İlaxır çərşənbə nə vaxtdır? - Astroloqdan AÇIQLAMA
"Bu il martın 20-si çərşənbə axşamına düşür. Təbii olaraq insanlar həmin təqvimin axır çərşənbəyə, yoxsa bayram axşamına düşməsi ilə bağlı tərəddüddədir. Hətta artıq FB-da mübahisələr də başlayıb."
Unikal.org xəbər verir ki, tanınmış astroloq Səbuhi Rəhimli bununla bağlı fikirlərini açıqlayıb:"Novruza üç aspektdən yanaşılır: astronomik, etnoqrafik və dini. Bu istiqamətlərdən birini ayrıca götürmək doğru olmaz – hər üçündən ümumi nəticə çıxarılmalıdır. Min illərdir ki, Novruz tonqalı şər qarışan vaxt, yəni gün batandan sonra qalanır - Hicri-qəməri vaxta uyğunlaşdırsaq, gün batandan axşam namazına qədər olan müddətdə. Bu il həmin ərəfə, yəni sonuncu çərşənbə axşamı Bakı vaxtilə saat 18:52-dən 19:06-ya qədər olacaq. Və bir qayda olaraq əgər yeni ilin başlanma göstəricisi olan Günəşin Qoç bürcünə daxil olması deyilən zamandan qabağa düşürsə, ilaxır çərşənbə mərasimi bir həftə əvvələ - martın 13-nə çəkilir.
Məsələn, 2012-ci ildə Günəş Qoç bürcünə martın 20-də, səhər saat 09:14-də daxil olmuşdu. Yeni il daxil olandan 10 saat sonra ilaxır çərşənbə keçirmək mənasız olduğu üçün mediada, efirlərdə bu arqumentləri əsas tutub son çərşənbənin 13 marta salınmasını təmin etdik. 2007-ci ildə də 20 mart həftənin 2-ci gününə düşürdü, lakin Qoç bürcünün başlanması martın 21-i gecə saat 04:07-yə təsadüf edirdi. O zaman da mübahisələrə son qoyub martın 20-sini son çərşənbə axşamı kimi qəbul etdik.
Bəs bu il vəziyyət necədir? Bunun üçün təbii ki, Günəşin Qoç bürcünə daxil olma vaxtını müəyyən etməliyik. Edək: 20 mart, Bakı vaxtilə axşam saat 20:16. Bu göstərici yuxarıda göstərdiyimiz vaxtdan (18:52-19:06) sonraya düşdüyü üçün martın 20-sini mübahisəsiz olaraq İlaxır çərşənbə kimi qeyd etməliyik."
Siam.az
Tarix: 28-01-2018, 00:10