Şəhla İsmayıl: “Ailədaxili zorakılıq hallarında lazım olarsa boşanmalara gedilməlidir”


“Əgər ailədə işsizlik varsa, yoxsulluq göstəriciləri yüksəkdirsə, bu zaman zorakılıq olması ehtimalı daha çox olur”

Ailədaxili zorakılıq mövzusu Azərbaycan cəmiyyəti üçün hər zaman aktual olub. O baxımdan problemin daima müzakirə edilməsinə və mətbuatın gündəmində qalmasına ehtiyac var. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsinin bir məqsədi də bu problemi ictimai müzakirəyə çıxararaq həllinə nail olmaqdır.

Bu baxımdan “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla müsahibəni təqdim edirik.

- Şəhla xanım, ailədaxili zorakılıq məsələsinin Azərbaycan cəmiyyəti üçün aktuallığı müzakirəyə ehtiyacı olmayan bir mövzudur. Problem ölüm hallarına, intiharlara qədər aparıb çıxarsa da zəruri tədbirlərin görülməsi niyə yetərli deyil?

- Mövzunun nə dərəcədə aktual olduğunu bilmək üçün çox əsaslı bir qiymətləndirməyə ehtiyac var. Bu isə illər boyu aparılmayıb. 2016-cı ildə bizim təşkilat belə bir araşdırmaya başladı və 2017-ci ildə biz Azərbaycanda zorakılığın miqyası və qadın qətlləri ilə bağlı hesabatımızı yayımladıq. Bunu çox məhdud bir metodologiya ilə, yəni iki əsas məqamın monitorinqi ilə ərsəyə gətirdik.

Birincisi, media monitorinqi apardıq, həmin vaxta qədər mediada gedən məlumatları araşdırıb, rəqəmlər ortaya çıxartdıq. İkincisi, Daxili İşlər Nazirliyinin kriminal xronikasının monitorinqini həyata keçirdik və ona əsaslandıq. Bu iki mənbə bizə çox həyəcanlı bir mənzərəni göstərdi. Biz bu hesabatda 2010-2016-ci illəri, yəni cəmi 7 ili monitorinq etdik və təəssüf ki, artan tendensiyanı gördük. Bu hesabat tam mənzərəni əks etdirməsə də, vəziyyətin çox acınacaqlı olduğundan xəbər verir. Bildiyiniz kimi, zorakılıq deyərkən biz 4 növ zorakılığı nəzərdə tuturuq- fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıq. Mənim qeyd etdiyim hesabatda isə əsasən fiziki və cinsi zorakılıq faktları nəzərdə tutulub. Çünki iqtisadi və psixoloji zorakılıq hallarının monitorinqi tamam fərqli metodlar, resurslar tələb edir. Onları da bu siyahıya əlavə etsək, çox ağır bir mənzərənin şahidi ola bilərik. Təəssüf ki, hazırda işlənməkdə olan tədbirlər qətiyyən öz nəticəsini verə bilmir. Çünki məsələyə birtərəfli baxılır.



- Zorakılıq qurbanları əsasən hansı kateqoriyadır? Bəs törədənlər hansı sosial qrupdan olan insanlardır?

- Bunu ümumiləşdirmək bir qədər çətindir. Çünki hər bir təbəqədən olan ailələrdə zorakılıq baş verir. Təbii ki, müəyyən risk qrupları da var və orada ailədaxili zorakılıq hallarının baş vermə ehtimalı daha çoxdur. Sosial və iqtisadi baxımdan daha əlverişsiz şəraitdə olan insanlar arasında zorakılıq hallarına daha çox rast gəlinir. Əgər ailədə işsizlik, kasıblıq varsa, yoxsulluq göstəriciləri yüksəkdirsə bu zaman zorakılıq olması ehtimalı daha çox olur. Həmçinin erkən nigah faktı varsa, bu da zorakılıq üçün zəmin yaradır. Çox erkən yaşda ailə quran insanlar kifayət qədər şüurlu şəkildə münasibət qura bilmədikləri üçün zorakılıqla bağlı risklər mövcud olur. Ancaq birmənalı olaraq zorakılıq hallarının kasıb və ya orta təbəqəli ailələrdə olduğunu demək doğru olmazdı. Təhsilli ailələrdə də, imkanlı ailələrdə də bu kimi hallar baş verir. Lakin bu da faktdır ki, təhsil səviyyəsi, gəlir səviyyəsi daha aşağı olan ailələrdə risk daha böyükdür və zorakılıq halları da daha çox müşahidə olunur.

