“Oyal” məktəblilər üçün “düyməli bıçaq” istehsal edib- ETİRAZ/VİDEO
Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkəti növbəti dəfə ciddi yanlışa yol verib.
AFN xəbər verir ki, şirkətin orta məktəb şagirdlərinin istifadəsi üçün istehsal etdiyi pozanlar azyaşlılarda kriminal hərəkətlərin formalaşmasına səbəb ola bilər. Belə ki, redaksiyamıza Gəncə şəhərində yerləşən “Gandja Mall”dakı “Bravo” supermarketində çəkilmiş video göndərilib. Videonu göndərən Gəncə sakinləri durumdan şikayət edirlər. Onların sözlərinə görə, şirkətin istehsal etdiyi və düyməli bıçaq formasında olan pozan uşaqlarda soyuq silah işlətmə vərdişi yarada bilər: “Biz bilmirik bu şirkətin məqsədi nədir. Bir müddət əvvəl də satışa üzərində tariximizi saxtalaşdıran ifadələr olan dəftərlər buraxmışdılar. Bir şirkət pul qazandığı, xeyrini gördüyü cəmiyyətə niyə düşmən mövqeyi tutmalıdır? Əgər bu hansısa əməkdaşın texniki səhvi, yaxud yanlışlıq adlandırılacaqsa, o zaman aidiyyatı dövlət qurumları hara baxır?!”
Xatırladaq ki, bir müddət əvvəl “Oyal” şirkəti yenə orta məktəb şagirdlərinin istifadəsi üçün nəzərdə tutulmuş dəftərlərin üzərində Nizami Gəncəvini fars ədəbiyyatının nümayəndəsi kimi təqdim etmişdi.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.