“Qəsəbəmizin adı Bahardır, amma burda ömrümüz çürüyür” - FOTO
Bahar bağçılıq massivinin sakinləri kanalizasiya və yolsuzluq problemindən şikayətlənir
“Bizim yaşadığımız qəsəbənin adı Bahardır, amma burada bahar adına uyğun gələn heç nə yoxdur. Burada, sadəcə, bizim ömrümüz çürüyür”.
Bunu redaksiyamıza müraciət edən Suraxanı rayonu, Bahar qəsəbəsi kimi tanınan bağçılıq massivinin sakinləri deyir. Onlar bildirir ki, 1987-ci ildə bu ərazidə torpaqlar yüksək nailiyyətlər göstərmiş neftçilərə bağ yeri kimi verilib: “Hazırda burada 1000-dən çox ev var. Əksər evlərin sahibləri ömrünü neft sahəsində fəda etmiş zəhmətkeşlərdir. Biz illərdir ki, bu qəsəbədə yolsuz və kanalizasiyasız yaşayırıq. Təsəvvür edin, 1000-dən çox evin yerləşdiyi, 4-5 min sakinin yaşadığı qəsəbədə kanalizasiya xətti yoxdur və bu səbəbdən antisanitariya vəziyyəti hökm sürür. İnsanlar məcbur olur kanalizasiya sularını küçələrə axıdırlar. Uşaqlarımız da həmin o çirkab suların içərisində oynayır, məktəbə gedib gəlirlər”.
Tarix: 16-02-2018, 14:02