Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər edəcəyi gözlənilir.Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, Novruz bayramı günlərində ölkəyə gələn turistlərin sayının ölkədən dincəlməyə gedəcək insanların sayından çox olacağı proqnozlaşdırılır.
N.Bağırov qeyd edib ki, bu ilki Novruz bayramı günlərində Azərbaycana xaricdən gələcək turistlər arasında İran vətəndaşlarının sayının üstünlük təşkil edəcəyi gözlənilir:
"Martın 21, 22, 23-də İrandan Azərbaycana böyük turist qrupları gələcək. İrandan gələcək turistlərin sayının çoxluğunu nəzərə alaraq, bayram günlərində İran və türk müğənnilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulur".
N.Bağırov qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana ərəb ölkələrindən, Rusiyadan də turistlər gələcək.
Xatırladaq ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Onlardan 853 082 nəfər Rusiya, 537 710 nəfər Gürcüstan, 362 597 nəfər İran, 301 553 nəfər Türkiyə, 102 360 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfər İraq, 57 756 nəfər Ukrayna, 33 273 nəfər Səudiyyə Ərəbistanı, 381 213 nəfər isə digər ölkələrin vətəndaşları olub.
2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.
Tarix: 28-02-2018, 09:18