Keyfiyyətsiz dərmanlar: Gətirən də, satdıran da məsuliyyədən kənarda: Məhkəmələrə yol görünür


Dəfələrlə Azərbaycanda satılan dərmanların keyfiyyəti ilə bağlı məsələ gündəmə gəlib.

Ölkənin dərman bazarındakı özbaşınalıq və nəzarətsizlik Azərbaycanda keyfiyyətsiz dərman satışının davam etməsinə imkan verir. Reallıq ondan ibarətdir ki, bu gün dərmanlar od qiymətinə satılır.

Buna baxmayaraq çoxunun da heç bir effekti yoxdur. Halbuki əvvəllər ucuz qiymətə aldığımız istənilən bir həb, məsələn, başağrı üçün təyin olunan “Sitramon” ağrını dərhal yox etməyə kifayət edirdi. İndi isə təkcə ağrıkəsici üçün təxminən 100-ə yaxın adda dərman preparatı var. Bu ağrıkəsicilərin əvvəlki həblər qədər nə təsiri, nə effekti var. Nəinki aidiyyatı təsirə malik olur, üstəlik, digər orqanları da vurub sıradan çıxara bilir. Çünki güclü təsirə malik bu preparatların tərkibində zərərli maddələrin olduğu iddia edilir. 

Mətbuatda keyfiyyətsiz dərman problemindən dəfələrlə yazılıb. Rəsmi qurumlar bu sahədə hər hansı problemin olmadığını, keyfiyyətsiz dərmanların Azərbaycana gətirilmədiyin qeyd ediblər. 

Amma mütəmadi olaraq müxtəlif dərman növlərində keyfiyyətsizliklə bağlı ortaya konkret faktlar qoyulub. Görünür, hakimiyyət də bu məsələdən artıq narahatdır və etdiyi səhvləri müəyyən qədər düzəliş etməyə çalışır. 

30 dərman istifadəsində istehlakçılar aldadılıb...

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu dəfə 30 adda dərman vasitəsi barədə mənfi rəy verib və mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) siyahısında dəyişiklik edib. Bundan əvvəl AEM 61 BFMQƏ-yə mənfi rəy verib. Mənfi rəy almış GABA FORT PLUS (örtüklü tablet, № 60), VERAZOL (şərbət, 100 ml №1), VERAZOL (tablet №28) və SİTOZİN FORTE (tablet No.20) üzə çıxan problemlər aradan qaldırılaraq yenidən ekspertizaya təqdim olunub və onlara müsbət rəy verilib. Səhiyyə Nazirliyi AEM mənfi rəy alan BFMQƏ-in adlarını vətəndaşların nəzərinə çatdırmaqla onları diqqətli olmağa çağırıb və əhaliyə müraciət edərək bildirib ki, bundan sonra da daxil olan müraciətlərə ciddi nəzarət olunacaq. Bundan əlavə mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin siyahısı mütəmadi olaraq yenilənəcək. Ekspertlər hesab edir ki, dövriyyədən çıxarılan dərman preparatlarının təhlükəliliyi ilə bağlı məsələdə Səhiyyə Nazirliyi birbaşa məsuliyyət daşıyır. Ən azından ona görə ki, keyfiyyətsiz dərmanların satışının qarşısını almaq üçün tutarlı addımlar atmayıblar. Ümumiyyətlə, belə dərmanların ölkəyə gətirilməsinin qarşısını almaq üçün dərman maddələrinin dövlət reyestri və dövlət farmakopeyası tətbiq olunmalıdır. İlk növbədə dərmanların keyfiyyət məsələsi onların ölkəyə gətirilməsi zamanı yoxlanılmalı idi, nəinki istifadədən sonra…Çünki adları sadalanan 30 dərman vasitəsi istifadə üçün uzun müddət istehlakçıların öhdəsinə verilib. Sonradan məlum olur ki, bu dərman vasitələri istifadəyə yararlı deyil və ümumiyyətlə, dövriyyədən çıxarılır. Bu isə istehlakçıları aldatmaq və onların hüquqlarını tapdalamaq deməkdir. 

Qeyd edək ki, telekanallarda davamlı reklam olunan “Zincomeca” balıq yağınının istifadəsinə də Səhiyyə Nazirliyi tərəfindən qadağa qoyulub. Hansı ki, daha çox uşaqların, körpələrin bədən müqavimətinin gücləndirilməsi üçün tövsiyyə olunurdu. 

