“Anamın dializ olunması üçün getdik Kliniki Tibbi Mərkəzə. Orada kateter qoyulması üçün bizə üç özəl klinika – Medservis, Medikal Plaza, Medistyle təklif etdilər. Dedilər ki, ilk dəfə üçün bu klinikalardan birində dializ etdirməlisiniz. Mən anamı apardım Medservisə. Orada ilk dializə kateterlə birlikdə 270, sonrakı üç hemodializ prosesinin hər biri üçünsə 80 manat ödədim”.
Bunu “BBC News Azərbaycanca”ya bir müddət əvvəl anasını xroniki böyrək çatışmazlığına (XBÇ) görə itirmiş Aytən Fərhadova deyib.
“Sonra Səhiyyə Nazirliyi yanındakı Hemodializ Komissiyasına müraciət etdim. Həmin komissiya yer təyin edir, boş yer varsa gedirsən dializə, yoxdursa, oturub boş yer gözləyirsən. Boş yer gözləməksə … kobud desəm, kiminsə ölümünü gözləməkdir. Gözləyirsən ki, kimsə ölsün, sənin xəstənə yer açılsın. Çox ağırdır” – deyir Aytən. Susur..
Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər həftədə üç dəfə keçməli olduqları hər dializ proseduruna “ödənişsiz olsa da, pul xərclədiklərini” deyirlər.
“BBC News Azərbaycanca”nın danışdığı dializ xəstələri və onların yaxınları getdikləri dövlət xəstəxanaları tərəfindən özəl tibb mərkəzlərinə yönləndirildiklərini bildirirlər.
Onların sözlərinə görə, burada ilk dializ proseduruna kateterizasiya (hemodializ prosedurunu həyata keçirmək üçün damara xüsusi kateterin taxılması prosesi) ilə birlikdə 235-270 manat, sonrakı hər dializ proseduruna isə 60-80 manat pul xərcləyirlər.
Səhiyyə Nazirliyi dövlət müəssisələrində bütün dializ prosedurları üçün “hər cür şəraitin olduğunu”, amma “həkimlərin kateter qoymağa ehtiyat etdiyini” bildirir.
Səhiyyə Nazirliyinin Hemodializ Komissiyası Bakı və regionlarda 3600 nəfərin dövlət hesabına dializlə təmin olunduğunu deyir, özəl klinikalarda müalicə alan xəstələr barədə məlumatlı olsa da, onların qeydiyyatda olmadığını bildirir. Lakin komissiya Azərbaycanda özəl müəssisələrdə nə qədər dializ xəstəsinin olduğu barədə dəqiq rəqəm demir.
Elə həmin müəssisələrin özləri də dializ xəstələrinin sayını BBC News Azərbaycancaya deyə bilmədilər.
“Kalsium ən ucuz dərmandır, onu belə verə bilmirlər“
Adının çəkilməsini istəməyən başqa bir dializ xəstəsi “BBC News Azərbaycanca”ya bildirir ki, hər bir dializ xəstəsinə dövlət 17500manat pul ayırır:
“Onun heç 2000-ni bizə xərcləmirlər. Qan iynələrini vaxtlı-vaxtında vurmurlar. Kalsium ən ucuz dərmandır, onu belə verə bilmirlər. Camaat gedib ordan-burdan tapıb, alıb, gətirir. Albimun dərmanı, məsələn, hamısı qıraqda – əlaltından müxtəlif yerlərdə satılır. Mən gedəndən orada dava etdim deyə, mətbuata çıxışım olduğuna görə bir az hörmətlə yanaşıb, iynə-dərmanımı edib, göndərirlər.
Ancaq hərdən onu da az vururlar. Onda da neyləyəcəyik, əsim-əsim əsirik, titrəyirik. Bax, indi gəlmişəm evə, ağrım kəssin deyə dilimin altına dərman qoymuşam ki, bir az keyləşdirsin.
Hələ mən pul vermirəm. Arada iki həftədən bir kiçik kreatin, kalsium kimi analizlər veririk, ona pulumuz çıxır, bir də tibb bacılarına hörmət edirik. Hər prosedurda 3-5 manat, ancaq məcburi deyil, mən özüm könüllü verirəm”.
