Bakı şəhəri üzrə Təhsil İdarəsində 12 sektor, xidmət bölmələri və Təlimə Dəstək Mərkəzi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyində 317 məktəb (307 tam orta məktəb, 7 əyani-qiyabi axşam məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb) və 46 məktəbdənkənar müəssisə vardır. Təhsil Naziri kürsüsünün boş qaldığı indiki dönəmdə BŞTİ müdiri Məhəbbət Vəliyeva özünü demək olar «paytaxtın təhsil naziri» kimi aparır. M.Vəliyeva keçmiş Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə irəli çəkilib. Elə həmin gün nazirin digər əmri ilə Rəşad Tağıyev İdarəyə müdirin I müavini vəzifəsinə təyinat alıb. Müdirin kadrlar üzrə müavini vəzifəsini Roman müəllim daşısa da, kadr məsələsini də Rəşad Tağıyev nəzarətində saxlayır. Məhəbbət müəllimənin bu məsələdə Rəşad müəllimə meydan («Müəllim» sözü burada yalnız müraciət formasında işlədilir. Çünki əslində o, ixtisasca hüquqşünasdır, Ukraynada oxuyub, başqa nazirlikdə çalışıb) verməsinin yəqin ki, ciddi səbəbi vardır. Etibarlı mənbədən öyrəndiyimiz məlumata görə, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışdığı dönəmdə IX-X-XI siniflərə qəbul məsələsində onun barəsində Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət daxil olub və araşdırma aparılıb. Həmin vaxt çətin anlar yaşayan Məhəbbət müəllimə insult keçirib, hətta fizionomiyasında müəyyən müddət qüsur yaranıb. Lakin necə olubsa, bu xətəri öz üzərindən sovuşdura bilib, məsuliyyətə cəlb olunmayıb. Müdir vəzifədə işə başlayan kimi M.Vəliyeva məktəb direktorlarını müsabiqə ilə «məşhər ayağına» çəkdi. Təkcə 2017-2018-ci təhsil ilinin başlanğıcında M.Vəliyeva direktorların fəaliyyətinin yoxlanıldığını və layiq olmayanların vəzifədən kənarlaşdırıldığını bildirmişdi. Bəyan etmişdi ki, bundan sonra da məktəblərin idarəçiliyi idarənin diqqət mərkəzində olacaq: “Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır. Bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıb”. Ancaq görünür, BŞTİ-nin təşkil etdiyi müsabiqələrin ən «mühüm» və son imtahanı direktorluğa namizədlər üçün keçilməz səddə çevrilib. Təhsil Naziri postu başsız qalandan sonra isə Məhəbbət Vəliyeva «dərəni xəlvət» görüb «qanunvericiliyin tələblərini» daha da ağırlaşdırıb. Nəticədə «yarpaq tökümündən» sonra bir sıra məktəblərdə direktor yeri boş qalıb. M.Vəliyeva həmin vəzifələrə müvəqqəti olaraq İdarənin inspektorlarını təyin edib. 248 nömrəli məktəbi inspektor Xəyyam müəllim, 293 nömrəli məktəbi inspektor Adil müəllim hələ də direktor kimi idarə etməkdədirlər. Məhəbbət Vəliyeva hələ ki, 220 və 178 saylı məktəblərə də «ipə-sapa yatacaq» direktor tapa bilmir. 20 saylı məktəbə yollamış olduğu BŞTİ-nin kadrı, paytaxt təhsil ictimaiyyəti arasında müdirin «qara kassası» kimi tanınan Yaqut Məmmədovanı geri çağırsa da, onun qızı Nihal Hacıyeva 267 saylı məktəbə direktor göndərilib. Bu, Yaqut Məmmədovanın Məhəbbət Vəliyeva — Rəşad Tağıyev cütlüyünün qarşısında «müstəsna» xidmətinin olduğuna işarədir. Əlbət ki, Yaqut Məmmədovanın «Tərəqqi» medalı ilə təltif olunması üçün BŞTİ rəhbərliyinin təqdimatı da əsas rol oynayıb. Xatırlatmağa dəyər ki, bir ara KİV-də Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin dorektoru Firəngiz Həsənovanın Məhəbbət Vəliyevanın Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilyantla bəzədilmiş qızıl saat hədiyyə etdiyi barədə xəbər dolaşdı. Məqsədimiz həmin məsələlərin üstünə yenidən qayıtmaq deyil. Bir onu yada salmaq istəyirik ki, həmin yazılar internet resuslarında hələ də qalmaqdadır: nə Fİrəngiz Həsənova, nə də Məhəbbət Vəliyeva tərəfindən rəsmən təkzib edilməyib.
Ən maraqlısı odur ki, Bakının ən rüşvətxor məktəb direktorlarından olan Texniki Humanitar Liseyin müdiri Səidə Zeynalovanın rüşvət mexanizmlərindən ibarət silsilə yazılar, «MƏHƏBBƏT VƏLIYEVA ILƏ SƏIDƏ ZEYNALOVANIN ŞƏRIKLI BIZNESI», «TEXNIKI-HUMANITAR LISEYDƏ SƏIDƏ ZEYNALOVA YOXLAMANI NECƏ ALDATDI», «SƏIDƏ ZEYNALOVANIN RÜŞVƏT KAMPANIYASI», «FALÇI ÜMIDINƏ QALAN TƏHSILIMIZ» başlıqlı məqalələr dərc edib araşdırılması üçün BŞBTİ-nin rəisi Məhəbbət xanım Vəliyevaya göndərsək də nədənsə rəis xanım susmağı daha üstün tutdu.Susmaq isə razılıq əlamətidir,elə deyilmi cənablar!
P.S.Məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi üçün BŞTİ-nin mətbuat xidməti rəisi Bəşarət müəllimlə əlaqə saxladıq. O, bildirdi ki, direktorları və müəllimləri işə Təhsil Nazirliyi götürür və nə qədər məktəbin boş qalmasından, onları kimin əvəz etməsindən məlumatım yoxdur. Digər məsələlər isə Baş Prokurorluğun səlahiyyətində olduğundan ora müraciət etməyi tövsiyyə etdi.
Mövzunu davam etdirəcəyik
Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq. (Müəllif: Dəryaz Oraqov 16 Mart 2018)http://deryaz.az/?p=3695