Moderator.az saytı Novruz bayramı haqqında orta əsr Şərq mənbələrinə istinad edərək bəzi maraqlı detalları təqdim edir. Onlardan biri də bu gün hər evdə artıq hazır olan, əbədi üçlük-şəkərbura, paxlava və qoğal haqqındadır:
Novruz bayramının İslamdan əvvəl mövcud olması barədə Xaqani Şirvani, Nizami Gəncəvi, Füzuli, Yusif Çəmənzəminli, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Təhmasib, Nəriman Nərimanov, Bəhlul Abdulla və b. güclü qələm sahibləri də öz əsərlərində məlumat veriblər. Söz dühalarının gəldikləri nəticə isə belə idi: İslama məxsus dini bayramlar ay təqviminə əsasən hərəkətdədir, yəni ilin müxtəlif günlərinə düşür, Novruz bayramı isə Günəş təqviminə əsasən hər il eyni günə düşür, yəni martın 21-22-si qeyd olunur. Folklor tədqiqatçısı Ağaverdi Xəlil də mənbələrə əsaslanaraq Novruzun 2600 il öncə yaradıldığını və Günəş təqvimi ilə qeyd edildiyini yazır. Təbii ki, yalnız Günəşi, Göyü Tanrı sanan, türk qadını, oda sitayiş edən atəşpərəst qadın bişirdiyi bayram şirniyyatlarında Günəşi, Ayı, Ulduzu nəqş edə bilərdi. Qoğalın üzərində Günəşin təsviri, şəkərburanın Hilal ”“ Ay formasında bükülməsi, paxlavanın isə Ulduz şəklində kəsilməsi və yaxud bölgələrimizdə, əsasən Qəbələ və Göyçayda bişirilən “üçqulaq” deyilən və eynilə ulduzabənzər, şəkər və qozdan hazırlanan şirniyyat növü - paxlava heyrətamizdir!..
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də özünün araşdırmasında Novruz şirniyyatlarının kosmik simvolikası haqqında maraqlı faktları qeyd edir:
“Novruz sistemini insanlar Günəş, Ay və qismən də ulduzların hərəkətinə istinadən yaradıblar. Zaman hesablanmasını insanlar Günəş və Ayın gərdişi üzərindəqurmuşlar. Günəş martın 21-22-dən götürdüyü hərəkət xəttini 365 gündən sonra tamamlayır və ilkin durduğu nöqtəyə qayıdır. Qədim və orta əsr insanı vaxtın hesablanmasında Ayın hərəkətinə də əsaslanmışdır. Çox doğru yerə, insanlar ayın yarımdairə halında (hilal) görünməsini yeni ayın başlanğıcı kimi qəbul etmişlər. Ayın hərəkəti əsasında qəməri (Ay) təqvim yaradılmışdır. İnsanlar ulduzların hərəkətinə də əsaslanıb, vaxt, zaman bölgüsünü hesablayıblar. Ulduzların səmanın cənubunda ardıcıl,müntəzəm şəkildə görünməsini müşahidə etmiş qədim və orta əsr insanı bu parametrdə də səhv etməyib. Novruz İnsana həyat verən 4 ünsürün – suyun, odun, havanın, torpağın isinməsi, istəyi ilə bağlı yaranmışdır. Novruz bayramı bişirilən şirniyyatların hazırlanması zamanı ibtidai insanların astral təsəvvürləri nəzərə alınmışdır. Bunu bayram şirnilərinin formal əlamətləri də təsdiqləyir. Bu formal əlamətlər içərisində günəş və ay kultunun üstünlüyü özünü açıq şəkildə göstərir:
1) Qoğal – Günəşin simvoludur. Qoğal günəşin və istiliyin simvolu kimi süfrəyə gətirilir.Od elementidir.
2) Şəkərbura – Ayın simvoludur. Şəkərburanın da kənarındakı və üzərindəki naxışlarının da ayın şüalarını xatırlatdığı qeyd olunur. Hava simvoludur.
3) Paxlava isə – alovun rəmzi sayılır. Paxlava isə ortasına qoyulmuş fındıqla yaranışın mifik mənasını özündə əks etdirir. Torpaq elementidir. Çünki yaranış ilk olaraq torpaqdan başlamışdır. Eyni zamanda Paxlavanın romb forması mənasına görə inkişafla doğuşla bağlıdır,daha dəqiq şirin, yumşaq, həyatverən Qadın Başlanğıcıyla, Analıqla bağlıdır. Paxlavanın ortasına qoyulan badam, qoz, fındıq isə bu oxşarlığı daha da biruzə verir. Digər tərəfdən paxlava oyanmanı, sərt qış yuxusundan yaşamağa açılan gözü ifadə edir.
4) Şəkərçörəyi- isə Su elementidir. Çünki formasına və tərkibinə görə torpaq üzərində gölü xatrladır. İçməli su mənbəyi kimi göl qəbul edilir”.