O deyir ki, onun tibb bacılarına “pul verdiyini” yazmayım: “Aldıqları pul bir şey deyil onsuz da, qoy onları incitməsinlər”.
Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova özəl mərkəzlərə yönləndirmə ilə bağlı BBC News Azərbaycancaya deyir ki, “təcili vəziyyət olanda, yəqin ki, özəl tibb müəssisələrinə getməyi kimsə bu xəstələrə məsləhət görür. Əslində bu xəstələr tibb müəssisələrində qeydiyyata götürülürlər, ərazi üzrə hara yaxındırlarsa, orada vaxtaşırı dializ ala bilirlər”, Səfayə Əhmədova qeyd edir.
Həkimlər təcrübə azlığından kateter qoymaqdan imtina edirlər?
“Əslində dövlət müəssisələrinin hər birində kateterlərın qoyulması üçün hər cür şərait var, lakin dövlət xəstəxanalarındakı həkimlər ehtiyat edir deyə, kateter özəl mərkəzlərdə qoyulur”.
Bunu BBC News Azərbaycancaya Səhiyyə Nazirliyinin Hemodializ Komissiyasının üzvü, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ Şöbəsinin müdiri, nefroloq Fariz Babayevdeyir:
“Xəstələr bizə gələndə onların təcili dializə ehtiyacı olduğundan körpücükaltı damara kateter qoyulmalı olur. O da yalnız özəl mərkəzlərdə qoyulur.
Kateterizasiya kiçik əməliyyat olsa da ciddi fəsadları ola bilir. Ona görə də dövlət xəstəxanalarında bir çox hallarda həkimlər təcrübə azlığından xəstənin təhlükəsizliyi üçün kateter qoymaqdan imtina edirlər.”
Fariz Babayev onu da bildirir ki, “heç kim məcburi şəkildə özəl müəssisələrə göndərilmir.”
“Əgər xəstə vaxtında müraciət etməyibsə, yaxud da hansısa rayonda həkim xəstənin damarına düşməkdə problem görür və kateter qoymağa ehtiyat edirsə ki, birdən alınmaz, hər hansı problem olar, həmin xəstə özəl mərkəzə üz tutursa, dövlət, yaxud Hemodializ Komissiyası buna cavabdeh deyil axı”.
Cənab Babayev əlavə edir ki, xəstə dializə düşmək ehtimalının olduğunu öyrənən kimi kateter qoydurarsa, o zaman özəl müəssisə görmədən proseduru ala biləcək.
“Dövlət xəstəxanalarında niyə kateterizasiya yoxdur” sualına gəlincə, cənab Babayev bildirib ki, “Kliniki Tibbi Mərkəzdə (Semaşko) bu xidmət var”.
Lakin Klinikanın hemodializ şöbəsindən “BBC News Azərbaycanca”ya bildiriblər ki, onlar XBÇ ilə müraciət etmiş xəstələrə kateter qoymurlar.
Özəl xəstəxanalarda dializ alanlar “sığortalı xəstələrdir”?
“Özəl xəstəxanalarda dializ alan xəstələr barədə dövlətin məlumatı var, ancaq bu şəxslərin adı dövlət qeydiyyatında olan xəstələrin siyahısında yoxdur”.
Bakı və regionlardakı 3600 nəfərin dövlət hesabına dializlə “tam təmin olunduğunu” deyən Fariz Babayev həmçinin bildirir ki, dövlət qeydiyyatında olmayan, “pullu dializ alanlar sığortalı xəstələrdir, onlara görə büdcədən pul ayrılmır”.
Fariz Babayev özəl tibb müəssisələrinə yönləndirilmə ilə bağlı üzvü olduğu Komissiyanın yazılı və ya şifahi müraciətləri qəbul etdiyini bildirir.
Dərmanların verilməməsi iddialarına gəlincə isə cənab Babayev deyir ki, “xəstənin tibbi savadı olmadığına görə, onlar dərmanların az və ya çox vurulması haqda fikir söyləyə bilməzlər”.