- Şəhla xanım, qeyd etdiyiniz risk qruplarına daxil olan insanlarla necə iş aparılmalıdır ki, bədbəxt hadisələrin sayı azalsın?

- Burada iki istiqamətdə tədbirlər görülməlidir. Həm önləyici profilaktik tədbirlər görülməlidir, həm də hadisə baş verəndən sonra ona müvafiq olaraq iş görülməlidir. Hər iki istiqamətdə balanslı şəkildə iş aparılmalıdır. Önləyici tədbir olaraq, bu barədə maarifləndirmə işini gücləndirməliyik. Bu sahədə işləyən insanların bilik və bacarıqlarını artırmalıyıq. Vəziyyəti tam qiymətləndirmək üçün isə araşdırmaya ehtiyac var. Yanlış rəqəmləri deyil, doğru vəziyyəti ortaya qoymaq üçün çaba göstərilməlidir. Nə qədər düzgün monitorinq eləsək, bir o qədər doğru şəkildə həlli yollarını da tapa bilərik. Bundan başqa, 2010-cu ildə qəbul olunan “Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun beynəlxalq standartlara ümumiyyətlə cavab vermir. Onun beynəlxalq normalara uyğunlaşdırılması üçün dəyişikliklər edilməlidir. Maarifləndirmə tədbirləri genişləndirilməlidir. Bu sadəcə zorakılığı pisləmək formasında deyil, qadın hüquqları ilə bağlı durumu yaxşılaşdırmaq, gender bərabərliyini təbliğ etmək şəklində qurulmalıdır. Qadın və kişinin cəmiyyətdəki sosial rolları ilə bağlı bilgilər verilməlidir, müəyyən stereotiplərin aradan qaldırılması ilə bağlı işlər görülməlidir. Maarifləndirmədən də artıq, təhsildə buna gedilməlidir. Təhsil sistemində bu məsələlər nəzərə alınmalıdır. Biz uşaqlarla, yeniyetmələrlə işə nə qədər erkən başlasaq, bir o qədər şansımız da çox olar. Ailələrlə iş aparılmalıdır. Əgər uşaq ailədə zorakılığı və qadına təzyiqi görürsə, bu onun üçün bir örnək olacaq və gələcəkdə də bunu təkrarlayacaq. Bütün bu işlər paralel aparılmalıdır.



- Ailədaxili zorakılıq hallarında boşanmaları dəstəkləyirsinizmi?

- Ailənin işinə müdaxilə kimi qiymətləndirilən bəzi tədbirlər görülə bilər. Lazım olarsa mühafizə orderi verilməlidir, lazım olarsa boşanmalara gedilməlidir. Cəmiyyətdə boşanmaların böyük bir faciə kimi qarşılanması stereotipini qırmaq lazımdır. Bir ailədə zorakılıq varsa, burada 3 çıxış yolu var. Onlardan biri dözməkdir, hansı ki, qadınlarımız illər boyu buna dözürlər. İkincisi, zorakılıq baş verərsə boşanmaqdır, üçüncüsü də qətllə nəticələnəcək həddə çatmasını gözləməkdir. Biz boşanmanı cəmiyyətə faciə kimi göstəririksə, o zaman digər variantlara gətirib çıxara bilər. Mən heç zaman ailələrin boşanmasını istəmərəm, ancaq burada tamam fərqli yanaşmaya ehtiyac var. Bəzi hallarda boşanmanı gecikdirmək qətllərə qədər gətirib çıxarır. Bundan başqa, media, vətəndaş cəmiyyəti və hökumətin birgə işləri olmalıdır. Məlumat bazası formalaşdırılmalıdır, Ombudsman aparatı və məhkəmələr yaxşı işləməlidir. Heç bir halda zorakılıq törədən insana bəraət qazandırılmamalıdır.

- Şəhla xanım, məişət zorakılığına qarşı ictimai qınağın olmamasının səbəbi nədir? Niyə insanlar qonşularında, yaxınlarında bir qadının şiddətə məruz qalmasına susurlar? 

