Məhkəmələr qanunsuz tikililər üzrə mülkiyyət hüququnu tanımır

 

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı problemləri mövzusunda araşdırma

Demokratik Təşəbbüslər İnstitutu “Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı problemləri” mövzusunda araşdırma sənədini yayıb.

38 səhifəlik araşdırmanın müəllifləri bu sahədə əhalinin böyük hissəsinin maraqlarına toxunan problemləri öyrəniblər.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda özbaşına (qanunsuz) tikililərin sayı 500 mindir və onlarda təxminən 2 mln. adam yaşayır.

Bu cür tikililərlə bağlı problemlər sürətli urbanizasiya, planlaşdırmanın olmaması, qanunvericilikdəki ziddiyyətlər və mürəkkiblik, çoxsaylı bürokratik əngəllər, torpaq sahəsinin alınması və tikintiyə icazə verilməsi zamanı korrupsiya hallarının olması nəticəsində yaranıb.

Bundan əlavə, mənzil alınması üçün münasib mexanizmin olmaması, yoxsulluq, işğal edilmiş ərazilərdən məcburi köçkünlərin və Ermənistandan qaçqınların kütləsi miqrasiyası da öz rolunu oynayıb.

Məhkəmələr qanunsuz tikililər üzrə mülkiyyət hüququnu tanımır. Halbuki, beynəlxalq qanunvericilik və AİHM-in presedent qərarları belə hüquqların tanınması ilə bağlı xüsusi hallara yol verir.

Qanunsuz evlərdə yaşayan 2 mln.-a yaxın vətəndaş yaşadığı yer üzrə qeydiyyatla bağlı problemlə üzləşir ki, bu da hüquqi çətinliklər yaradır.

500 minə yaxın yaşayış obyekti torpaq və əmlak vergisinə şamil edilmir.

Qanunsuz məskunlaşma yerlərində sosial infrastruktur, kommunikasiya, uşaq bağçaları və körpələr evi, məktəb yoxdur.

Sənədsiz evlərin qeydiyyatı üzrə ən effektiv addım prezidentin 13 yanvar və 15 oktyabr 2015-ci il fərmanları olub. Bu fərmanlardan sonra 30 min obyektə mülkiyyət hüququna dair şəhadətnamə verilib.

Hələ 2011-ci lilin martında prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin müşavirəsində qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş vermişdi.

Araşdırma müəllifləri bu prosesin sürətləndirilməsini tövsiyə edirlər. Həmçinin nəzərdə tutulur ki, məhkəmələr bu cür mübahisələrə baxarkən AİHM-in presedent qərarlarına əsaslansınlar.

Bələdiyyələrin icazəsilə dövlət qurumlarlının balansında olan torpaqlarda tikilən obyektlərin sökülməsinə gəlincə, onlar məhkəmələrin qərarları ilə sökülməlidir, obyekt sahiblərinə kompensasiya verilməlidir.

Korrupsiyaya qarşı mübarizə çərçivəsində daşınmaz əmlakın qeydiyyatına nəzarət edilməlidir.

Telekanallar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları və vətəndaş cəmiyyəti fəalları ilə bu mövzuda maarifləndirmə proqramları hazırlamalıdır.

*Demokratik Təşəbbüslər İnstitutu 2013-cü ilin noyabrında bir qrup vətəndaş fəalı tərəfindən yaradılıb. Quruma MSK-nın keçmiş üzvü Akif Qurbanov rəhbərlik edir.

Tarix: 19-04-2018, 20:01
Xəbəri paylaş





Xəbər lenti