Ayrı-ayrı klinikalarda kateterizasiya və ilkin dializin qiymətləri
“BBC News Azərbaycanca” Bakıda hemodializ xəstələrinə kateterizasiya və ilkin hemodializ proseduru edən klinikaları araşdırıb.
Ayrı-ayrı xəstəxanalara etdiyimiz telefon zənglərindən aydın oldu ki, ölkədə kateterizasiya və hemodializlə məşğul olan tibbi mərkəzlər, əsasən, Medistyle, Medikal Plaza, Medservis kimi özəl klinikalar və Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasıdır.
ATU-nun Tədris-Cərrahiyyə Klinikasından “BBC News Azərbaycanca”ya verilən məlumata görə, bura dövlət xəstəxanası olsa da, bütün xidmətlər pulludur.
“Bu tibb ocağı həm ATU-ya, həm də Səhiyyə Nazirliyinə tabedir, lakin özü-özünü “saxlayır”, – cənab Babayev deyir.
Qiymətlərə gəlincə, burada kateterin qoyulması və ilkin dializ üçün 220, sonrakı hər dializ proseduru üçün 70 manat ödənilməlidir.
Medistyle Tibb Mərkəzində kateterizasiya və ilkin dializ 235 manatdır. Dializin hər seansı üçün burada 60 manat tələb olunur. Üstəlik xəstə dializator komplekti (qanın yuyulması zamanı istifadə olunan filtr) ilə gələrsə, ilkin dializ və kateterizasiyaya 30 manat endirim ala bilər.
Medservisin qəbul şöbəsindən “BBC News Azərbaycanca”ya bildiriblər ki, kateterizasiya prosedurunun qiyməti 300-400 manat civarında dəyişir. Klinikanın saytında yazılır ki, uşaqlar üçün kateterizasiya isə 250 manatdır. Hemodializin hər proseduru isə 80 manatdır.
“Dializator komplektini gətirənə burada da 10 manat endirim var”xəstəxanadan belə deyiblər.
Medikal Plazada yalnız kateterizasiya proseduru həyata keçirilir. Qiymətlərsə 200-400 manat arası dəyişir.
Dövlət nə qədər büdcə ayrır?
Maliyyə Nazirliyinin saytında göstərilir ki, 2018-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün nəzərdə tutulmuş 740,7 mln manatın 23 milyonu XBÇ xəstəliyi ilə mübarizə tədbirlərinə ayrılıb.
Bu 2017-ci illə müqayisədə 0,9 milyon manat və ya 0,4 faiz çoxdur. 2017-ci ildə XBÇ ilə mübarizə tədbirlərinə 22,2 milyon manat ayrılmışdı.
Hemodializ Komissiyasının üzvü Fariz Babayev deyir ki, “hazırda Azərbaycanda 41 hemodializ mərkəzində 613 dializ aparatı var və bu sahədə 200-ə yaxın həkim-nefroloq çalışır”.
Hər bir xəstəyə ayrılmış vəsaitə gəlincə isə Səhiyyə Nazirliyi bu suala Hemodializ Komissiyasının cavab verə biləcəyini desə də, cənab Babayev bu barədə məlumatsız olduğunu bildirir.
O, “bu məlumatı almaq üçün Səhiyyə Nazirliyinin Tibbi Təchizat və İnnovasiya İdarəsinə müraciət etməlisiniz” deyir.
Tibbi Təchizat və İnnovasiya İdarəsinə dəfələrlə zəng etsək də, idarənin şöbələri “filan şöbədə bunu bilməlidirlər” deyərək bizi təkrar-təkrar bir-birinə yönləndirdilər.
Axtarışlarımız bizi İctimai Səhiyyə və İslahatlar Mərkəzinə aparıb çıxarsa da, orada da bu sualın cavabını bilən tapılmadı. Səhiyyə Nazirliyinə etdiyimiz təkrar zənglər də cavabsız qaldı.
Bəs Qanun nə deyir?
Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə qəbul edilən və 2016-2020-ci illəri əhatə edən “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib.