Səhiyyə siztemində biabırçılıq: – Xəstə can hayında, ambulans yoxdur
Azərbaycanın səhiyyə sistemində daha bir biabırçılıq qeydə alınıb.Yenicag.az xəbər verir ki, Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən “Şuşa şəhərciyi”nin sakinləri təcili tibbi yardımdan şikayətçidirlər.
Məsələ burasındadır ki, sözügedən ərazinin tibb məntəqəsində cəmi bir ambulans var və bu da ciddi nöqsan hesab olunur. Vəziyyəti ağırlaşan xəstə üçün təcili tibbi yardıma zəng edildikdə “Hazırda həkimlər başqa bir xəstənin yanındadırlar. Gözləyin, ordan çıxandan sonra gələcəklər” cavabı verilir. Bu isə həkimlərin çağırış olan evə təxminən 1 saata yaxınlaşması deməkdir. Bu proses demək olar ki, hər gün təkrarlanır. Belə olan halda isə xəstənin həyatı üçün ciddi təhlükə yaranır.
Şikayətləri nəzərə alaraq, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. O, ötən həftənin şənbə günü məsələni araşdıracağını və yalnız bundan sonra bizə cavab verəcəyini dedi. Lakin, həftənin birinci günündən etibarən Liya Bayramova ilə əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermir.
Görünür, nazirlik rəsmisi üçün həmin ərazidə yaşayan vətəndaşların həyatı elə də önəmli deyil.
Məsələni diqqətdə saxlayacağıq.
Tarix: 24-01-2018, 10:52