Gəncədə baş vermiş hadisələrə siyasi və ya geosiyasi aspektlərdən yanaşmaq cəhdləri daha çox nəzərə çarpsa da, bunun heç şübhəsiz ki, daxili məqamları da var.
Məsələn, hazırda belə bir sual yaranıbdır ki, dinlə bağlı siyasətə korrektə etməyə ehtiyac var, yoxsa dövlətin bu səmtdəki kursunu davam etdirmək lazımdır?
Əvvəlcə onu deyək ki, ölkədə etiqad azadlığı ilə bağlı heç bir problem yoxdur, hətta deyərdik ki, etiqad və vicdan azadlığı bütün digər hüquq və azadlıqlardan daha çox təmin olunubdur.
Elə əksər müsəlman ölkələrində də dini radikalların, necə deyərlər, at oynatması o demək deyil ki, etiqad azadlığı və dinlə bağlı hansısa ciddi problemlər yaşanır, səbəb budur ki, digər siyasi azadlıqlar daha az təmin olunub və bundan da dini radikallar geniş istifadə edirlər.
Azərbaycanda da son illərdə dinlə bağlı məsələlərdə ciddi səylərin konturları görünürdü. Məsələn, hüzr mərasimlərinin müəyyən çərçivəyə salınması və ya dəfn prosesini müvafiq standartlara gətirmək cəhdləri ilk baxışda adi bir iş kimi görünsə də, əslində ciddi problemlərdi, çünki söhbət əsrlərlə kök salmış adət və ənənələrdən gedir.
Qeyd etmək lazımdır ki, hüzr mərasimlərinin qısaldılması, israfçılığın qarşısının alınması artıq tendensiya şəklini alır və insanların da əksəriyyəti buna dəstək verir. Amma narazı qalanlar da var və təbii ki, bu, ilk növbədə ruhanilərin bir hissəsidir. Bu ildən başlayaraq ruhanilərin bir qisminə maaşlar vermək nəzərdə tutulsa da, etiraf etmək lazımdır ki, hüzr mərasimləri onların əsas gəlir yerlərindən biri idi. Ona görə də ruhanilərin bir hissəsi bu istiqamətdəki islahatlara müqavimət göstərir, imkan düşəndə yanlış təbliğat aparırlar.
Amma düşünürük ki, dövlət bu səmtdəki səylərini davam etdirməlidir, çünki burada qayda yaratmağa həqiqətən ehtiyac var: yaxınlarını itirmiş insanlar bilmirlər ki, itirdikləri əzizlərinin dərdini çəksinlər, yoxsa hüzrə gələnləri necə yola salmaq haqqında düşünsünlər.
Burada ilk növbədə imkanlı adamların nümunə göstərməsinə böyük ehtiyac var. İnsanlar görəndə ki, filankəs çox dəbdəbəli mərasim təşkil etmək imkanı olsa da, bunu etmədi və bir stəkan çayla kifayətləndi, onlar da belə edirlər. Amma əksinə olanda “Qoy, deməsinlər ki, filankəs ölüsünə qiymət vermir!” deyən yazıq insanlar böyük xərcə və borca düşürlər ki, təki camaat onları qınamasın və mərasimdən razı getsinlər.
İnanın, dünyanın heç bir yerində belə şey yoxdur. Adam iki şeyi biri-birinə qatmaq istəmir, amma inanın, heç yerdə bizim toylarda və yaslarda olan qədər israfçılıq yoxdur. Lap tutaq, toyu birtəhər başa düşdük - bəli, insanlar yeyib-içmək və şənlənmək istəyirlər. Bəs yasa nə deyirsiniz? Allah eləməmiş, yoxsa bura da yeyib-içməyə gəlirik?..
Ən maraqlısı budur ki, söhbətlərdə hamı bunu deyir, gileylənir, amma heç kim nümunə olmaq istəmir. Ona görə də dövlətin bu istiqamətdə iş aparmasına, islahatları davam etdirməsinə böyük ehtiyac var.
Son vaxtlar hətta qəbirüstü abidələrin də standartlaşdırılacağı haqda söhbətlər gəzirdi. Bu da çox müsbət işdir. Bilirsiniz, insanları qəbirüstü abidələr əbədiləşdirmir, eldə-obada, ölkədə qazandığı hörmət, dünyadakı əməlləri əbədiləşdirir. Başqa mənaya yozmayın, heç birimiz, məsələn, A.Eynşteyndən məşhur ola bilmərik, amma onun qəbri yoxdur!
Bir daha deyirəm, bunu başqa yerə yozmayın. Babalarımız, nənələrimiz deyərdi ki, yeddi qəbir üst-üstə düşməlidir. Aydındır ki, qəbirlər əbədi deyillər, necə ki, insan özü əbədi deyil, hamımız Kainatın zərrəciklərindən yaranmışıq və zərrəciklərə də çevrilib təkrarən Kainata qarışmalıyıq. Səudiyyə Ərəbistanını elə də sevmirəm. Amma səhv etmirəmsə, sonuncu kral özünün adsız qəbiristanlıqda dəfn olunmasını vəsiyyət etmişdi.
Ona görə də islahatlarımızı davam etdirməli, insanlarımızı maarifləndirməliyik. Həddən ziyadə təmtəraqlı hüzr mərasimlərində, dəbdəbəli qəbirüstü abidələrdə bir bütpərəstlik və ibtidailik əlamətləri də var. İndi isə 21-ci əsrdir...
Bir daha deyirik ki, islahatları davam etdirməli, insanlarımız arasında təbliğat aparmalıyıq. Ona görə ki, sovetlərin dağılmasının ümumilikdə götürəndə dini azadlıqlar üçün çox pozitiv nəticələri oldu - bəli, insanlar mənəvi-dini ehtiyaclarını təmin etmək imkanı qazandılar.
Amma müəyyən əyintilərsiz də keçinilmədi. Əski sovet məkanına həm də mübahisəli təriqətlər və dini-siyasi cərəyanlar yol tapdı.
Bəziləri yeni imkanlardan da sərvətini, var-dövlətini nümayiş etdirmək, özünün digərlərindən üstünlüyünü gözə soxmaq üçün istifadə etməyə başladılar. Əlbəttə ki, bunlara son verilməlidir. Bunun üçün isə islahatlar, islahatlar və yenə də islahatlar lazımdır...