Xəzəri “özəlləşdirən” oliqarxların başı dərddə


Dövlət dəniz sahillərini zəbt edənlərə qarşı sərt tədbirlər görməyə başladı; hüquqşünas deyir ki, cərimələrlə yanaşı, Xəzəri görünməz edən hasarlar və tikililər sökülməlidir 

Xəzərin boş qalmalı olan sahil zolağı, faktiki olaraq, zəbt  edilib. Xüsusilə ənənəvi Bakı şəhərinin çimərlik zonası tamamilə tutulub. Ölkədə bunu bilməyən yoxdur. İllərdir ki, problemin aradan qaldırılması üçün qanunlara dəyişikliklər edilir, təkmilləşdirilir. Nəticə isə belədir ki, artıq 2018-ci ilin yayıdır və Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir, cərimələr tətbiq edir, çoxsaylı cinayət əməlləri aşkar edir.

Komitədən verilən məlumatlardan belə aydın olur ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirilib. Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Komitə əməkdaşları torpaq sahələrinin əsassız zəbt olunması faktlarının da aşkar ediblər. Müvafiq icra hakimiyyəti orqanlarına, polis idarələrinə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə torpaq qanunvericiliyinin ciddi şəkildə pozulması faktları ilə bağlı müraciətlər yollayıblar. Cərimə olunanlar var.

zÉrbaycan prezidentinin Torpaq MÉcÉllÉsinÉ dÉyiÅikiliyi nÉzÉrdÉ tutan 15 yanvar 2016-cı il tarixli FÉrmanının tÉlÉblÉri ile ilgili görsel sonucu

Azərbaycan prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb. Belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqları zəbt etmiş şəxslərə münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Görülən tədbirlərə rəğmən, bütün sahil boyunca kilometrlik hasarlar Xəzəri vətəndaşların üzünə qapayıb.

Məsələn, Pirşağı qəsəbəsində dəniz sahilinə aparan yollar 3-4 sıra hasarla kəsilib. Hasarlamaqla yanaşı, bəzi yollara hətta şlaqbaum da qoyulub. Sahilə çatmaq məşəqqətli problemdir. Dəniz sahili boyu villaların sayı da artmaqdadır. Vətəndaşların Xəzər sahilində istirahəti  məhduddur, bəzi yerlərdə tamamilə mümkünsüz haldadır. Havanın hərarəti qalxdısa, Pirşağıdakı xalq çimərliyində sərinləmək istəyində olanların sayı artır. “Xalq çimərliyi”nin hər iki tərəfi isə hasardır. 500 metrlik açıq olan  hissədə isə çimmək istəyənlərə, sadəcə, yer yoxdur. Adamlar suyun içinə girib üzə bilmirlər. Çünki üzmək üçün şərait yoxdur. Suya atılsan, üzmək istəsən, gərək bir neçə nəfəri təpikləyib, bir neçəsini də şilləyə “qonaq” edəsən. Ona görə də adamlar sıx şəkildə suya girib ayaq üstündə dayanıb sərinləməyə çalışırlar...

zÉrbaycan prezidentinin Torpaq MÉcÉllÉsinÉ dÉyiÅikiliyi nÉzÉrdÉ tutan 15 yanvar 2016-cı il tarixli FÉrmanının tÉlÉblÉri ile ilgili görsel sonucu

Pirşağıdakı hasarlar Abşeronun bir çox kəndində yerli camaatın gözdağıdır. Belə hasarlar Hacı İbrahim Nehrəmlinin utopik layihəsindən başlayıb üzü Sumqayıta qədər uzanır. Hasarlanmış Xəzərə sadə vətəndaşın çatması problem olduğu halda, hasarın o üzündə insanlar da yoxdur. Adamlar, sadəcə, “bura mənimdir” düşüncəsi ilə sahil zolağını hasarlayıb, göydələnlərin bahalı şüşələri arxasından, kondisoner sərinliyində Xəzəri seyr edirlər. Sərvət artırma düşüncələrinin əsirliyinin xalqa zülm-zillət verdiyinin fərqində deyillər.

