Milyonlarla "iPhone" istifadəçisi təhlükədədir

 iPhone-ların şifrəsini qırmaq üçün təhlükəsizlik xidmətləri üçün istehsal olunan GrayKey adlı cihaz satışa çıxarılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, FTB 2015-ci ildə San-Bernardino şəhərində törədilən teraktdan sonra şübhəlilərdən birinin "iPhone"unu açmaq üçün "Apple"dan kömək istəmişdi. Lakin şirkət milyonlarla istifadəçisinin təhlükəsizliyi üçün iOS-da arxa qapı açmaqdan imtina etmişdi. Bundan sonra FTB təhlükəsizlik şifrəsini "Cellebrite" şirkətinin köməyi ilə açmışdı.

Elektrotexnika bazarında iPhone, uPad və iPod kimi iOS proqramlı cihazların təhlükəsizlik kodunu qıra bilən "GrayKey" adlı cihaza rast gəlinib. Bu cihaz ABŞ-ın Corciya ştatında yerləşən "Grayshift" adlı bir şirkət tərəfindən ixtira olunub.

"Graykey" 2017-ci ildə hazırlansa da bu vaxta qədər çoxları ondan xəbərsiz olub, lakin bu ayın əvvəlində Forbes dərgisi "iPhone"ların şifrəsini qıra bilən cihaz barədə geniş məlumat yayımlayıb. Məlumatda sözügedən şirkətin "Apple"in keçmiş təhlükəsizlik mütəxəssisi və ABŞ kəşfiyyat rəhbərləri tərəfindən idarə edildiyi qeyd olunub.

Cihazın istifadəsi çox asandır. Belə ki, iki başlıqlı naqili olan cihazın vasitəsilə 4 rəqəmli şifrəni 2-3 saata, 6 rəqəmli şifrəni isə bir az daha uzun müddətə qırmaq olur.

Sözügedən cihazın son model "iPhone X"ı belə aça bildiyi qeyd olunur. Cihaz 2 fərqli formada satışa çıxarılıb. Birinci model internetə bağlı çalışır və başqa bir yerə aparıla bilmir, həmçinin sadəcə 300 dəfə kod qıra bilir. Onun qiyməti 15 min dollardır. Digər model isə müddətsiz çalışır ki, onun qiyməti isə 30 min dollardır.

Mütəxəssislər bu cihazların yanlış insanların əlində olmasından qorxurlar. Çünki bununla oğurluq telefonların belə qısa zamanda kodunu dəyişib satışa çıxarmaq mümkündür. Bu isə o deməkdir ki, milyonlarla iPhone istifadəçisi təhlükədədir.
Tarix: 18-03-2018, 14:56
Xəbəri paylaş





Xəbər lenti