Dərman zəhərlənmələri: xəstə, yoxsa həkim faktoru...

Dərman zəhərlənmələri: xəstə, yoxsa həkim faktoru...
Liya Bayramova: “Bizim nəzarət etdiyimiz dərmanlardan heç bir zəhərlənmə halı ola bilməz”; Adil Qeybulla: “Təəssüf ki, bu məsələlər müəyyən kooparativ maraqlara görə araşdırılmır”

Ötən il Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanların sayı 2016-cı illə müqayisədə azalıb. Bunu «Trend»ə açıqlamasında Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda 2234, 2017-ci ildə 2016 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb. Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub - 35,4 faiz.

Qeyd edək ki, dərman zəhərlənmələri iki halda baş verir: insan müalicə məqsədilə dərman preparatı qəbul edir, ancaq dərman keyfiyyətsiz olduğu üçün zəhərlənir, ikinci halda isə bilərəkdən intihar məqsədi ilə çoxlu sayda həb qəbul edərək zəhərlənir. Təxminən 60 faiz hallarda insanlar təsadüfən və bilməyərəkdən dərmandan zəhərlənirlər. Belə bir iddia da var ki, statistikalar hazırlanarkən intihar edənləri də dərmandan zəhərlənənlər kimi göstərirlər.



Bir sıra ekspertlər dərmanların keyfiyyətinin şübhə altına alınmasını düzgün hesab etməsə də, bunun əksini düşünüb ölkədə keyfiyyətsiz dərman preparatlarına rast gəlindiyini deyənlər də var. Qeyd edək ki, dərmandan zəhərlənmə kimi hallar yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir. Statistik məlumatlara görə, müasir cəmiyyət il ərzində milyon tonlarla müxtəlif kimyəvi dərman preparatları qəbul edir. Məsələn, ABŞ-da əhalinin gün ərzində qəbul etdiyi aspirinin çəkisi 20-30 tonlarla ölçülür.

Ancaq dərmanlar heç də həmişə yaxşı effekt vermir və öldürür. Həkimlər dərmandan zəhərlənmə halı aşkar edilərkən xəstəyə mütləq ilkin tibbi yardım göstərilməsinin vacib olduğunu vurğulayırlar. Belə ki, dərmandan zəhərlənmə zamanı öncə xəstənin hansı dozada və nə vaxt qəbul etdiyi müəyyənləşdirilməlidir. Bu informasiya toksikoloq üçün çox əhəmiyyətlidir. Əgər dərmanı qəbul edən xəstə hələ özündədirsə, ona təcili olaraq, bir litrədək ilıq duzlu su vermək və qusdurmaq, bundan sonra isə ona hər 10 kq üçün 0,5-1 qram hesabı ilə aktivləşdirilmiş kömür vermək lazımdır. Huşun itirilməsi zamanı zərərçəkənin düzgün nəfəs almasına imkan yaratmaq üçün onu düz istiqamətdə uzatmaq gərəkdir. Hər 1-2 dəqiqədən bir xəstənin nəfəs alıb-almamasını yoxlamaq, ehtiyac olarsa, ona süni nəfəs verməyə başlamaq lazımdır.



Tibb elmləri doktoru, professor Adil Qeybulla hər bir dərman preparatının zəhərlənməyə səbəb ola biləcəyini dedi: “Dərman dozadan artıq qəbul ediləndə zəhərdir, toksik maddədir. Burada iki kateqoriyalı məsələni ayırd etmək lazımdır. Birinci kateqoriyalı məsələ odur ki, dərmanlardan zəhərlənmə qəsdənmi baş verir? Yəni xəstə bilərəkdən çoxlu sayda həblər qəbul edərək özünə qəsd edir, yoxsa sadəcə, normal dozanı qəbul edib zəhərlənir? Bu ikisi fərqli-fərqli şeylərdir. Biri kriminal haldır, digəri isə dərmanlarla bağlı baş verən haldır. Ola bilər ki, dərman maddəsinin keyfiyyət parametrləri aşağıdır və həmin dərman maddələri qəbul olunduqda zəhərlənmə baş verir. Mümkündür ki, həmin həblərin tərkibindəki dərman əlavəsi və sair aşağı keyfiyyətdə olsun. Məsələn, bəzən bu əlavə ağır metal duzlarından və sair ibarət olur, ondan da zəhərlənmə baş verir. Bu bir variantdır. Digər variant isə odur ki, dərman vasitəsini xəstə müalicə məqsədi ilə qəbul edir və zəhərlənir. Yəni bu da dərman vasitəsinin yad təsirindən qaynaqlanır. İstənilən halda dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr əlbəttə ki, ciddi araşdırılmalıdır. Bu dərman maddələrini gətirən firmalar, onun istehsal olunduğu yer, bütün bu məsələlər ciddi araşdırılmalıdır və məsuliyyət daşıyan şəxs cəzalandırılmalıdır. Amma bir insan özünə qəsd etmək üçün bunu edirsə, artıq bu başqa araşdırılmalı məsələdir. Amma keyfiyyətsiz bir dərmandan zəhərlənmə dərman təhlükəsizliyi prinsiplərinin pozulmasıdır və buna görə də məsul olan şirkətlər, firmalar məsuliyyət daşıyır. Təəssüflər olsun ki, bu məsələlər müəyyən korporativ maraqlara görə araşdırılmır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə satışda heç bir keyfiyyətsiz dərmanın olmadığını bildirdi: “Dərmanlar səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarından keçirilir, ondan sonra satışa buraxılır. O dərmanlardan zəhərlənənlər narkomanlardır. Bu cür dərman zəhərlənmələri yalnız narkotik dərmanlardan irəli gələ bilər. Bizim nəzarət etdiyimiz dərmanlarda heç bir zəhərlənmə halı ola bilməz”.

Günel MANAFLI,
“Yeni Müsavat”
Tarix: 13-02-2018, 10:45
Xəbəri paylaş





Xəbər lenti