- Bu adətən ailədaxili bir məsələ kimi qiymətləndirilir və heç bir halda insanlar özlərində başqasının ailəsinə müdaxilə etmək haqqı görmürlər. Ancaq ictimai rəydə bu düşüncəni azaltmağa yönəlik işlər görülməlidir. Təəssüf ki, Azərbaycanda hüquq-mühafizə sistemi elə bir vəziyyətdədir ki, insanların kiminsə hüququnu müdafiə ilə bağlı təşəbbüskarlığı onların özlərinə qarşı çevrilir. Bu gün mən qonşuda bir səs eşidib polisə müraciət edirəmsə, polisin yanaşması o qədər qeyri-peşəkar olur ki, mən bəlkə də o ailəyə daha böyük ziyan vurmuş oluram. İnsanların müdaxilə etməkdən çəkinməsinin bir səbəbi də odur ki, polis çox zaman ona müraciət edən insandan da əl çəkmir. Onunla elə davranır ki, insan zəng vurmağına da peşman olur. Bu təkcə zorakılıq hallarında yox, bir çox məsələlərdə belə olur. Bizim xalqımız əslində ictimai iştirakçılığı sevən, yardım etməyi bacaran xalq olub. Hazırda müşahidə etdiyimiz laqeydlik isə həm də hüquq-mühafizə sisteminin ədalətli olmaması ilə bağlıdır.



- Ailədaxili zorakılığı tətikləyən amillər arasında milli mentalitetdən gələn stereotiplər də var... Məsələn, kişinin ailədə qeyri-müstəsna hüquqları, qadının mövqeyinin ikinci planda olması ilə bağlı ... Bunlarla bağlı dəyərləndirməniz necədir? 

- Bunlar da ailədaxili zorakılığı tətikləyən amillərdən sayılır. Təhsildə bu stereotiplərlə və gender rolları ilə bağlı işləməyə çox ciddi ehtiyac var. Əgər biz qızlarımızı da, oğlanlarımızı da eyni tərzdə tərbiyə ediriksə, aralarında heç bir fərq qoymadan böyüdürüksə bu daha yaxşı nəticə verər. Biz tədricən rolların bərabər paylaşdığını görəcəyik. Gender rollarının qeyri-bərabər paylaşımı birbaşa zorakılığa aparan amillərdən biridir.

- Azərbaycan ailə institutu ilə bağlı çox zaman tərif yağdırılır. Ancaq qeyd etdiyimiz hallar göstərir ki, vəziyyət o qədər də ideal deyil. Ailə institutunda nələr dəyişməlidir ki, zorakılıq hallarına da son qoyulsun? 

- Bizim ailələrdə köklərə bağlılıq həddindən artıq çoxdur. Bu da öz fəsadlarını verir. Birinci məsələ, gənclərin bir-birini çox yaxşı tanımadan evləndirilməsidir. Bəzi ailələrdə nişanlıykən belə gənclərin görüşməsinə imkan verilməməsi onların bir-birini yaxşı tanımaması ilə nəticələnir. Evləndikdən sonra elə xasiyyətləri üzə çıxır ki, bu insanlar həyat yolunu bir yerdə gedə bilməyəcəklərini anlayırlar. Reallıq bunu tələb edir ki, gənclər üçün evlənmədən öncə ünsiyyət qurmağa, bir-birinin xasiyyətini tanımağa şərait yaratmaq lazımdır. İkinci bir məsələ isə odur ki, nəsillər arasında kommunikasiya olmalıdır. Bizim ailələrdə intim mövzularda danışmamaq mədəniyyəti mövcuddur. Bəzi mövzularda ana və bacı ilə danışmaq olmaz, ata ilə oğul arasında bu mövzular danışıla bilməz. Ancaq ailədə elə mühit yaratmaq lazımdır ki, gənclər bu məlumatları kənardan öyrənməsinlər. Bizdə ciddi ünsiyyət problemi var. İnsanlar narahatlığını ifadə etməkdən çəkinirlər. Ailədə həyat yoldaşları arasında belə bu problem mövcuddur. İstənilən narahatlığı çözmək üçün ən gözəl vasitə danışıqdır. Problem vaxtında danışılıb çözülmədikdə daha böyük nəticələrə gətirib çıxarır.

Qeyd edək ki, bu müsahibə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı ictimai mübarizənin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Məğrur Mərd
Musavat.com

Tarix: 24-06-2018, 16:41
Xəbəri paylaş





Xəbər lenti