Ramazan ayı bitər-bitməz ölkəmizdə yenidən toy mövsümü başladı. Orucluq ayında toysuzluqdan şikayətlənən sənətçilərimiz artıq gün ərzində bir neçə toy sifarişi aldığını bildirirlər. Və təbii ki, keçirilən toylarln əksəriyyəti bahalı, israfçı məclislərdir ki, bundan da daha çox əziyyət çəkən elə toy sahiblərinin özləridir.
Artıq toylar deyil, xınayaxdı mərasimləri də dəbə düşüb ki, bu da ailələrə ciddi ziyan vurur. Əvvəllər də xınayaxdı məclisləri keçirilərdi. Lakin dəbdəbəsiz, sadə şəkildə. Bunun üçün ciddi xərc də tələb olunmurdu. Çünki əsasən xına və şirniyyatdan istifadə olunurdu, ən əsası isə məclis evlərdə keçirilərdi. Bu gün isə xınayaxdı məclisləri az qala toy mərasimlərini də geridə qoymağa başlayıb. Bahalı restoranlarda, hətta hotellərdə belə xınayaxdı məclisləri təşkil edilir. Bunun üçün xüsusi studiyalar da fəaliyyət göstərir. Araşdırmalar onu göstərir ki, bu studiyalar bəzən bir gündə 3-4 xınayaxdı məclisini keçirir. Xınayaxdı studiyalarını, mərkəzlərini açanlar isə əksər hallarda tanınmış müğənnilər, rəqqasələr, aktrisalar, hətta aparıcılardır.
Bir neçə il öncə hökumət yas mərasimlərində ehsan süfrəsinə müdaxilə etdi və ölkənin bir çox şəhər və rayonlarında israfçılıq zamanla aradan qalxmağa başladı. O ərəfədə insanlar şadlıq evlərindəki menyuya da “əl gəzdiriləcəyini” düşünürdü. Lakin görünən budur ki, israfıçılıq, dəbdəbə xəstəliyi nəinki aradan qalxır, əksinə, getdikcə daha çox əndazəni aşır.
Ölkəmizə gələn turistlər də vurğulayır ki, Azərbaycanda keçirilən bahalı toylara nadir hallarda hansısa ölkədə rast gəlmək mümkündür. Bir çoxlarına məlumdur ki, qonşu Türkiyə və İranda toylar çox sadə şəkildə keçirilir. Hətta həmin ölkələrdə Azərbaycanda olduğu kimi ayrıca şadlıq sarayları yoxdur. Toy məclisləri sadə şəkildə restoranlarda qeyd olunur. Ölkəmizdə də isə təmtəraqlı şadlıq saraylarının sayı-hesabı yoxdur.
Maraqlıdır, bəz azərbaycanlıların bahalı toy “xəstəliyinin” səbəb nədir - mentalitet, ya adət-ənənə? Bunu çoxlarımız qınayırıq, amma dəyişmək də istəmirik.
Ekspertlər qeyd edir ki, bu “xəstəlik” heç də adət-ənənədən gələn məsələ deyil. Çünki keçmişdə Azərbaycanda toy məclisi təşkil etmək yeni evlənənlərə kömək məqsədi daşıyırdı. Xüsusən də rayon və kəndlərdə qohum-əqrəbalar toy sahibinin evinə toplaşar, yeni evlənənlər üçün nəyin çatışıb-çatışmadığını müəyyənləşdirər və ümumilikdə bu məsələni həll etməyə çalışardılar. Lakin təxminən 80-ci illərdən, xüsusi ilə ölkəmiz müstəqillik qazandıqdan sonra toylarımızın mahiyyəti tamamilə dəyişməyə, dəbdəbəli keçirilməyə başladı.
Bir çoxları düşünür ki, bu problemi yalnız inzibati yolla aradan qaldırmaq mümkündür. Məsələn, bu ilin əvvəlində Özbəkistan prezidenti bəyanat yayaraq bildirdi ki, artıq məmurlar toya getməyəcək. Ən əsası isə toy sahibləri toya maksimum 120 nəfər çağıra bilər. Qanuna əməl etməyən isə xüsusi qaydada cəzalandırılacaq. Eləcə də Tacikistanda da toylarla bağlı ciddi məhdudiyyətlər qoyulub. Qanuna görə, toyda israfçılıq olmaz və eyni zamanda toya yalnız 150 nəfər gələ bilər. Beləliklə normadan artıq toya qonaq çağıran, habelə toyda normadan artıq yemək verən toy sahibləri cərimələnir, yeməklər müsadirə olunur.
Azərbaycanda da inzibati yolla bu problemi həll etmək mümkündürmü?
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb:
“Dəfələrlə bu mövzudan danışmışıq. Qeyd edim ki, toylarımızın bahalı, israfçı olması milli mentalitetdən irəli gələn məsələ deyil. Bu, mentalitetimizin zəif tərəfindən istifadə etməkdən irəli gəlir. Və yaxud adət-ənənənin də bu məsələyə aidiyyəti yoxdur. Xatırlayıram ki, keçmişdə toylar tamamilə başqa cür keçirilirdi.
Sadəcə olaraq, son dövrlər tamahkar insanlar əhalinin zəif tərəfindən istifadə edib özlərinin biznes strukturlarını qurur və bundan xeyli miqdarda gəlir əldə edirlər. Bu məsələnin birmənalı olaraq qarşısını ona görə ala bilmirik ki, qeyd etdiyim kimi, restoranların, təmtəraqlı şadlıq evlərinin arxasında xüsusi səlahiyyətli insanlar durur və onlar imkan vermir ki, əhali bu cür sosial axmaq bəladan qurtulsun. Dəfələrlə qeyd olunub ki, toyların bu cür bahalı olması ölkədə bir çox iqtisadi-sosial problemlər yaradır. Ölkə əhalisinin əksəriyyətinin maaşı aşağıdır. 300-400 manat gəliri olan insanı ayda 3-4 dəfə toya çağrılıbsa, deməli o adam toya getmək üçün cəmiyyətdə neqativ işlərlə məşğul olmalıdır ki, pul toparlaya bilsin, əks halda toya gedə bilməyəcək. Beləliklə bahalı, israfçı toylar cəmiyyətdə rüşvətə, insanların bir-birini aldatmasına təkan verən mexanizmdir.
Toyların bu cür olması şou-biznes məsələlərini çılpaq şəkildə ortaya qoyur və televiziya ekranlarını öz təsiri altına alır.
Keçmişdə toylarda Xan Şuşinski və bu kimi sənətkarlar otururdu. Beləliklə insanlar muğamın, milli musiqinin şirrləri ilə tanış olur, öz zövqlərini genişləndirir, formalaşdırırdılar. İndi isə toylarda insanların zövqünü korlamaqla məşğuldurlar. Toyun əvvəlində bəylə-gəlin ortaya düşür, zövqsüz musiqilərin sədaları altında oynayır və sairə.
Uzun illərin təcrübəsi onu göstərdi ki, maarifçilik yolu ilə bu problemi həll etmək mümkün deyil. Düşünürəm ki, yalnız inzibati yolla bahalı, israfçı toylara son qoymaq olar. Elə bir mexanizm ortaya qoymaq lazımdır ki, təmtəraqlı şadlıq sarayları tikən insanlar da bu məsələdən hansısa şəkildə yararlana bilsin. Yəni, birdən-birə hər şeyi dayandırmaq olmaz və olmayacaq da. Həmçinin toy müğənniləri ilə bağlı məsələlərdə kompleksli iş getməlidir".(Musavat.com)