Qocalmış idarəçilik və cavanlaşan xəstəliklər -Yaxud, səhiyyənin özünün müalicəyə ehtiyacı varsa…
Birqayda olaraq hökumət tənqidi fikir səsləndirənləri paxıllıqda, hər şeyi qara rəngdə görməkdə, düşmən dəyirmanına su tökməkdə ittiham edir. Amma hər dəfə statistik rəqəmlər zühur edir və yazılanların həqiqət olduğu təsdiqini tapır. Ən çox tənqid olunan sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsinin “sürpriz”ləri tükənmək bilmir . Bu sahəylə bağlı dəhşətli faktlar mövcuddur və yüzminlərlə ölkə vətəndaşının müalicə, müayinə üçün ölkə xaricinə üz tutması da səhiyyənin vəziyyətini qiymətləndirən faktordu. Təbii ki, səhiyyə sahəsi axsayırsa, ölkə vətəndaşıları arasında xəstəliyin miqyası da artacaq. Son dövrlər Azərbaycanda xəstəliklərin cavanlaşması prosesi gedir. Xəstəxanalarda, apteklərdə növbədir. Gənc insanlar şəkər, təzyiq, ürək xəstəliklərindən əziyyət çəkir. Xəstəliklərin cavanlaşmasını Milli məclisin iclasında sosial müdafiə nazirinin müavini Natiq Məmmədov da etiraf edib. Ancaq bunun əsas səbəbini insanların vaxtında
müyinə olunmaması ilə əlaqələndirib. “Azərbaycanda xəstəliklərin cavanlaşması həqiqətdir. Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu. Hazırda ürək-damar xəstəliklərinə görə əlillik dərəcəsi alan şəxslər əlillər arasında birinci yerdədir: Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. İndi bu xəstəliklər əlilər arasında 14 faizə qalxıb. Ölkədə psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 11-12 faiz çoxalıb. Gözdən əlillərin sayı isə 10-12 faizdir”-deyə Natiq Məmmədov bildirib.
Azərbayacanda problemlərin əsas səbəbi heç vaxt açıqlanmır. Çünki avtoritar rejimlərdə həqiqəti demək təhlükəlidir, yalnız tərifləmək öhdəliyi var.
Azərbaycanda xəstəliklərin çoxalması və cavanlaşması birbaşa idarəçiliklə bağlıdır. Yəni, hakimiyyətin xalqa münasibətində ifadə olunur. Dövlət xəstəxanaları pullu fəaliyyət göstərirsə, özəl klinikalar da qiymətlər od tutursa, xəstəyə düzgün diaqnoz qoyulmursa, vətəndaş necə sağlamlığının qeydinə qala bilər? Bir ölkədə ki, dərmanların tərkibi dəyişdirilirsə, dərmanlar 10 dəfə baha qiymətə satılırsa, xəstəyə pul mənbəyi kimi baxılırsa, həmin ölkədə xəstəliklərin boy atması təbii deyilmi? Minimum əməkhaqqının 130 manat olduğu, əksəriyyətin 200-300 manat maaş aldığı ölkədə, yüngül bir əməliyyat 500-1000 manatdırsa, həmin ölkənin vətəndaşı Allahın ümidinə qalıb.
Bir balaca imkanı olanlar xaricə üz tutur, qalanları isə xəstəliklərlə qol-boyun olub yaşamağa məhkum olur. Ən əsası, korrupsiya ağ xalatı da qaralda bilibsə, deməli səhiyyənin özü xəstəliyə mübtəla olub. İnsana qiymət verilməyən ölkədə, səhiyyə çoxdan “ağ bayraq” qaldırıb. İlk öncə normal idaərçilk lazımdır, ardınca səhiyyənin özünü müalicə etmək zərurəti yaranır. Köhnəliklərin at oynatdığı ölkədə, yeniliklər ayaq altda qalmğa məhkumdur. Bəli, qoca rejim elə bir yol seçib ki, xəstəliklər cavanlaşmağa məhkum olub. Bir sözlə, ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir. Yanlış diaqnozla daha da ağır vəziyyətə düşməkdən, cibinin boşaldılmasından ehtiyat edir və türkəçarə yollarla başını qatır. Birdə ki, bu ölkədə 25 ildir tibbi sığorta haqqında qanun qəbul edilmir. Görünür, xəstə vətəndaş hökumət üçün daha sərfəlidir. Çünki xəstə adam haqqını axtarmayacaq, ağrıdan canını qurtarmaq üçün ağrıkəsici axtaracaq.
İlham
Tarix: 25-01-2018, 20:15