Məlumat üçün bildirək ki, Azərbaycanda saxta dərman dövriyyəsi 30 faizdir. Azərbaycana dərmanların çoxu müxtəlif ölkələrdən gətirilir. Amma iddialara görə əsasən şərq ölkələrindən gətirilən dərmanlar keyfiyyətsiz olur və bu dərmanların əksəriyyəti standartlara cavab vermir. Hər dərmanın tərkibində əsas təsiredici komponentlər olur ki, onlar da düzgün makinasiya olunmur. Belə olmayan təqdirdə həmin dərman keyfiyyətsiz olur və xəstənin dərdinə əlac vermir. 

“Keyfiyyətsiz dərmanın Azərbaycanda nə işi var?”

Maraqlıdır, bu məsələdə kimlər məsuliyyətə cəlb oluna bilər? Ümumiyyətlə, istehlakçılar bu halda məhkəməyə müraciət edə bilərlərmi?

Farmokoloq Aydın Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, istehlakçıların hüququ var ki, keyfiyyətsiz dərman qəbuluna görə aidiyyatı qurumları məhkəməyə versinlər: “Ümumiyyətlə, dərmanların reklamı yolverilməzdir. Vallah bu reklam məsələsində bilmirəm gülüm, ya ağlayım? Dərmanın reklam olunması o deməkdir ki, bu cəmiyyət çox aşağı səviyyədədir. Dərmanı reklam etmək nə deməkdir? Dərmanın bir reklamçısı var. Xəstənin diaqnozu və həkimin o dərmanı ona təyini…Dərmanların keyfiyyətsiz olması məsələsi də bu gün cəmiyyətimiz üçün biabırçı bir məsələdir. Dərman keyfiyyətli olmalıdır. Keyfiyyətsiz dərmanı ölkəyə gətirən adam birbaşa cinayət məsuliyyətinə cəlb edilməlidir. Dəfələrlə ərzaqların keyfiyyətsizliyindən danışıldı. Axırda çıxıb Qida Təhlükəsizliyi Agentliyi yaratdılar. İndi də dərmanların keyfiyyətsizliyi məsələsi ortaya çıxıb. Dünyada ən geridə qalmış cəmiyyətlərdə dərman reklam oluna bilər. Dərmanın reklamı gizli konfranslarda getməli və onu alimlər aparmalıdır”.

Aydın Əliyevin sözlərinə görə çox hallarda həkimlər onlara aid olmayan məsələlərə görə ittiham olunurlar. Bu düzgün deyil: “Dərmanları ölkəyə həkimlər deyil, işbazlar gətirir. Bütün cəmiyyət həkimin üstünə düşüb. Həkim 2 məsələyə - diaqnoza və o diaqnozda istifadə olunan dərmana cavabdehdir. Bu iki hadisədən başqa həkimin heç bir məsuliyyəti yoxdur. Keyfiyyətsiz dərman məsələsini Azərbaycan nəhayət ki, həll etməlidir. Açıq formada elan olunmalıdır ki, filan dərmanları filan adamlar gətirirlər. Qoy insanlar da bilsinlər ki, hansı dərmanlar keyfiyyətsizdir. Keyfiyyətsiz dərman olar? 

Ola bilər ki, hansısa işbaz pulunu verib, gətirdiyi dərmanı reklam elətdirir. Həkimlikdən uzaq olan aparıcılar da başlayırlar bu dərmanları reklam etməyə... Qurd dərmanını xəstəyə həkim təyin edə bilər, bunu necə reklam etmək olar axı? Sonra da hamı həkimlərin üstünə düşür. Həkimin məsuliyyəti diaqnozu düz verməmək, dərmanı düzgün təyin etməmək və əməliyyatı səhv aparmaqdır. Keyfiyyətsiz dərmanın Azərbaycanda nə işi var? Dərmanı ölkəyə yalnız səhiyyə təşkilatı gətirməlidir. Əgər bu baş vermirsə və dərmanı hansısa iş adamı gətirirsə, bilməlidir ki, dərman vasitələri həm kimyəvi, həm də bioloji analizdən keçməlidir. Bioloji analiz isə Azərbaycanda aparılmır. Hesab edirəm ki, hakimiyyətin özü belə insanların dərman məsələsində boğaza yığıldığının fərqindədi. Hətta mətbuatın, sosial şəbəkələrin də bu məsələdə aktivliyi görünür. Başlıca məqsəd isə insanların sağlamlığına çalışmaqdır”.

Alçina Amilqızı

Cebhe.info

Tarix: 11-07-2018, 17:27
Xəbəri paylaş





Xəbər lenti