Xəzər sahillərinin hasarlanması məsələsi ilə bağlı ötən il deputat Zahid Oruc ölkə başçısına müraciət edərək sahilboyu inşa olunan fərdi evlərin əhatəsindəki hasarların sökülməsi təklifi ilə çıxış etmişdi.

“Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətraflarına sədd çəkib. Nəyə lazımdır ki, bu hündürlükdə hasarlar?” deyən millət vəkili beynəlxalq təcrübədə bu halın yer almadığına diqqət çəkmişdi.

zÉrbaycan prezidentinin Torpaq MÉcÉllÉsinÉ dÉyiÅikiliyi nÉzÉrdÉ tutan 15 yanvar 2016-cı il tarixli FÉrmanının tÉlÉblÉri ile ilgili görsel sonucu

Xəzərin hasarlanması problemi parlamentdə ötən il müzakirə mövzusu olmuşdu və millət vəkili, xalq artisti Zeynəb Xanlarova dəniz kənarındakı villa sahiblərinin hasarlarını dənizin ortasınadək uzatdıqlarından danışmış, tədbir görülməsini istəmişdi.

Hasarlar isə qalmaqdadır və Əmlak Komitəsi rəsmiləri də cərimələməklə, faktları hüquq-mühafizə orqanlarına yollamaqla problemin həlli istiqamətində addımlar atmağa başlayıblar. Köhnə problemlərin həllində yeni təyin olunan nazirlərə də ümidlər çoxdur. Onlardan biri də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. M.Babayev vəzifəyə təyin olunduqdan bir neçə gün sonra Bakını başına götürən pis qoxunun mənbəyini müəyyən edərək, bu problemin aradan qaldırılmasına nail oldu. Bundan başqa, nazirlik ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılması, atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyması, ətrafdakılara neqativ təsir göstərməsinə qarşı da addımlar atdı. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti restoranlardan havaya atılan tüstünün aradan qaldırılması üçün sahibkarlara və müvafiq icra hakimiyyətinə müraciət ünvanladı. Yeni nazirin təşəbbüsü ilə qanunsuz olaraq kəsilən ağaclara, məhv edilən yaşıllıqlara görə cərimələrin artırılması da müzakirəyə çıxarılıb.

Hüquqşünas Həsən Məmmədov deyir ki, dəniz sahillərinin zəbt olunması qanunsuzdur, cərimələr tətbiq olunmaqla yanaşı, hasarlar və içindəki tikililər sökülməlidir.

“Bakıda dövlət ehtiyacları üçün vətəndaşların qanuni evləri satın alınıb və sökülüb. Qanunsuz olanları da buldozerin qabağına veriblər. Hətta 15-20 mərtəbəli binaların, iri villaların da yerlə bir edilməsini görmüşük. Son belə hadisə Hacıbala Abutalıbov Bakı meri olanda baş verdi. Hacıbala Abutalıbov prezidentin göstərişi ilə Şıx çimərliyini zəbt eləyən bir neçə dənə böyük malikanəni hamının gözü qarşısında sökdü. Əmlak Məsələləri Dövlət Komitəsi sahilboyu ərazilərdəki hasarlarla bağlı hesabatı prezidentin masasının üstünə qoymalıdır. Bundan sonra heç kimə güzəşt edilmədən dövlətin bilavasitə müdaxiləsi ilə dəniz sahilini hasarlardan təmizləmək üçün əməli işə keçmək lazımdır. Hamının gözü qarşısında heç bir fərq qoyulmadan sahilboyu bütün tikintilər sökülməlidir. Bu tikililər xüsusi sərancamlarla tikilsə belə, özlüyündə qanunsuz tikildiyindən sökülməsi təmin olunmalıdır. Qanun bunu tələb edir. Əmlak Komitəsi bu işə başlayıb, yarımçıq qoymamalıdır. Yəni Xəzər sahili boyunca torpaqların ”işğal"dan azad edilməsi təkcə yay aylarında yada düşməməlidir. Dövlət bu sahədə vəziyyəti dəyişmək, sahili boyu əraziləri etməkdən ötrü sistemli iş görməlidir.(Musavat.com)



Tarix: 20-07-2018, 11:43
Xəbəri paylaş





Xəbər lenti