Bizə tutulan toy

 

Azərbaycan insanının cana doyduğu, amma vazikeçilməzi olan toy israfçılığı haqda

Zaman göstərdi ki, xalqımızın “sənə toy tutaram” deyimi havadan yaranmayıbmış. Bir neçə ay əvvəl yas mərasimlərində israfçılıq və onun aradan qaldırılması haqda yazımıza bir dost reaksiya vermişdi ki, bəs, toydan da yazın, toylar milləti qırdı.
Azərbaycan toylarında süfrədəki israfçılıqdan mənasız xərclərə, bayağı musiqiyə qədər hər şey tənqid olunur. İnsafən çox nadir insanlar istisna olmaqla hər kəs toyların hazırkı vəziyyətindən narazıdır. Lakin toy israfçılığı gün-gündən daha da şiddətlənir. Yeni-yeni toy “adətləri” və xərcləri yaranır, təbii ki, paralel olaraq insanların şikayətləri də artır. Ancaq şikayətlər artsa da, toy adətlərində islahatlar mümkün olmur.

Hətta məlum olduğu kimi, hökumətin, dini təşkilatların və ictimaiyyətin də istəyi ilə digər israfçı məclislərimizin – yas mərasimlərinin müəyyən qədər sadələşdirilməsi baş verdi. Amma təəssüf ki, cəmiyyət və müvafiq qurumlar eyni qətiyyəti toy mərasimləri ilə bağlı göstərə bilmədilər. Düşünürəm ki, bunun da xüsusi səbəbləri var. Çünki toy azərbaycanlının həyatının əsas atributlarından, ən kütləvi məişət hadisəsinə çevrilib.

Azərbaycanlıların toy adəti ona görə ifrat həddinə çatıb ki, hazırda orta statistik, yəni 90 faiz əhalinin bir yerə toplanma, musiqi, mədəniyyət, tanışlıq, geyim, istedad, bacarıq, gözəllik nümayiş etdirə bildiyi yer yalnız toydur. Orta statistik azərbaycanlı gözəl geyimlərini, gücünü, cəzibədarlığını, hələ də gözəl olduğunu, zövqlü geyinə bildiyini, bahalı daş-qaşlarını yalnız toyda və toyun yan tədbirlərində (indi bura xına, elçilik, nişan, parçabiçti və sair kimi gərəksiz tədbirlər daxildir – K.R.) nümayiş etdirə bilirlər. Bu səbəbdən də toy bu qədər israfçı, xərc aparan olur. Və ən əsası vazkeçilməzdir.

Çünki toy sahibi illərlə həsrətində olduğu arzularını reallaşdırır, qonşusundan daha irəli olduğunu, daha varlı qohumlarından geri qalmadığını, camaatın qabağında gözükölgəli olmadığını nümayiş etdirmək imkanı qazanır. Bunun üçün borca girməyi, hətta illərlə kredit ödəməyi gözə alır. Ancaq təkcə toy evi deyil, qohumlar, qonşular, dəvətlilər də bu cərəyana daxildir. Onlar da yeni geyim alır, xanımlar bəzənir, beləliklə restorandan tutmuş şirniyyat dükanına, tekstil sənayesinə qədər böyük bir sahə dolanır. Bura tərəvəz ticarəti, ət, yağ və sair qida satışı da daxildir. Hələ bura musiqiçilər, digər işlərdə çalışanlar da əlavə olunmalıdır. Toy müğənnilərinin nədən ölkənin ən məşhur adamları olmasının da cavabı burda gizlənir.

Göründüyü kimi, toy əslində həm də böyük bir ayıbı örtür. Yerli sənaye, ticarət toy, xidmət sektoru hesabına dolanır, xalq isə indi əsas mədəniyyət tədbiri adına toylarla başını qatır, böyük iş adamları şadlıq sarayları vasitəsilə pul qazanır və sair. Nəticədə itirən xalqdır, insanlardır. Çünki gündən günə cəmiyyətin adət-ənənələri bayağılaşır və təbii olaraq müsbətə doğru inkişaf etmədiyi üçün geriləyir.

Bütün bunların qarşısında hər kəs narazı olsa da, heç kim toylardan, yəni toy israfçılığından imtina edə bilmir. Yeni kapitalizm dövrünün amansız dalğasının altında qalan azərbaycanlılar min illik toy adətlərini yeni zamanın şərtlərinə uyğunlaşdıra bilmir, əksinə, onları daha da korlayır və eybəcər hala salır. Vəziyyəti kökündən dəyişmək isə mümkün olmur.

 Kənan RÖVŞƏNOĞLU
Tarix: 5-09-2018, 07:02
Xəbəri paylaş





Xəbər lenti