Bakı Sağlamlıq Mərkəzi barədə Səhiyyə Nazirliyi və media orqanlarına müraciətlər edilib.
BakiPost.az xəbər verir ki, müraciətlərdə tibb müəssisəsində həkimlərin xəstələrə qarşı dələduzluq etməsi, müxtəlif yollarla onlardan pul qoparmaları barədə iddialar əks olunur. Bildirilir ki, baş həkimin göstərişi ilə həkimlər xəstələrdən yalnız yaxınlıqdakı iki aptekdən dərman almaları tələb edilir: "Tələb edirlər ki, müalicə üçün yazdıqları dərmanları yalnız "Natura+" və "Oliviya" apteklərindən alaq. Bunu əvvəlcə onlarda dərmanların keyfiyyətli olması ilə əsaslandırırdılar. Sonra məlum oldu ki, həkimlər sadəcə satdıqları dərmanlardan faiz alırlar deyə, pasientlərini həmin aptekə istiqamətləndirirlər”.
Şikayətçilər bildirir ki, adları qeyd olunan dərmanlar adları çəkilən apteklərdə başqa yerlərdən baha satılır.
İddiaya görə, Tibb Mərkəzində xəstələrə lazım olan dərmanlar bəzən elə oradaca satılır: "Həkimlər telefonla həmin apteklərə dərmanların adlarını verirlər, onlar da xəstəxanaya gətirirlər. Belə halda dərmanların qiyməti daha baha başa gəlir. Həkimdən soruşanda, deyirlər ki, dərmanların çoxu Sumqayıtda istehsal olunur, ona görə də tanış olmayan apteklərdən alınan dərmanların müalicəyə xeyri olmur. Həkimlər xəstələrə inandırır ki, həmin apteklərdən həkimin adını verməklə dərman aldıqda və ya dərmanlar xəstəxanaya gətirildikdə belə bir risklə heç kim üzləşmir. Guya, aptek rəhbərləri həkimlərə yalnız keyfiyyətli dərmanlar verirlər”.
Görünür, dərmanların keyfiyyətsizliyi ilə bağlı cəmiyyətdəki xof həkimlərin işinə yarayır. Onlar bu məsələdən istifadə edərək xəstələri dərhal öz toruna salır. Beləklikə, həkimlərin dərman alveri günü-gündən genişlənir.
Məlumat üçün bildirək ki, Bakı Sağlamlıq Mərkəzi ilə bağlı dəfələrlə bu tipli şikayətlər olub, orada baş verən qanun pozuntuları ilə bağlı məlumatlar KİV-də dərc olunub. Vəziyyət o həddə çatıb ki, Səhiyyə naziri Oktay Şirəliyevin əmri ilə Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bədirov vəzifədən kənarlaşdılıb. Onun vəzifədən uzaqlaşdırılması Mərkəzdə müalicə alanlarda ümid çırağı yandırsa da, görünür, bu çıraq çox tez sönüb. Bu vəzifəyə təyin olunan Hikmət Həsənov (əvvəl Şirvan Diaqnostika Mərkəzinin rəhbəri olub) qanunsuz əməlləri ilə sələfini ötüb keçib.
Belə olmasaydı, qeyd etdiyimiz dərman alverindən başqa çarpayıların pulla satılması, ümumiyyətlə ödənişsiz müalicəyə son qoyulması prosesi davam etməzdi.
Saytımıza daxil olan məlumatlara aydınlıq gətirmək məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinə telefon açdıq. Mərkəzin adını demək istəmədiyi xanım əməkdaşı suallara ancaq direktorun cavab verə biləcəyini, direktorun isə məzuniyyətdə olduğunu bildirdi.
Mövzunu diqqətdə saxlayacağıq.
Tarix: 4-02-2018, 13:43