Prezident İlham Əliyevin işıq müşavirəsində səhiyyə naziri Oqtay Şirəliyevə irad tutduğu haqda məlumat verilib. Nazir bütün xəstəxanalarda generator sistemləri quraşdırıldığını demişdi. Prezident isə bunun həqiqətə uyğun olmadığını bildirmişdi.
“Məndə olan məlumata görə, bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”, - deyə ölkə başçısı uradını bildirmişdi.
Prezidentin həmin göstərişindən 10 gün keçir. Maraqlıdır, Səhiyyə Nazirliyi bu istiqamətlər hansı işlər görüb? Generatoru olmayan xəstəxanalar generatorla təchiz olunubmu?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yeni generatorlar alınır: “Ölkənin enerji sistemində qəza baş verən zaman səhiyyənin həyati əhəmiyyətli, yəni reanimasiyası, süni nəfəs aparatı olan tibb müəssisələrində generatorlar quraşdırılmışdı. O müəssisələrdəki araşdırma zamanı neqativ hallar aşkarlanıb, hazırda generatoru olmayan müəssisələrin təchizatı ilə məşğul olunur. Bunu bir günün içində etmək mümkün deyil. Generatorlar alınır və yerləşdirilir”.
S.Əhmədova sosial şəbəkələrdə yayılan xəstəxanalarda həkimlərdən generator almaq üçün pul yığılır məsələsinə də münasibət bildirdi: “Tibb müəssisələrində həkimlərdən 1 manat da pul yığılmayıb. Belə bir göstəriş verilməyib, verilə də bilməz. Haradasa belə bir hal olubsa, xahiş edirik, Səhiyyə Nazirliyinə müraciət etsinlər. Amma ünvanlı şəkildə, konkret ad çəksinlər ki, biz də dərhal araşdıraq”.