Qoz-fındıq ürəyə xeyirdir (61 min adam sınağa çəkilib)


Qoz-fındıq ürək-damar xəstəliyi, habelə ürəyin ritm pozuntusu riskini azaldır. Novator.az-ın məlumatına görə, bir qrup isveçli alimin tədqiqatı belə nəticə ortaya çıxarıb. Tədqiqatın yekunları “Heart” jurnalında dərc olunub.

Alimlərin tədqiqatında 45-83 yaş arası 61 min isveçli iştirak edib. İştirakçılar qida rasionları haqda məlumat veriblər, sonra 17 il ərzində könüllülərin ürək-damar sisteminin vəziyyəti izlənib. İnsan tədqiqat illəri ərzində ölübsə, alimlər ölüm səbəbini müəyyən ediblər.

Müşahidə zamanı 4 min 983 ürək tutması halı qeydə alınıb, onların 917-si ölümlə nəticələnib.

3 min 160 insanda ürək çatışmazlığı, 7 min 550 adamın ürəyində ritm pozuntusu, 972 insanda aorta klapanının sıxılması, 983 nəfərdə damar genişlənməsi, 3 min 782 nəfərdə beyinin işemik insultu və 543 adamda beyinə qansızma halı qeydə alınıb.

Müşahidə göstərib ki, qoz-fındıq qəbulu ürək tutması, çatışmazlığı, ritm pozuntusu və damar genişlənməsi riskini azaldır. Nəticələr cinsdən və yaşdan asılı olaraq dəyişsə də, mütəxəssislər bildirirlər ki, ayda orta hesabla 1-3 porsiya qoz-fındıq yemək ürək ritminin pozuntusu riskini 3 faiz, həftədə 1-2 porsiya 12 faiz, həftədə 3 porsiyadan artıq isə 18 faiz azaldır.

Tarix: 17-04-2018, 16:24
Xəbəri paylaş





Xəbər lenti