Sahil Babayev yaxşı neftçi ola bilərdi, amma... - ƏƏSMN şefi kimi uğurlu birisi deyil
Hazırda Əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Sahil Babayev haqqında araşdırma aparan "Söz" Analitik Araşdırma Bürosu (SAAB) özünün hazırladığı geniş araşdırma materialında maraqlı məqamlara toxunub. DİA.AZ xatırladır ki, SAAB 17 aprel prezident seçkilərindən sonra təyinat alan bütün yeni vəzifəli şəxslərlə bağlı araşdırma aparıb və onların bu günə qədər olan fəaliyyətlərini təftiş edib.
Qiurumdan dia.az-a daxil olan məqalədə ilk olaraq Sahil Babayevin "Vikipediya"da hər kəs üçün açıq olan tərcümeyi-halı diqqətə çatdırılır. Beləliklə...
"Sahil Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. Hasilatın Pay Bölgüsü, həmçinin “Şahdəniz” təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləməklə, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Eyni zamanda, 2009-2014-cü illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı - Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, “SOCAR Türkiyə Ege” Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçi olub, İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində müxtəlif təlim və kurslarda iştirak edib.
Beynəlxalq neft sazişlərinə, Hasilatın Pay Bölgüsü haqqında Sazışlərə, beynəlxalq və milli-hüquqi tənzimləməyə, beynəlxalq hüquqi proses və beynəlxalq məhkəmə prosedurlarına dair dissertasiya və monoqrafiyaların müəllifidir".
Daha sonra bu məlumatları xarakterizə edən SAAB ekspertləri təkcə verilən informasiyalara söykənərək maraqlı bir arqumentlə çıxış edirlər. SAAB-dan bildirilir ki, Sahil Babayev bəlkə də yaxşı neftçi ola bilərdi, amma o, bir ƏƏSMN rəhbəri olaraq heç də uğurlu kadr deyil. Bunun nədənləri isə geniş faktlarla təqdim olunur. Bu barədə dia.az olaraq həmin araşdırma materalını yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...