Saytlarla bağlı cəmiyyətdə ən çox tənqid edilən məsələlərdən biri də gündəlik yayımlanan “18+” məlumatlardır.
Daha çox oxucu cəlb etmək, reklam əldə etmək üçün bu gün bəzi saytlar “18+” informasiyalara yer ayırır. Hətta onlardan bir neçəsi bu cür informasiyaların gərəksiz olduğunu bilsələr belə, məhz işçilərini qorumaq məqsədilə buna əl atmalı olurlar. Nəticə isə məqsədi əks etdirmir.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Metbuat.az-a açıqlamasında bildirib ki,bu sahəni müxtəlif məqsədlər üçün istifadə edən insanlar bu qaydaları gözləmirlər:“Bu gün Azərbaycanda çoxlu sayda internet resursları fəaliyyət göstərir. Bunların sayı günü-gündən artmaqdadır. Hətta müxtəlif peşə sahibləri belə saytlar yaradırlar. Bu saytların bəzilərinin hətta ölkədə oxucu auditoriyası belə formalaşıb. Bir çoxları bu istiqamətdə öz fəaliyyətini qurmaq üçün müxtəlif vasitələrdən istifadə edilər. Müxtəlif reklamlar, videoroliklər, 18 yaşdan yuxarı olan mövzuları əhatə edən materiallar paylaşırlar. Əslinə qalanda, burada nəyisə qadağan etmək qeyri-mümkündür. Çünki Azərbaycanda mətbuat azadlığı var. Cəmiyyətimizdə bu informasiyaların tənzimlənməsi ilə bağlı mövcud qanunvericilikdə çərçivələr müəyyən edilmir. Amma etik qaydalar var. Jurnalistikadan kənar, bu sahəni müxtəlif məqsədlər üçün istifadə edən insanlar bu qaydaları gözləmirlər. Təəssüflər olsun ki, cəmiyyətimizə, xüsusən Azərbaycan mühitinə uyun olmayan informasiyalar yayılır. Saytlar bu yolla inkişaf etmək, auditoriya toplamaq, böyük reklam bazarını əldə etmək istəyirlər. Lakin ciddi informasiya ilə də bunu əldə etmək mümkündür. Müasir dövr insanı daha çox ciddi informasiyalar axtarır”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə qeyd edib ki, bu gün saytlar arasında sağ qalmaq, ümumiyyətlə məhv olmamaq üçün mübarizə gedir:“Sayt sahibləri oxucu auditoriyasının geniş olması, öz işçilərinin saxlanılması üçün əllərindən gələni edirlər. Onun üçün də mümkün olan-olmayan bütün əməllərə əl atırlar. Nəticədə, cəmiyyətdə çox ciddi şəkildə aşınma gedir. İnsanların, xüsusən də yetişməkdə olan nəslin əxlaqı pozulur. Bu da bir müddət sonra ciddi şəkildə cəmiyyətimizdə fəsadlara səbəb olacaq. Təəssüflər olsun ki, gündəlik qazanc haqqında daha çox düşünən sayt sahibləri bu cür məsələlərə diqqət yetirmirlər və “18+” məlumatlar yerləşdirməklə pul qazanmağa çalışırlar. Bu cür məsələlərin olması dünyada normal qəbul edilir. Amma ciddiyyəti, konkret ictimai-siyasi mövqeyi ilə seçilən saytların bu cür əməllərə əl atması doğru deyil. Bu saytların ciddiyyəti, onların yaydığı materiallar oradakı ədəb-əxlaq qaydaları ilə ölçülür. Amma Azərbaycanda hərdən görürük ki, çox ciddi ictimai-siyasi yönlü saytlar “18+” məlumatlar yaymaqla auditoriya toplamağa çalışır. Əlbəttə, “18+” xəbər oxuyan auditoriya ilə ictimai-siyasi xəbərlər oxuyan auditoriya fərqlidir. Bu cür məsələlərin tənzimlənməsi üçün qaydalar qəbul olunmalıdır. Eyni zamanda, jurnalistlərin peşə-davranış qaydaları ciddi şəkildə nəzərə alınmalıdır. Təəssüf ki, əksər onlayn media qurumları jurnalistlərin peşə-davranış qaydalarını diqqətə almır, öz istədikləri kimi davranırlar. Bütün bunlar dediyim kimi, cəmiyyətin aşınmasına səbəb olur”.
Saytlara dövlət tərfindən maliyyə ayrılmasını çıxış yolu kimi göstərmək olarmı?Azər Həsrət suala cavab olaraq bildirib ki, bu məsələ dəfələrlə Mətbuat Şurası və ayrı-ayrı qurumlarda müzakirə olunub:
“Təklif edilib ki, gələcəkdə saytlara maliyyə ayrılarkən ictimai-siyasi yükü olan, ciddiyyəti ilə fərqlənən saytlar üstünlük təşkil etsin. İctimai rəyi çaşdırmağa hesablanan, aldadaraq özünə izləyici cəlb etmək istəyən saytlara isə ümumiyyətlə maliyyə ayrılmasın. Gələcəkdə maliyyə ayrılması məsələsində bu məsələlər diqqətə alınacaq. Düşünürəm ki, bütün saytlar ciddi oxucu aiditoriyası toplamaq haqqında düşünməlidirlər”.
