II qrup əlil, sosial iş və fotoqrafiya sahəsində çalışan Eltac Zeynalov beynəlxalq layihə olan “ART Prospekt”in xətti ilə Belarusiyada səfərdə olub.
Cebhe.info-ya danışan E. Zeynalovun sözlərinə görə, əsasən post-sovet ölkələrində həyata keçirilən proyektin məqsədi mədəniyyət və incəsənətin inkişafı, bu sahələrlə bağlı əməkdaşlığın genişləndirilməsi, təcrübələrin bölüşdürülməsidir. “ART Prospekt” dünyanın 37 ölkəsində həyata keçirilir.
Azərbaycandan kurator olaraq bu layihəyə seçilən Eltac Zeynalov Belarusiyadakı vəziyyətlə, əlillərin cəmiyyətə inteqrasiyası, mədəniyyət tədbirlərinə cəlb olunması, problemləri ilə tanış olub:
“Bizdə əsas mövzu Belarusiyadakı mədəniyyət mərkəzlərində əlillər üçün nə dərəcədə əlverişli şəraitin yaradılması idi. Layihə çərçivəsində 7-8 nəfər əlilliyi olan şəxslə birlikdə mədəniyyət mərkəzlərində olduq. Qolumuza kamera bağlamışdıq və rastlaşdığımız prosesi çəkirdik. Bizim üçün hansı şəraitin yaradılmasının şahidi olmaq üçün. Sonunda videomaterial hazırlayaq, onun təqdimatını keçirdik”.
Eltac Zeynalov deyir ki, adıçəkilən postsovet ölkəsində əlillərin sosial aktivliyi sahəsində çox işlər görülüb:
“Onlar çox aktivdirlər, sərgilər təşkil edir, mədəni tədbirlərə qatılır, proyektlər hazırlayırlar. Mən orda Anna adlı əlil bir xanımla tanış oldum. O, ona göstərilən dəstək vasitəsilə rəqs məktəbi açıb. Burada əlillər rəqs öyrənirlər və beynəlxalq müsabiqələrdə ölkələrini təmsil edirlər. QHT-lər çalışırlar ki, əlilliyi olan şəxsləri layihələrinə cəlb etsinlər. Muzeylər, mədəniyyət mərkəzləri əlillər üçün pulsuzdur”.
Belarusiyada nəqliyyatda əlillərə yaradılan şəraitlə bağlı danışan fotoqraf bildirir ki, burada da bir sıra problemləri var, amma Azərbaycanla müqayisədə vəziyyət xeyli yaxşıdır:
“Bizdə əlillərin metroya enməsi qadağandır, metrostansiyalarının girişində bununla bağlı işarə vurulub. Onlarda isə hər stansiyanın girişində telefon var, əlillər zəng edir və bunun üçün ayrılan şəxs gəlib, əlilin qoluna girərək, stansiyaya düşürdür və gedəcəyi stansiyaya qədər aparır. Fərqi yoxdur ki, həmin əlil arabadadır, gözdən əlildir və ya başqa problemi var. Bütün nəqliyyat növləri – metro da, avtobus da əlilliyi olan şəxslər üçün ödənişsizdir”.
Xatirə Nəsirova