6 il oxu, axırda da həkim işləyə bilmə - Tibb Universitetini bitirən məzunların PROBLEMİ


Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 525 namizəddən 448 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 147 nəfərini oğlanlar, 301 nəfərini qızlar təşkil edir. 254 namizəd cari ilin, 194 namizəd isə əvvəlki illərin məzunudur.


Xatırladaq ki, rezidenturaya Azərbaycan Tibb Universitetində 6 illik ali təhsili bitirən məzunlar sənəd verə bilirlər.

Rezidentura nədir?
 

Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır. Rezidenturada baza ali təhsili olan Azərbaycan vətəndaşları və əcnəbilər təhsil ala bilərlər. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə “həkim- mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir.

Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim- mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir. Rezidenturada təhsil alanlar attestasiyadan keçmədikdə, rezidenturadan xaric edilirlər. Təhsil müddəti başa çatdıqda, rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır. Rezidenturanı müvəffəqiyyətlə bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir.

 

Ümumilikdə Azərbaycan Tibb Universitetinin məzunları rezidenturaya qəbul planının azalmasından narazıdırlar. Onlar hesab edirlər ki, qəbul planının iki dəfə azalması bir çox həkimi ixtisaslaşmadan kənarda qoyacaq. Maraqlıdır, rezidenturaya qəbul olmayanların 6 illik əziyyəti hədər getmiş sayılır? Bəs 6 illik təhsilini başa vuranlar hansı ixtisaslar üzrə çalışa bilərlər? 


“Həkimlik üçün rezidentura mütləq şərtdir”
 

Modern.az-ın bu qəbildən olan suallarını Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov cavablandırıb.

R.Məmmədov bildirib ki, həkimlik üçün rezidenturanı oxumaq şərtdir:

“Bu ildən universiteti bitirərək, Səhiyyə Nazirliyinin rezidentura imtahanında iştirak edən, lakin müsabiqədə lazım olan qədər bal toplaya bilməyən – yəni müsabiqədən keçməyən məzunlar  respublikanın müxtəlif bölgələrində orta tibb işçisi kimi işlə təmin olunacaqlar. Həmçinin, Səhiyə Nazirliyinin vakant yerlər üzrə elanına əsasən, rezidentura oxumayanlar özlərinə uyğun iş tapa bilərlər. Onlar ailə həkimi, fiziatriya və s. sahələrdə çalışa bilərlər”.

 

Cərrah, ginekoloq olmaq istəyirsinizsə...

 

Şöbə müdiri qeyd edib ki, peşekar həkim, cərrah, ginekoloq olmaq üçün mütləq rezedenturanı oxumaq lazımdır:


“Rezidenturanı oxumayan ginekoloq, cərrah ola bilməz. 6 illik baza təhsilini alan, amma rezedentura oxumayanlar ixtisasartırmayada gedə bilərlər. Yəni olur ki, tələbə Tibbi Universitetini bitirir, xaricdə uzmanlıq oxuyur, yaxud ixtisasartırmaya gedir, imtahan verir sonra istədiyi sahə üzrə işləyir.

Amma əksəriyyət rezidenturanı oxumağa üstünlük verir. Burada da oxuyanlar var, xaricə oxumağa gedənlər də var. Qəbul olunanların 25-30 faizi rezedenturanı oxuyur. Türkiyənin özündə universiteti bitirən 100 tələbədən 30-u uzmanlıq oxuyur, qalanları özəl klinikalarda, şirkətlərdə çalışırlar”.

R.Məmmədovun “İmtahanlarda yüksək bal toplayıb, 6 illik baza tibb təhsili alan şəxs rezidentura müsabiqəsindən keçə bilmirsə, bu, onun günahı sayılır, yoxsa müsabiqə şərtlərinin ağırlığına dəlalət edir” sualına cavabı belə olub:

“Belə hallar demək olar ki, çox azdır. Bu, tələbənin günahı deyil. Kəsilənlər müsabiqədə az bal toplayanlardır. Misalçün,1000 nəfər sənəd verəndən 70 nəfəri 90-dan aşağı bal toplayanlardır. Əksəriyyəti 90-dan yüksək nəticə göstərir. Biz nəticələri müqayisə edirik. Əksər tələbələrimiz 600-dən yuxarı bal toplayaraq universitetə daxil olub, qırmızı diplomla bitirib və rezidentura müsabiqəsində də yüksək nəticə göstərirlər. Bizdə göstəricilər üst-üstə düşür “.

