Fevralın 22-də Bakının ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün 1-ci sinfə qəbul başlayıb. Bir gün sonra isə məktəbə hazırlıq qruplarında 24 mindən çox uşağın avtomatik 1-ci sinfə qəbul olunduğu açıqlanıb.Böyük ehtimalla, bu il də övladının rusdilli məktəblərdə və ya rus bölməsində təhsil almasını istəyən valideynlərin sayı az olmayacaq. Beləliklə, 1-ci sinfə qəbul məsələsi yenidən rus dili bölməsi ilə bağlı müzakirələri gündəmə gətirib. Maraqlıdır ki, son bir neçə ildə orta məktəblərin rus bölməsinə maraq xeyli artıb. Ekspertlərin əksəriyyəti rus dilində təhsilin sovet imperiyasının qalıqlarından biri olduğunu vurğulayır və bildirirlər ki, ölkədə rus dilinin inkişafı üçün kifayət qədər böyük baza var və bu təhsildə rus bölməsinin üstün olmasına gətirib çıxarır. Bunun üçün də birmənalı olaraq ölkədə ana dilində təhsilin məcburi və alternativsiz olmasının vacibliyini vurğulayırlar. Sosial şəbəkələrdə, mətbuatda rusdilli siniflərin təhlükəli olduğunu, nəhayət ki, bağlanılması ilə bağlı fikir səsləndirənlərlə yanaşı, bunun müsbət tərəflərini qeyd edənlər də var. Araşdırmalar zamanı məlum olur ki, təkcə rusdilli ailələr deyil, bu dili zəif bilən valideynlər də çalışır ki, övladları rus bölməsində təhsil alsın.
“Özü, valideynləri rus dilində bilməyənlər ”moda" xətrinə və ya guya “yüksək səviyyə” xətrinə rus bölməsini seçir". Bu fikirləri isə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşıb. Ekspert Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə maraqlı təklif edə verib: “Təklif edirəm ki, 1-ci sinfə şagirdlərin qəbulu zamanı rus bölməsini seçənləri yoxlayıb ondan sonra qeydiyyatdan keçməyə buraxın. Özü, valideynləri rus dilində bilməyənlər ”moda" xətrinə və ya guya “yüksək səviyyə” xətrinə rus bölməsini seçirlər. İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirlər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad mənzərə çıxır. Kimsə rus dilində səlist, sərbəst bilir, kim isə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar".
Daha sonra ekspert qeyd edib ki, Azərbaycanda orta məktəblərin ümumi sayı 4472-dir ki, onun da 340-da tədris rus dilində aparılır. Bu isə orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir: “Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədəki şagirdlərin 6,3 faizidir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.
Ayrıca tədris dili rus dili olan iki universitet:
Moskva Dövlət Universitetinin Bakı filialı və Seçenov adına Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərir.
Bir də adı bütün slavyan dil və ölkələrini birləşdirən Slavyan Universiteti var. Bakı şəhərində 310 ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir".
Ekspertin qeyd etdiyi kimi, hazırda ölkədə təxminən 90 minə yaxın şagird rus bölmələrində təhsil alır. Bu statistikanın özü müəyyən müzakirələrə yol açır. Bəs rus dilinə bu qədər marağın səbəbi nədir?
Məlum məsələdir ki, Azərbaycan 70 il sovet, faktiki rus imperiyasının daxilində olub. O zamanlar rəsmi dil rus dili hesab olunurdu və imperiya xalqlarında əsasən bu dildən istifadə olunurdu. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra imperiya xalqlarının əksəriyyəti rus dilində danışmaq ənənəsini davam etdirdi, o cümlədən ölkəmizdə də. Hətta Rusiya yenidən rus dilinin hakim olunması üçün müəyyən işlər görməyə çalışır. Belə ki, 2016-cı ildə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanova hazırda dünyada rus dili ilə bağlı bir sıra problemlərin olduğunu əsas gətirərək, keçmiş SSRİ ölkələrində rus dilinə yüksək hüquqi statusun verilməsi ilə bağlı məsələ qaldırılmasını tələb etmişdi. Bəziləri rus dilinin “pilot dil” kimi hələ də çox vacib olduğunu düşünür. Bunu da onunla əsaslandırırlar ki, ölkəmizdə tərcümə imkanları azdır və hələ ki, bu dilə böyük ehtiyac var.
Bu gün Azərbaycanda bir çoxları rus dilində danışır və ya bu cəhd edir, rusca anlayışı olmayanlar belə övladlarının rus dilində təhsil almasına çalışırlar. Bəs evdə öz ana dilində, məktəbdə isə rus dilində danışmaq məcburiyyəti uşaqlara necə təsir buraxır?
Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bəli, doğrudur ki, övladlarının rus dilində təhsil almasını istəyən valideynlərin sayı ildən-ilə artır. Əgər əvvəllər rusdilli ailələr övladlarının bu dildə təhsil almasına çalışırdısa, hazırda rus dilində danışa bilməyən, bu dildən anlayışı olmayanlar belə buna çalışır. Hazırda rus dilini bilməklə insanların perspektivi artıb, bu da tələbatdan irəli gəlir. Çünki iş yerlərinin əksəriyyətində, yəni istərsə özəl, istərsə də dövlət müəssisələrində, firma və şirkətlərdə demək olar ki, əksər insanlar rus dilində danışır. İş yerlərində rusdillilər böyük əksəriyyət təşkil edir. Səbəb əsasən bununla bağlıdır. Valideynlər də öz aləmində düşünürlər ki, gələcəkdə övladları karyera qurmaq, rahat iş tapmaq, problemlər yaşamamaq üçün rus dilini bilməlidir və bu dildə təhsil almalıdır. Belə bir tələbatı öz gündəlik həyatlarında gördüklərindən valideynlər indidən öz uşaqlarını öz aləmlərində sığortalayırlar. Bir qisim valideynlər bunu onunla əsaslandırır ki, Azərbaycandilli bölümlərdə uşaqlarda tərbiyəsizlik, kobudluq, təhsildən yayınma çox olur. Lakin belə bir fikir var ki, rusdilli bölümlərdə uşaqlar daha tərbiyəli, dərsə davamiyyətli olur, həm də bu bölmələrdə uşaqlara yaxşı təhsil verilir, qayda-qanun yaxşıdır”.
Digər psixoloqların fikrincə, uşaqların məcburən rus dilində təhsil alması onlara psixoloji sarsıntı vermir. Sadəcə, bu dildə təhsil alan uşaqlarda fikir, düşüncə ayrılıqları olur, baxış bucaqları fərqlənir.
Tarix: 28-02-2018, 10:30