Ölkə əhalisinin tibbi müayinədən keçirilməsi fırıldağı

Ölkə əhalisinin tibbi müayinədən keçirilməsi fırıldağı Qubad İbadoğlu

Əhalinin pulsuz tibbi müayinələrdən necə keçirilməsi xeyli suallar doğurur.


Səhiyyə Nazirliyinin açıqlamasına görə, 1 həftədən sonra, fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Bu təşəbbüsü lazımı səviyyədə və keyfiyyətli icrası ilk növbədə səhiyyə infrastrukturundan, kadrlarla təminat və səhiyyə xidməti göstərənlərin əməyinin ödənilməsi səviyyəsindən asılıdır. Bununla əlaqədar olaraq diqqətinizi bir neçə fakta yönəltmək istərdim. Hazırda əhalinin hər 10000 nəfərinə düşən bütün ixtisaslardan olan həkimlərin sayı 33,2 nəfərdir. Əhaliyə ambulator-poliklinika yardımı göstərən müalicə müəssisələrinin sayı 1758-dir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların orta aylıq əmək haqqı 215 manatdır. Fərz edək ki, nəzərdə tutulan 3 ayda bütün əhalinin 60 faizi tibbi müayinələrdən keçmək üçün səhiyyə obyektlərinə müraciət edir. Bu o deməkdir ki, dövr ərzində hər gün orta hesabla 67415 nəfər, hər ay isə 2 milyon nəfər tibbi müayinələrdən keçməlidir. Bu halda hətta bütün ixtisaslardan olan həkimlər də bu işə cəlb olunsa onlar hər ay ota hesabla 60 nəfəri müayinədən keçirməlidirlər.
Gəlin, qəbul edək ki, prezidentin tapşırığını nəzərə alaraq, hətta bütün həkimlər əsas işlərini kənara qoyub, müayinə ilə məşğul olacaqlar. Bəs onların əməyinin haqqını kim ödəyəcək? Sizcə ayda orta hesabla 215 manat əmək haqqı alan həkim, 120 manat maaş alan tibb bacısı hansı maraqla həm də ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün də çalışmalıdır?
Ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşəbbüsü təqdirəlayiq olsa da bu tapşırığın icra səviyyəsinin aşağı olacağını bəri başdan demək mümkündür. Əgər hakimiyyət bu konsepsiyanı populyar məqsədlər üçün deyil, həqiqətən əhalinin sağlamlığını qorumaq üçün reallaşdırmaq istəyirsə onda ilk növbədə bu xidmətin dəyərinin ödənilməsi problemini həll etməli, dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinə layiqli əmək haqqı verməlidir. İkincisi isə bu konsepsiya paket halında təqdim olunmalıdır. Tutaq ki, müayinədən sonra təkrar müayinə, müalicə, dərman ehtiyacı yaranacaqsa onlar necə həll olunacaq. Eyni zamanda müayinə paketinə nələrin daxil olması əvvəlcədən müəyyənləşməlidir. Əgər bu müayinə yalnız hərarətin və təzyiqin ölçülməsindən ibarət olacaqsa onda buna nə ehtiyac var?

Yazı müəllifin feysbuk hesabından götürülüb.
Tarix: 5-02-2018, 10:46
Xəbəri paylaş





Xəbər lenti