 
Yeri gəlmişkən, ATU-nun rektoru, professor Gəray Gəraybəyli də bildirib ki, Səhiyyə Nazirliyinin qarşısında vəsadət qaldırılıb ki, bu ildən məzunlara orta tibb işçisi kimi işləməyə icazə verilsin.

“Və cənab nazir buna müsbət rəy bildirərək, əmr verdi. Artıq Tibb Universitetinin 6 illik bazasını bitirən tələbə orta tibb işçisi kimi işləyə bilər”.

Rezidenturaya qəbul

 

Rezidenturaya qəbul qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.

Nazirlər Kabinetinin təsdiq etdiyi «Siyahı»ya əsasən Azərbaycan Respublikasında rezidenturada həkim-mütəxəssis hazırlığı 40 ixtisas üzrə aparılır: Bunlar aşağıdakılardır:


1. Anesteziologiya-reanimatologiya
2. Ümumi cərrahiyyə
3. Neyrocərrahiyyə
4. Plastik cərrahiyyə
5. Ürək-damar cərrahiyyəsi
6. Uşaq cərrahiyyəsi
7. Otolorinolarinqologiya
8. Travmatologiya-ortopediya
9. Onkologiya
10. Urologiya
11. Oftalmologiya
12. Mamalıq-ginekologiya
13. Psixiatriya
14. Nevrologiya
15. Terapiya
16. Kardiologiya
17. Nefrologiya
18. Qastroenterologiya
19. Hematologiya
20. Dermatovenerologiya
21. İmmunologiya
22. Allerqologiya
23. Yoluxucu xəstəliklər
24. Revmatologiya
25. Endokrinologiya
26. Narkologiya
27. Fizioterapiya və tibbi bərpa
28. Ftiziatriya
29. Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza
30. Pediatriya
31. Şüa terapiyası
32. Şüa diaqnostikası
33. Stomatologiya
34. Üz-çənə cərrahiyyəsi
35. Sosial gigiyena və səhiyyənin təşkili
36. Gigiyena
37. Mikrobiologiya
38. Laboratoriya işi
39. Genetika
40. Epidemiologiya


Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında qeyd edilən ayrı-ayrı ixtisaslar üzrə təhsil müddəti 9 ixtisas üzrə 2 il, 8 ixtisas üzrə 3 il, 13 ixtisas üzrə 4 il və 9 ixtisas üzrə 5 il olmaqla 2 ildən 5 ilə qədər müəyyən edilib.


Səhiyyə nazirinin 23 iyul 2010-cu il tarixli 57 nömrəli əmrinin 5-ci bəndinə müvafiq olaraq 2011-ci tədris ilinin mart ayında universitetdə internatura şöbəsinin ştatı əsasında rezidentura şöbəsi yaradılıb.
Rezidenturaya yalnız ali baza tibb təhsili olanlar qəbul oluna bilərlər. Azərbaycan vətəndaşları üçün dövlət planına müvafiq olaraq təhsil ödənişsiz və ödənişli əsaslarla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə müvafiq qanunvericilik qaydalarında nəzərdə tutulubsa ödənişsiz, digər halda yalnız ödənişli əsasla həyata keçirilir. Qəbul rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəlinə müvafiq olaraq, yəni bitirdiyi fakultəyə müvafiq ixtisaslar üzrə həyata keçirilir.

Azərbaycan Tibb Universitetində hazırlanması nəzərdə tutulan rezidentlər rektorluq tərəfindən müvafiq əmrlərlə eyni adlı kafedralara, universitet klinikalarına, laboratoriyalarına və s. müvafiq qurumlara təhkim olunurlar. Bu zaman rezidentlərə rəhbər kurator universitet rəhbərliyi tərəfindən təyin olunur və bu təyinat Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilir. Eyni vaxtda bir kuratora 2-dən çox rezidentə rəhbərliyə icazə verilmir. Rezidentura təhsilinə rəhbərlik universitetin müvafiq şöbəsi tərəfindən həyata keçirilir, rezidentlərin fərdi iş planı təsdiq olunur, illik hesabatları dillənilərək və illik hesabat məqbul sayıldıqda rezident attestasiyadan keçmiş hesab olunur.

Rezidenturada ödənişli təhsilin qiyməti illlik 4000 manatdır.

Tarix: 14-09-2018, 14:55
Xəbəri paylaş





Xəbər lenti