və yaxud İmişli DSMF-də İntiqam Əliyevin cəzasız qalan "xuliqanlığı"
Aydın Canıyev
Mən bir vicdanlı azərbaycanlı yazar olaraq, heç bir qohumum, dostum olmayan İmişlidə (eləcə də digər ətraf rayonlarda) və toxum-tayfamda heç kimin asılı olmadığı DSMF-də, ƏƏSMN-də baş verənlərə əsla və qətiyyən susmaram, laqeyd qala bilmərəm!
Əvvəla, ona görə ki... bu qurumda baş verənlər çox müdhiş bir şey ki, dövlətə, dövlətçiliyə və qanunçuluğa həqarət! Əvvəladan sonra bir də dübarə əvvəla ki, bu qurumdakı məmurlar Azərbaycan qanunları ilə ərəb şeyxləri arvadları ilə rəftar etdikləri kimi rəftar edir!
Başınızı çox ağrıtmayacam, cənab kreativ nazir! Keçən dəfə "qaynarinfo"-da yazmışdım. Mənə şəxsən siz Sahil Babayevə çox yaxın bir adam bildirdi ki, özü şəxsən oxudu yazını!
Mən də inandım və gözlədim ki, nəsə nəticə olacaq!
Əziz oxucular, sizi nəticə ilə tanış edim, görün, Sahil Babayev qanunların qeyrətini necə çəkir, necə də kreativ işləyir!
Deməli, başına "kruq" vurduğum nazirimiz emissarlarını həmən salıb aran rayonlarına, o cümlədən də mənim qanunsuzluqlar olduğunu qələmə aldığım, İmişliyə. Ki... bəs, ağayi-nazir şəxsən narazılıqların nədənini bilmək istəyir. "Emissar qədeşlər" də səlahiyyətli nümayəndələrlə, vəzifəli şəxslərlə şikayətçilərin görüşünü təşkil edərək, ərizə və şikayətləri toplayaraq, hamını birbəbir danışdırıb, yazıb, lazımi ünvana yollatdırıblar. Ondan sonra da başlayıblar manipulyasiyaya. Bir az da qabağa gedib deyim ki, sonradan xüsusi məlumatlı şikayətçilərin ərizələrini elə şikayət etdikləri DSMF direktorlarına veriblər ki, bu adamları polisin, prokurorluğun əliylə zərərsizləşdirin! Bu prosesin nəticəsi də olaraq, birmənalı şəkildə İmişlinin, Beyləqanın və digər ətraf rayonların direktorlarından ərizələrini alıblar! Nəzarət qaydasında yoxlayaraq, materialları Respublika Baş Prokurorluğu yanında Korrupsiya İdarəsinə təqdim edəcəkləri ilə hədələyiblər. Hətta kollegiya iclasında "sayın bakan" Sahil Babayev İmişli DSMF direktoru İntiqam Əliyevə təpinib desə də ki, "belə işləmək olmaz", hələ də onunla işləməkdə davam edir!
Səbəb nədir?
Emissar göndərib "komplo" toplamaqda məqsəd nə olub?
Həəə, burasını həm yazıram, həm də deyirəm:
- Əzizimiz və gözəl, kreativ nazirimiz, qanunlara həm əməl etmək lazımdı, həm də onların qeyrətini çəkmək lazımdı. Siz neyləyirsiniz? Nə qanunların qeyrətini çəkirsiniz, nə də onlara əməl edirsiniz! İntiqam Əliyevi işdən çıxarmırsınız, əcəb edirsiniz, amma ya məni qəbul edin, ya da sualıma cavab verin! Belə ki, əhli-İmişli rayonu "gedər əntəri, gələr betəri" deyib day heç kimə inanmır! Hamısını burdan deməsəm də, niyəsindən bircəsini deyəcəm!
"İntiqam Əliyevin biznesmen qohumu ortaya 400 min manat "gunahyuma" başlığı qoyub və bu puldan imtina edən olmasa da, eyni zamanda bu pula yiyə duran da yoxdu! Ki... 500 min olsa, baxarıq!" - mənbə belə deyir!
Lap belə 500 min oldu, İntiqam Əliyev o pulu İmişli pensiyaçılarının harasından və necə çıxaracaq, "mister minister"?
Hörmətli nazir, Siz uşaq olardınız, o vaxt mən "Kommunist" qəzetində işləyəndə sizin indi nazir olduğunuz təşkilata, yəni "sobez"lərə "yetimlər evi" deyilirdi, rəhbərlik əməkdaşlara o idarəyə üzükməməyi tapşırırdı, müxbirlər özlərinə ayıb bilirdilər "sobez"i narahat eləməyi! Dünənəcən "taksa"sı maksimum 100 min olan yerin dəyəri nədən 500 minə qalxdı?
Şəffaf işləməyi qarşınıza məqsəd qoymamısınız? Qəbul edin, emissarınızın adını, soyadını deyim, mənbəni açıqlayım və Azərbaycan Respublikası Konstitusiyasına, Əmək Məcəlləsinə və digər aidi qanunlara qarşı xuliqanlıq edən İntiqam Əliyevin əməllərini birgə müzakirə edək! A başına dönüm, adam adama bir şillə vurur, 6 il iş verirlər, İntiqam Əliyev tapdalayıb e, tapdalayır e, tapdalamaqdadı e bu qanunları! Nazirlikdən gələn qonağı yola salmaq üçün pul verməkdən imtina edən işçisini döyür, külqabı atır, söyür, xalqın, dövlətin pulunu soyur, neyləməldi ki, işdən çıxarasınız? Adam öldürməlidi? İnsafın olsun da bə... Olmadı ki!!!
SON: Möhtərəm nazir, bir ehtimalımı da yazmaqla yazını bitirmək istəyirəm: Ola bilər ki, həqiqətən də, Sizin bu baş verənlərdən xəbəriniz olmasın, kimlərsə təxribatla məşğul olsun, ən azından, kənd təsərrüfatı nazirinə qarşı sabotaj belə düşünməyə əsas verir, ona görə də gələcəkdə vicdan əzabı çəkməyim deyə, bunu əlavə etdim. Şikayətlərə qarşı diqqətli olun, insanların etimadından sui-istifadə zülmün ərşə dirənməsinə gətirib çıxarır!
Fikrimi isə belə yekunlaşdırıram: ƏƏSMN-in keçmişdəki "xaç atası" Füzuli Ələkbərovun kadrları ilə Siz bacarmazsınız, böyük uğurlar mümkün olmayacaq! Birinci onlardan başlamaq lazımdı!
Tarix: 29-06-2018, 14:11