Son zamanlar sosial şəbəkələrdə arıqlamaq üçün nəzərdə tutulmuş xüsusi cihazların reklamı geniş vüsət alıb. Reklamlarda deyilir ki, bu qurğular vasitəsilə istənilən şəxsin hər hansı bir nahiyəsini bir neçə dəqiqə ərzində 2-3 santimetr arıqlatmaq mümkündür.
Bu zaman suallar yaranır ki, aylarla arıqlamaq üçün pəhriz saxlayıb, idman edən insanların bacarmadığını bu qurğular, doğrudan da edə bilir? Əgər edirsə, insanın qısa zamanda incəlməsi onun səhhətinə mənfi təsir göstərə bilər? Sputnik Azərbaycan bu suallara cavab tapmaq məqsədilə bir neçə mütəxəssisə müraciət edib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, həmin qurğular vasitəsi ilə bədənə verilən dalğalar nəticəsində piy toxumaları parçalanır və insanda arıqlama prosesi sürətlənir: “Piylərin sovrulması üçün onların strukturu dağıdılmalıdır. Həmin cihazlar da buna hesablanıb. Amma həmin prosesin nə dərəcədə effektli olmasını, reallıqda insan orqanizminə təsirini bilmək üçün ya o aparatdan istifadə etmək, ya da müraciət edənlər arasında sorğu keçirmək lazımdır”.
Professor qeyd edib ki, həmin qurğulardan istifadəni çəkisi çox olan, piylənmədən əziyyət çəkən xəstələrə həkim tövsiyə etməlidir: “Eyni zamanda prosedur həkim nəzarəti ilə həyata keçirilməlidir. Bizdə isə, təəssüflər olsun ki, bu proseduru reklam edərək müştəri cəlb edirlər və həkim müayinəsi olmadan həyata keçirirlər".
Həkim belə cihazların istifadəsinin insan sağlamlığına hər hansı bir zərərinin olub-olmamasına da aydınlıq gətirib: "Piylərin sovrulması zamanı insanın digər orqanları zərər görmür. O cihazlar sadəcə piy toxumalarına təsir edir".
Həkim Rasif Bağırovun fikrincə isə, sözügedən qurğular ancaq biznes tələsidir: “Azərbaycana belə cihazlar zaman-zaman gətirilir. Yaxşı reklam edib müştəri yığırlar. Bir müddət sonra insanlar bunun effektiv olmadığını anlayanda həmin insanlar da yoxa çıxırlar. Bir sözlə, bu işlə məşğul olan dələduzlar indi də həmin proses təkrarlayır”.
R.Bağırov qeyd edib ki, belə cihazlarla arıqlamaq mümkün deyil: “Arıqlamaq üçün idman hərəkətləri etmək və piy depolarını gərgin vəziyyətə gətirmək lazımdır. Həmin qurğulardan verilən titrəmə nəticəsində insanın bir hissəsində piylərin parçalanması başlayır. Bu zaman həmin ərazidə qan dövranı da çoxalır”.
Həkimin qənaətincə, bəlkə də hansısa bir fiziki yüklənmə olandan sonra həmin cihazı müəyyən nahiyəyə qoymaq olar. Amma qısa bir zamanda piy qatının bir neçə santimetr azaldılması mümkün deyil.
Rasif Bağırov onu da vurğulayıb ki, bir insan bir ay müddətinə faktiki kütləsinin 15-20 faizini itirərsə, o insanda endokrin pozğunluq baş verə bilər: “Bu cihazlar vasitəsi ilə arıqlamaq mümkün deyil. Bu aparatlar insanın daxili orqanlarına ziyan olmasa da, cibinə ziyanı olur”.
Həkim bu qurğulardan istifadə etməyi düşünən şəxslərə məsləhət də verib: “İnsanlar belə reklamlara aldanıb aparatlarla arıqlayacaqlarına inanmasınlar. Ondansa, çox hərəkət etsinlər".