Sağlam rasion necə olmalıdır? — Mütəxəssis rəyi

 Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur. Bu xəstəlik dünyada çox yayılsa da, müəyyən sadə qaydalara əməl edən xəstə özünü onun ağır fəsadlarından qoruya bilər. Yağlı, duzlu, qızardılmış qidalardan imtina etmək, daha çox balıq yemək mütəxəssislərin tövsiyə etdiyi qaydalar arasındadır. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb.

“AzEuroNews.com” xəbər verir ki, bu barədə AzərTac-a M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin invaziv uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov məlumat verib.

Kardioloq əti həftədə 1-2 dəfə yeməyi, qidalanmada duzun həcmini minimuma çatdırmağı məsləhət görüb. O, bildirib ki, duz damarların sağlamlığına mənfi təsir edir: “Qida rasionunuza kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. kaliumla zəngindir. Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın. Bununla yanaşı, insan orqanizminə ciddi ziyan vuran marqarin, spred və s. kimi yağları, fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları qida rasionunuzdan çıxardın. Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoğurt, kefir və s.)”.

Mütəxəssis artıq çəkidən əziyyət çəkənlərin arıqlamasını tövsiyə edib. O, bildirib ki, həkimlərin müşahidələrinə görə, bədən çəkisinin azalması xəstənin vəziyyətini xeyli yaxşılaşdırır. E.İmanov çox yorulmamağı, tez-tez istirahət etməyi, kifayət qədər yatmağı, gündə 2 dəfə açıq havada gəzməyi məsləhət görüb. “Səhhətiniz buna yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olun. Lakin bu haqda əvvəlcədən həkimlə məsləhətləşməyiniz vacibdir. Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyi müalicə edin. Bunun üçün qida rasionunuzda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır. Stressdən uzaq olun. Hər hansı söhbət, vəziyyət sizi qıcıqlandırır, əsəbləşdirirsə, söhbəti davam etdirməyin, həmin insandan, yerdən və s. uzaqlaşın. Həkimlər sübut edir ki, kütləvi informasiya vasitələri (televiziya, internet və s.) müasir insanlar üçün ciddi stress mənbəyidir. Bu səbəbdən insanlar televizorun və kompüterin qarşısında daha az vaxt keçirməlidirlər”, – deyə kardioloq vurğulayıb.

Tarix: 5-08-2018, 23:39
Xəbəri paylaş





Xəbər lenti