd, qəsəbə üzrə xəstələrin adbaad siyahıları da məlum. Belə olan halda dərmanları məntəqələr üzrə paylayıb xəstə insanları işgəncədən azad etmək problemdirmi?
Xəstə yaşadığı ərazi vahidində yerləşən məntəqədə rahatca dərmanını alsa kimin üzüyünün qaşı düşər?
Bu binəva xəstələr qışda-qarda, istidə-yağışda mütləqmi 10-20 km yol qət edib əziyyət çəkməlidir?
Görəsən dövlətin xəstələrə ayırdığı pulsuz dərmanı onların burunlarından gətirmək kimin marağındadır?
Bu sualları adının çəkilməsini istəməyən həkimlərdən biri qeyri-rəsmi şəkildə cavablandırıb. Onun sözlərinə görə, birin bilirsiz, birin bilmirsiz. Yaxşısını yəqin ki, Səhiyyə Nazirliyi bilər.
Ancaq belə məlum olur ki, nazirlik tərəfindən verilən dərmanların yarısı gizlədilir, yarısı apteklərə paylanaraq satılır, qalanı da yetim-yesir şəkər xəstələrinə verilir.
Maxinasiyanın mexanizmi isə belədir,məsələn, rayonun bir çox qəsəbələrinin və kəndlərinin bütün xəstələri rayona gəlib saatlarla növbə tutaraq resept vasitəsi ilə dərman almalı olurlar.
Təbii ki, belə bir halda minlərlə şəkərli diabet xəstəsi bu cür basırığı görüb onlara veriləcək pulsuz dərmanı almaqdan vaz keçir.
Yəni, xəstələrin əksəriyyəti əlavə yol xərcini nəzərə alıb dərmanları öz şəxsi vəsaitləri ilə almağı üstün tuturlar.
Belə bir mərkəzləşdirilmiş qayda isə yuxarıda əyləşən bəzi işbazların ustalıqla həyata keçirdiyi gəlir mənbəyinə çevrilir.
Bu yolla hər ay dövlət büdçəsindən minlərlə xəstə üçün ayrılan böyük məbləğdə pul məmurlar tərəfindən mənimsənilir.
Sonda rayondakı şəkərli diabet xəstələr bizdən xahiş etdilər ki mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və səhiyyə naziri Oqtay Şirəliyevin diqqətinə çatdıraq ki, Lənkəran səhiyyəsi şəkərli diabet xəstələrinin qayğısına qalmır, onlara biganə baxılır.
Palitika.Az
Tarix: 14-01-2018, 23:10