Novruzda hara gedək - tur qiymətləri “əl yandırır”

Novruzda hara gedək - tur qiymətləri “əl yandırır”
Həmişəki kimi, xaricdə istirahət etmək ölkə daxilində istirahətdən daha ucuz başa gəlir - səbəb...

Novruz bayramı üçün 7 günlük tətil nəzərdə tutulub. Bu tətili səmərəli və fərqli keçirmək istəyənlər kifayət qədərdir. Kimi bayramı xarici ölkələrdə, kimisi isə Azərbaycan daxilindəki səfalı guşələrdə keçirməklə onu fərqli yaşamaq istəyir.
Qiymətlərə gəlincə, kiçik bir araşdırma apardıq. Müşahidələrimizə əsasən deyə bilərik ki, hər zaman olduğu kimi, yenə xarici ölkələrdə istirahət etmək ölkə daxilində istirahətdən daha ucuz başa gəlir. Məsələn, “RVS Travel” turizm şirkəti 140 dollara Tiflis Novruz turu təklif edir. Bu turun müddəti 19-29 mart tarixlərini əhatə edir. Turun qiymətinə gediş-dönüş aviabilet, 3 gecə 4 gün oteldə qalmaq, səhər yeməyi daxildir. Novruzun tətil günlərini Sankt-Peterburqda keçirmək istəyənlərə isə bu, 447avrodan başlayan qiymətlərlə başa gələcək. Tur 20-24 mart tarixlərini əhatə edir. Bu məbləğə gediş-dönüş aviabileti, 4 gecə 5 gün dördulduzlu oteldə qalmaq, səhər yeməyi, ekskursiya proqramı, ekskursiyalar zamanı özəl nəqliyyat xidməti, bələdçi, transfer (hava limanı-otel-hava limanı), səyahət sığortası daxildir. “Kral Travel" turizm şirkəti isə 19-22 mart tarixlərin Dubay turu təşkil edir. Turun qiyməti 555 manatdır. Qiymətə aviabilet, oteldə 4 gün 3 gecə qonaqlanma və səhər yeməyi daxildir.

Ölkədaxili turlara gəlincə isə 20-22 mart tarixlərini əhatə edən Zaqatala-Balakən-Qax, Şəki, Qəbələ turu bir nəfər üçün 149 manata başa gələcək. Bu məbləğə komfortlu avtobusla səyahət, 2 fərqli oteldə gecələmə, 7 dəfə yemək, bələdçi, ekuskursiya, fotosessiya daxildir. 6 yaşlı uşaqlar üçün isə gedişhaqqı pulsuzdur. Təbii ki, əgər əlavə xidmət tələb edilməzsə. 20-22 mart tarixlərini əhatə edən Mingəçevir-Göygöl turu isə adambaşına 129 manata başa gələcək.

Maraqlıdır, ölkəmizdəki vətəndaşlar Novruz ərəfəsində daha çox hansı ölkələrə üz tutur? Həmçinin Novruzu Azərbaycanda keçirmək üçün daha çox hansı ölkələrdən turistlər gəlib?

“FLY Travel” şirkətinin rəhbəri Mamed Əliyev “Yeni Müsavat”a bildirdi ki, azərbaycanlılar daha çox Türkiyə və Dubaya gedir:
“Azərbaycan daxilində daha çox Quba və Qəbələyə gedirlər. Qiymətlərdə heç bir artım yoxdur, münasib qiymətlər təklif edilir. Misal üçün, iki nəfərin İstanbula bir həftəlik istirahəti 1100-1200 dollara başa gəlir. Artıq bir ay əvvəldən demək olar ki, bütün yerlər tutulub. Hazırda yerlər yoxdur. Ancaq əvvəlki illərə nisbətən ölkəmizdən xaricə istirahət üçün gedənlərin sayında xeyli azalma var. Dollar və avro baha olduğu üçün gedənlər azdır, ən çox gələnlər var. Azərbaycana Novruz bayramını keçirmək üçün daha çox farslar, iranlılar, ərəblər, iraqlılar gəlir. Onlar da ən çox paytaxtda qalırlar. Onların içərisində iranlılar ailəliklə daha çox gəlirlər. Hətta onların çoxu artıq gəlib və martın 25-ə qədər qalacaqlar. Avropa ölkələrindən gələnlərin sayı isə barmaqla sayılacaq qədər azdır”.



Turizm sahəsi üzrə eskpert Çingiz İsmayılov isə Novruz bayramını Azərbaycanda keçirməyin daha cəlbedici olduğunu dedi, nəinki harasa getməyin: “İnsanlar bayram günlərində maraqlı əyləncələrə, şənliklərə, muzeylərə getmək, meydançalarda tamaşalara baxmaq istəyir. Əvvəllər bu cür şənliklər yalnız paytaxtda az miqyaslı olurdu. İndi Bakının Nizami, Nəsimi və digər rayonlarında da icra hakimiyyəti, yerli bələdiyyə idarələri çalışırlar ki, belə bir əyləncələr təşkil etsinlər. İnsanların bir hissəsi 25 il ərzində çox gəzib, görüblər. Turistlərin bu ərəfələrdə Azərbaycana gəlməsi servis səviyyəsinin qalxması, turist cəlb etmək üçün o əyləncələrin təşkilidir. İstirahət yalnız yeyib-içib, uzanıb yatmaq deyil. İnsanlar vaxtını səmərəli, maraqlı keçirmək istəyir. Təbii ki, turizmin inkişafına diqqət verildiyi üçün insanlar burda vaxtını keçirməyə daha çox üstünlük verir. Digər tərəfdən xarici ölkələrdə miqrantlara qarşı münasibət gərginləşib. Həmçinin maliyyə böhranı ilə bağlı orada da qiymətlər qalxıb. Hansısa xarici ölkəyə 7 günük istirahətə getsəniz bunun 2 gününü gedib-qayıtmağa sərf etməli olacaqsınız. Beləcə, 5 gün istirahət etmiş olursan. Azmüddətli istirahəti isə heç kim istəmir. Daha yaxşı olar ki, 2-3 saatlıq məsafəsi olan bir yerə gedib istirahət edəsən. Bundan başqa Novruz bayramı bizim bayramımızdır. Bu bayram nə Gürcüstanda, nə də Dubayda bu cür keçirilmir. Ona görə də bayramı burda qalıb keçirmək daha cəlbedicidir”.

Qeyd edək ki, Bakıda bir həftəlik böyük Novruz festivalı keçiriləcək. Builki festival ötənilkindən daha təmtəraqlı və daha geniş məkanda olacaq. Belə ki, bu dəfə festival “Sabir bağı”nda yox, şəhərin mərkəzindəki daha geniş ərazidə, Fəvvarələr meydanında keçiriləcək. Festival martın 20-də başlayacaq və martın 25-də bitəcək. Festival cərçivəsində Azərbaycanın tanınmış sənətçiləri, o cümlədən, müxtəlif bölgələrindən folklor kollektivləri konsert proqramı ilə çıxış edəcəklər. Həmçinin, pəhləvanlar, akrobatlar, sehrbazlar, aktyorlar müxtəlif nömrələrlə tamaşaçıları əyləndirəcəklər. Bundan əlavə, festival çərçivəsində sənətkarların əl işlərinin sərgisi və satışı təşkil olunacaq, eləcə də milli mətbəxin nümunələri nümayiş etdiriləcək, həmin təamları dadmaq imkanı yaradılacaq.(“Yeni Müsavat”)
Tarix: 10-03-2018, 10:36
Xəbəri paylaş





Xəbər lenti