Qeydiyyatı olmayan bahalı özəl uşaq bağçaları –Bu obyektləri kimlər himayə edir?



 Qalmaqala səbəb olan videomaterialın qəhrəmanı, Bakının Yasamal rayonunda yerləşən, tez-tələsik bağlanan “Kids Studio” özəl uşaq bağçasının tərbiyəçisi Firuzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, AR CM-in 133-cü (əzab vermə) maddəsi ilə ittiham olunan Tağıyeva barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qadın “Kids Studio” mərkəzində azyaşlı uşaqlara kobud davranmaqda və onları döyməkdə ittiham olunur.

Sözügedən müəssisədə körpənin döyüldüyü əks olunan video bu həftə yerli sosial şəbəkələri sözün əsl mənasında silkələdi. Məlum oldu ki, videogörüntünü uşaq bağçasından işdən çıxarılan resepşn əməkdaşı yayıb. Uşaq bağçasının müdirəsi Nigar Müseyibova bildirib ki, videokadrlardan xəbəri yox idi, müəssisə qalmaqal aradan qalxana qədər fəaliyyətini dayandırır.

Azərbaycanda belə hallarda həmişə olduğu kimi, rəsmi reaksiya çox gecikmədi. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bakıda fəaliyyət göstərən “Kids Studio” uşaq bağçasının qanunsuz, lisenziyasız işlədiyini bəyan etməyə tələsdi. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsi məsələləri ilə ASAN Xidmət məşğul olur.

Öz növbəsində, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, idarə bu qalmaqalla bağlı araşdırmaya başlayıb, müvafiq qurumların nümayəndələri ilə birgə iş aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir.

Azərbaycanda böyük qəzalar, yanğınlar, sürüşmələr və qalmaqallar təcrübəsi göstərir ki, “mənimlə əlaqəsi yoxdur” sxemi ilə FH-dən kənarda durmaq dövlət qurumlarının ənənəvi fəaliyyət taktikasıdır.Onların cavabları şablon, üstüörtülüdür. Amma çoxları bir neçə il əvvəl hakimiyyətin özünə məlum olan səbəblərdən məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxararaq, yerli icra hakimiyyətlərinin tabeliyinə verdiyini xatırlayır. Bu sahədə nizam-intizam yaratmaq üçün şəhər və rayon İH-də müvafiq şöbələr də yaradıldı.

Buna görə, təbii ki, jurnalistlər “Kids Studio” ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə müraciət etdilər. Bəs cavab necə oldu?

“İH özəl uşaq bağçalarının fəaliyyətinə nəzarət etmir, bunu kimin etdiyini bilmirik. Biz dövlət uşaq bağçalarına nəzarət edirik”, deyə modern.az saytı paytaxt İH-nin məmurundan sitat gətirir.

Vergilər Nazirliyinin məlumatına görə, ölkədə 94 uşaq bağçası fəaliyyət göstərir, onların maksimum 20-25-nin fəaliyyət lisenziyası var. Bu sənədi almaq üçün, sənədlər paketinin hazırlanması üçün digər qeyri-formal xərcləri nəzərə almasaq, təxminən 1600 manat tələb olunur. Bu biznes növünün qeydiyyat şərtləri ağırdır, buna görə bir çox sahibkarlar uşaq bağçaları ilə məşğul olmaq istəmir”, deyə təhsil üzrə ekspert Kamran Əsədov qeyd edir.

Məşhur sosioloq, professor Əhməd Qəşəmoğlu vəziyyətə başqa nöqteyi-nəzərdən baxmağı təklif edir.

“Bu gün uşaq bağçaları da məişət əşyasının satışı kimi bir biznes sahəsidir. Hansısa məmurun və ya sahibkarın pulu var və o, bu vəsaiti həyat yoldaşına, qızına, bacısına verir ki, uşaq bağçası açıb oraya uşaqlar və əməkdaşlar yığsın. Əsas məqsəd tezliklə yatırılan vəsaiti çıxarmaq, gəlir əldə etməkdir. Tərbiyəçilərin peşəkarlığına gəlincə, bu, ikinci dərəcəli məsələdir. Problem yarandıqda isə, “dam”ın və əlaqələrin köməyi ilə münaqişənin üstünü ört-basdır etmək mümkün olur. Bu vəziyyət cəzasızlığa, səhlənkarlığa gətirib çıxarır”, deyə Qəşəmoğlu qeyd edir.

Həqiqətən, Turan-ın müxbirinin paytaxtda bəzi özəl uşaq bağçalarının sıravi əməkdaşları, Təhsil Nairliyinin məmurları ilə söhbətlərindən aydın oldu ki, özəl uşaq bağçaları yüksək vəzifəli məmurların, Milli Məclisin deputatlarının mülkləridir. Bu obyektlər onların həyat yoldaşlarına və ya digər qohumlarına məxsusdur. Buna görə yerli İH nümayəndələri istəsələr də, sonradan problemlərlə və “yuxarıdan” təzyiqlə qarşılaşmamaq üçün orada yoxlama apara bilmirlər. Bax, belə vəziyyət yaranıb, iqtisadiyyatın inhisar olan ayrı-ayrı sektorlarında olduğu kimi.

Kamran Əsədov qeyd edir ki, problemin kökündə məktəbəqədər təhsil sahəsinə lazımi nəzarətin olmaması durur, bu, xüsusən özəl müəssisələrə aiddir. Burada nizam-intizam yaratmaq üçün, birincisi, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilməlidir, ikincisi, kadr problemi həll olunmalıdır, üçüncüsü, yeni uşaq bağçaları tikilməlidir və nəhayət, bu obyektlərin sahibləri haqqında məlumat açıq olmalıdır.

“Bu sistemin idarə edilməsi üçün vahid mərkəzə ehtiyac var. Buna görə uşaq bağçaları yerli İH-nin tabeliyindən çıxarılmalı və əvvəllər olduğu kimi, Təhsil Nazirliyinə verilməlidir. Bu siyahıya nəzarətsizlikdən istifadə edərək, özlərini reklam edib uşaqları cəlb edən, böyük gəlirlər əldə edən özəl uşaq bağçalarını da daxil etmək lazımdır”, deyə ekspert vurğulayır. (Turan)

Tarix: 18-06-2018, 11:24
Xəbəri paylaş





Xəbər lenti