Anaların intiharı, ataların özünə qəsdi...

Anaların intiharı, ataların özünə qəsdi...
Elnur Rüstəmov: “Sanki intihar adiləşib, çıxış yolu hesab olunur, amma...”

Son vaxtlar ölkəmizdə intihar hadisələrinin sayı durmadan artır. Hər gün az qala 2-3 intihar xəbəri haqda mətbuatda məlumatlar yayılır. Son statistika isə daha ağırdır. Ən pisi isə son vaxtlarda daha çox gənc anaların intiharı, ataların özünə qəsd etdiyinin şahidi oluruq.


Məsələn, bu günlərdə Tərtər rayonunda 30 yaşlı Nərgiz Quliyeva özünü asıb. Oğuzda da iki uşaq anası olan 27 yaşlı Qəribə Mikayılova da intihar edib. Digər bir ana isə Ağsuda canına qıyıb. Hər üç intiharın səbəbləri haqda dəqiq məlumat verilməsə də, ilkin versiyalara görə, əsas səbəb ailədaxili münaqişələr, sosial sıxıntılardır.

Qaracallı kənd sakini, 30 yaşlı Qabil Nəbiyev də yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihar edib. Qeyd edək ki, mərhum 3 uşaq atası olub.

Bəs gənc ata və anaları intihara sövq edən əsl səbəblər nə ola bilər? Bu cür faciələri önləmək olarmı?

Mövzu ilə bağlı tanınmış psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a danışaraq öz mövqeyini bildirib:

“İntiharların əsl səbəbini öyrənmək üçün mütləq araşdırma aparmaq lazımdır. Biz bunu yalnız statistika kimi veririk. Araşdırma apararkən, öz müşahidələrimizdən görürük ki, bu intiharların səbəblərində gen və əsasən də psixoloji faktorlar, ailədaxili münaqişələr, tərəflərarası mübahisələr var. Eyni zamanda ailələrin informasiya ilə yüklənməsi də müəyyən təsir göstərir. Və yaxud ailə üzvlərinin özünü tapa, aktuallaşdıra bilməməsini də daxil edə bilərik. Onların arasında iş tapa bilməyən və yaxud işləmək istəməyən və sairə insanlar var. Yəni intihar üçün səbəb tapılır.

Lakin fakt faktlığında qalır ki, bu gün intiharların sayında artım var. Bu, təkcə bizim ölkədə deyil, dünyanın hər yerində belədir. Sanki intihar adiləşib, çıxış yolu hesab olunur. Amma intihar çıxış yolu deyil. Ona görə də düşünürəm ki, insanlar arasında mütləq şəkildə maarifləndirmə işləri aparılmalıdır. Əgər bir insanda daxili narahatçılıq olarsa, onu deməyə yeri olmalıdır. Söhbət fiziki rahatçılıqdan getmir. Yəni insanın daxilində bir narahatçılıq varsa, problemini rahat şəkildə deyə biləcək yaxınları olmalıdır. Bir daha qeyd edirəm ki, intiharlarla bağlı yalnız statistika verilir, çox zaman səbəblər göstərilmir. Bəzən intihar edən insanın üzərindən şoular düzəldilir, əsas səbəb kimi işsizlik göstərilir və sairə. İntiharlar sırf maddi problemlərlə bağlı deyil. Məlumdur ki, pulu az olsa belə, əgər insanın içində bir hüzr, rahatlıq varsa, o, yaşamaq istəyir. Yəni insan əsasən daxilən rahat olmalıdır ki, bu gün bu rahatlığı pozan çox amillər var. Bu amillər isə ətrafımızdan tutmuş, televiziya kanallarında yayımlanan seriallar və sairə olur. İnsanın psixologiyasında bir dözmə həddi olur. Gəlin baxaq, istər yerli, istərsə də xaric serialların hamısı ailə münaqişələri, drama üzərində qurulur. Bu da insanlarda gərginlik yaradır. Etiraf edək ki, bu gün insanların yemək problemi yoxdur. İnsan öz psixoloji durumunun da qeydinə qalmalıdır.

Beləliklə, intiharların əsl səbəbləri araşdırılmalıdır. Məsələn, əgər uşaqları olan qadın intihar edirsə, bunun əsl səbəbi üzə çıxarılmalıdır. Araşdırılmalıdır ki, hansı problemi olub, son vaxtlar davranışları necə olub, intiharla bağlı fikirlər səsləndiribmi, əgər belə olubsa niyə yaxınları ona biganə yanaşıb və sairə. Bütün bunlar araşdırıldıqdan sonra problemin üzərində iş apara biləcəyik. Eyni zamanda intiharla bağlı xəbərlərin mətbuatda yayılmasına da diqqət edilməlidir".

Xalidə GƏRAY,
Tarix: 30-01-2018, 10:58
Xəbəri paylaş





Xəbər lenti