2018-ci ildə Yasamal rayonunda 2000-dən artıq yaşayış və qeyri yaşayış obyekti söküləcək. Gununsesi.az xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.
Onun sözlərinə görə, bu il ərzində “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ilkin araşdırma aparılıb və nəticədə Nabat xanım Aşurbəyova – keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib.
Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi təmin ediləcək.