Bir həftə 4 nəfərlik ailə üçün 3143 manatdırsa, niyə azərbaycanlı Türkiyəni seçməsin? – Bu qiymətlərlə yalnız milli turizmin anasını ağlatmaq olar…

 Yay mövsümünün, yəni istirahət günlərinin bitməsinə xeyli var. Hələ də bəzi ailələr yay tətillərini planlaşdırmayıblar, büdcələrini toparlamağa, uyğun yer tapmağa çalışırlar.
Nabranda istirahət – internet hiylələrinə inanmayın!
“Yeni Müsavat”ın əməkdaşı iyul ayı ərzində Nabranda olub və buradakı istirahət şərtlərini araşdırıb. Ortaya ilginc nəticələr çıxıb. Öncə ondan başlayaq ki, Nabranda istirahət anlayışını ümumi şəkildə qiymətləndirmək mümkün deyil. Çünki büdcədən və şərtlərdən asılı olaraq, bir günlük istirahət üçün 15 manat da ödəmək olar, 150 manat da. Amma məsləhət olan internet vasitəsilə tanımadığınız elanlara aldanıb, Nabrana yola düşməməkdir. Belə ki, istirahət mərkəzlərində bəzən tanınmayan, adı bəlli olmayan mərkəzlərdəki kottecləri onlara yaxın yerdə yerləşən mərkəzlərin adı ilə təqdim edirlər.
Məsələn, sən internetdə axtarış verəndə çox gözəl bir kottec fotosunun altında “Günü 20 manata, gündə 3 dəfə yeməklə, ”Xəzər” istirahət mərkəzində istirahət imkanı” elanını oxuyub, aldanır, zəng edib, yer bron edirsən. Sözügedən məkana gələndə isə məlum olur ki, bu məkanın, ümumiyyətlə, “Xəzər”lə heç bir əlaqəsi yoxdur, meşənin içində unudulmuş bir yerdir. Sadəcə, sözügedən mərkəzlə arasında 150 metr məsafə olduğu və sonuncunun adı daha çox tanındığı üçün bu adla təqdim edildiyi ortaya çıxır.
Bu mənada da məsləhət odur ki, daha çox tanıdığınız və ya yaxın adamlarınızın öncədən qaldığı istirahət mərkəzini tərcih edəsiniz. Əks halda, 180 kilometr məsafə qət edib, Nabrana gedəndən sonra sizi gözləyən pis sürprizdən sonra geri qayıtmırsız və bəxtinizə küsüb, sizin üçün uyğun olmayan məkanda qonaqlanmağa məcbur qalırsınız. Adı istirahət olsa da, istəmədiyiniz şərtlər altında, bəzən isə kabus kimi bir həftə keçirmək payınıza düşür.
Quru dörd divar, köhnə yataq və havasız otaq – gündəlik 10 manat ver, yaşa
Nabrandakı bir çox istirahət mərkəzlərində, xüsusən də sovet dövründən tikilmiş, insanların daha çox putyovka vasitəsilə gəldiyi istirahət mərkəzlərində yerli işbazlar otaqları ucuz qiymətə kirayəyə verir. Bu tip yerlərdə adambaşına 10 manata olan otaqlar var. Amma tam şəraitsiz və təbii ki, yemək servisi olmadan. Quru çarpayı və dörd divar. Evindən yemək, qaz plitəsi, ərzaq gətirənlər… 3 dəfə yemək ehtiyaclarını bu cür ödəyə bilirlər. Amma adambaşına, bir günlük qiyməti 20-25 manatdan başlanan kotteclər var ki, orada şərait nisbətən normal sayılır: hamam-ayaqyolu, fasiləsiz su… Burada da yemək məsələsi ailənin öz öhdəsindədir. İstəyənlər üçün Nabrandakı bəzi ev sahibləri öz evlərini gündəlik 30 manata kirayə verir, təbii ki, içindəki bütün əşyaları ilə. Bu halda 10 gün istirahət etmək istəyən vətəndaş minimum 300 manat ev kirayəsinə verir.
Amma yazdığım kimi, bu cür tətilin də azarkeşləri var. Xüsusən də gənc oğlanlar. Onlar üçün quru dörd divar belə bəsdir. Altlarında maşın, ciblərində də orta məbləğdə pul varsa, istədikləri zaman başqa bir istirahət mərkəzində gündəlik 10 manat ödəməklə səhdərdən-axşama qədər istirahət edir, hovuza girir, attraksionlardan yararlanırlar. Ya da özü ilə çadır aparıb kampinq quranlar da az deyil. Necə deyərlər, zövqlər şərtlərə uyğunlaşır.
Çox məşhur olmasalar da, münasib sayılan qiymətləri var
İndi isə keçək Nabranda çox da məşhur olmayan istirahət mərkəzlərindəki qiymət və şərtlərdən.
“Saman Yolu” istirahət mərkəzi – kotteclər iki otaqlı, 4 nəfərlik 60 manat. 1 otaqlı, 2 nəfərlik – 40 manat.
“Jalə” istirahət mərkəzi – standart kotteclər, adambaşı 25 manat, gündə 3 dəfə qidalanma.
Lüks koteclər adambaşına 35 manat olmaqla, gündə 3 dəfə qidalanma.
“Orman” istirahət mərkəzi, kotteclər adambaşı 45 manat, gün ərzində 3 dəfə qidalanma.