Məsələyə ökədəki aparıcı media qurumlarının nümayəndələri də münasibət bildirib.
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov Metbuat.az saytına açıqlamasında bildirib ki, intim xəbərlər axtaran kütlədən heç bir biznesə xeyir gəlməyəcək:
“Məsələnin həlli budur: Reklam verənlərə başa salmaq lazımdır ki, sayta giriş sayı əsas göstərici sayıla bilməz. Siz reklamınızı kimlərin görməsini istəyirsiniz? Hansısa aldadıcı erotik başlıq görəndə əlləri tərləyən çəpişlər doğrudanmı, sizin biznesiniz üçün lazımlı auditoriyadır? Yoxsa, hər halda, siz ciddi, düşünən, cəmiyyətdə qərarlar qəbul edən təbəqənin təmsilçiləri olan insanlara yetişmək istəyirsiniz? Reklam verənlərə intim xəbərlər axtaran kütlə lazımdırsa, işləri avand olsun, amma unutmasınlar ki, o kütlə potensial alıcı deyil. Onlardan heç bir biznesə xeyir gəlməyəcək”.
Publika.az saytının redaktoru Bəxtiyar Əlirzayev isə qeyd edib ki, oxucular yaş həddinə görə xəbərdarlıqlara diqqət etmirlər:
“Açığı, bu məsələdə çox vaxt "18+" anlayışını qarışdırırlar. Çox adam "18+" dedikdə, intim, erotik mövzulu mətnləri nəzərdə tutur. Halbuki, təkcə Azərbaycanda deyil, bütün dünyada xəbər saytlarının, portalların hamısı “18+” materiallar yayırlar. Müharibələr, cinayətlər, qəzalar, terror hadisələri... Əksəri “18+” görüntülərdən ibarət olur. Di gəl, bizimkilər təkcə modellərdən və seksdən yapışıblar. Problem budur ki, bizdə oxucu və tamaşaçı yaş həddinə görə xəbərdarlıqlara diqqət etmir, bu işarələr yeni tətbiq edilməyə başladığına görə, onların mahiyyətinə varmırlar. Əksinə, bu xəbərdarlığı görəndə həmin materiala mütləq baxmaq istəyirlər. “18+” qoyursan, əsəb xəbərdarlığı qoyursan, "ürəyi zəif olanlar baxmasın" yazırsan, girib baxır, sonra sənə qarğış edir. Söyür ki, “Bu nədir? Özümə gələ bilmirəm”. Zalım balası, baxma də! Mən marketəm. İndi siqaret, araq satmayım ki “18+” du? Ət satmayım ki, vegeteryanlar günah sayır? Sənin qarşında abır simvolu olacağımla, işçilərə maaş əvəzinə qəpik-quruş vermək hesabına da olsa, gözünə xoş görünməklə bağlı öhtəlik götürməmişəm axı?!
Azərbaycanda 1-2 "bu gün var, sabah yox" saytları çıxmaqla, peşəkar kadrların çalışdığı xəbər portallarının fəaliyyətində bu məsələ ilə bağlı bir qüsur görmürəm. Hələ bizim portallar abır-ismət nümunəsi də sayıla bilərlər. Məsələn, aylıq büdcəsi milyonlarla dollar olan "The Sun", "Mynet" kimi nüfuzlu xarici media qurumları var ki, onun top slayderində gedən xəbəri yaymağa utanırsan. Halbuki, bu peşəkarlıq deyil. Hadisə varsa, sən onu oxucusuna çatdırmalısan. Kommersiya qurmusansa, büdcən təkcə reklam hesabına formalaşırsa, illah çatdırmalısan. Yoxsa, uduzan tərəf sən olacan. Amma bir detalı xüsusi vurğulayıram:
18+ material hadisədən bəhs edirsə, yaxud öyrədici motiv daşıyırsa. Məsələn, "filan model yandırıb-yaxdı" xəbərini bütün dünya mediası qoyur, şou xəbəridi. Qoyulmalıdı da. Ancaq Sovetin şinelinin yaxasından boylananlar deyirlər ki, bu xəbəri vermə, camaat pozulur. Qardaşım, internet porno saytlarla doludur. Hamısı da əlçatan. Modelin soyunmağımı pozdu camaatı? Sən ümumiyyətlə, o xəbərin içində nə gəzirsən, gir filan rayonda bu qədər taxıl əkilib xəbərini oxu də. Ya da səni maraqlandıran bölmələrə gir, o xəbərlər bax. "Dekameron"u, "Min bir gecə nağılları"nı, "Lolita"ni döşəyin altında gizlədənlərdi hamısı. Xəbər portalları çeşidli xəbərləri verməlidirlər. Çalışmalıdırlar ki, bütün sahələr üzrə maraqları nəzərə alsınlar. Saytın giriş sayı günbəgün artmalıdır ki, gəlir azalmasın. Gəlir dayanıqlı olmalıdır ki, rəqabətə dözə biləsən. Bu yaşadığımız dövrün iqtisadi sisteminin tələbidir. Bu arada mail.ru, rambler.ru və s. kimi onlarla onlayn poçt xidmətləri də “18+”-dur.”
Tarix: 20-02-2018, 15:18