“Elay” istirahət mərkəzi – adambaşına 25 manat, gündə 3 dəfə qidalanma.
“Venesiya” istirahət mərkəzi – adambaşına 30 manat, gün ərzində 3 dəfə qidalanma.
“Turist” istirahət mərkəzi – adambaşına 25 manat, gün ərzində 3 dəfə qidalanma.
“Qoşa Çinar” – kotteclərdə adambaşına 25 manat, gündə 3 dəfə qidalanma.
“Bulaq” istirahət mərkəzi – adambaşına gündə 40 manat, gündə 3 dəfə qidalanma.
Nisbətən insaflılar və “göylə uçanlar”
Keçək Nabranın nisbətən tanınmış istirahət mərkəzlərinə. “Atlant” istirahət mərkəzinə aid səhifələrdən birində aşağıdakı şərtlər təklif olunub:
1ci təklif:
7 gün 6 gecə (hər şey daxil, 1 günü 1 nəfər üçün 55 manatdan) – 330 manat.
2-ci təklif:
1-ci gündən 5-ci günədək (5 gün 4 gecə hər şey daxil, 1 günü 1 nəfər üçün 55 manatdan) – 220 manat.
3-cü təklif:
5-cı – 6-cı günlər (2 gecə 3 gün, hər şey daxil (6-cı gün diskotekada pena şou-ya giriş əlavə ödənişlidir 5-10 manat) – 130 manat.
4-cü təklif: 7 gündən 14 günə qədər istirahət edənlər üçün hər günə görə 1 nəfər 50 manatla hesablanır.
15 gün istirahət edənlər üçün 16-cı gün hədiyyə olunur.
Ümumən müştəri istirahət mərkəzinə yaxınlaşanda aşağıdakı şərtlərlə qarşılaşırıq. 1 nəfər istirahət mərkəzində həftəiçi 60 manat ödəməklə, gündə 3 dəfə yeməkli istirahət edə bilir. 2 otaqlı yerdə 4 nəfərlik ailə bir həftə istirahət üçün 1554 manat ödəməlidir. Ancaq səhər yeməkli istirahət istəyirsə, bu zaman məbləğ 1036 manata qədər azalır.
Elə həmin Nabranda “El Faro” istirahət mərkəzində isə 1-ci mərtəbədəki otaqda birgünlük istirahət qiyməti 65 manatdır.
2-ci mərtəbədə isə bu qiymət 75 manat təşkil edir.
80-85 manata kottecdə qalmaq mümkündür.
3 dəfə qidalanma şərti ilə adi otaqda bir günlük istirahət 80 manata başa gəlir. 3 böyük, 1 kiçik turistin bir günlük istirahəti 285 manata, bir həftəlik istirahəti isə 1995 manata başa gəlir.
“Palma”, “Malibu” və “Ulduz” istirahət mərkəzlərinə ancaq putyovka ilə gəlmək mümkündür. Bu, son illərin tətbiq olunan qaydasıdır. Artıq adıçəkilən məkanlar fərdi müraciət edən müştərilərə və turizm şirkətlərinə yer vermirlər.
4 nəfərlik ailənin bir həftəlik istirahəti nabranda 3143 manata başa gəlirsə… niyə də Antalya “yox”?
Nabranın ən lüks istirahət mərkəzlərindən olan “River İnn” hotelində isə iki cür paket var. 2 nəfərlik kottecdə iki nəfərin bir günlük, səhər yeməyi daxil istirahəti 139 manat təşkil edir. Gündə 3 dəfə yeməklə bu qiymət 219 manatdır.
4 nəfərlik ailə gündə 3 dəfə qidalanma ilə kottec kirayələyirsə, bu, gündəlik 449 manat deməkdir. Bunun 10 günlük istirahət olduğunu düşünəndə 4490 manat ödəmə nəzərdə tutulduğu anlaşılır. İstirahətin müddətini 7 günə, yəni bir həftəyə endirəndə isə turpaketin qiyməti 3143 manata düşür.
Nabranda “Caspian sea” istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün 1 günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır.
Xaçmazda yerləşən “Çoban bulaq” istirahət mərkəzindən öyrənirik ki, burada 1 günlük istirahət 60 və 80 manata təklif olunur. Mərkəzdən bildirdilər ki, qiymət fərqi otaqların genişliyinə görədir. Bu qiymətlərə yemək daxil deyil. Mərkəzin lüks otaqları 2 nəfər üçün 150 manat, 4 nəfər üçün 250 manatdır. Bu qiymətlərə səhər yeməyi daxildir.
Bütün hallarda ayağı “yerdən üzən” qiymətlərdir. Bu baxımdan lüks istirahət etmək istəyənlər çox vaxt Türkiyənin istirahət mərkəzlərini seçirlər. Antalya və Bodrum üçün bəzən 7 günlük turpaketlərin 400-500 manat olduğunu nəzərə alanda insanların tərcihini anlamaq mümkündür. İnsanlar həm yeni yerlər görmək, həm də ölkədən çıxmaq, Ege sahillərində istirahət etmək üçün tərcihlərini ölkə xaricindən yana istifadə edirlər. Şərtlər və qiymətləri siz də oxudunuz. Hamısı 2018-ci il qiymətləridir. Odur ki, qərar vermək də sizin əlinizdə…
Tarix: 8-08-2018, 09:54
Xəbəri paylaş





Xəbər lenti