"Azərbaycanın Rusiya və İran kimi ölkələrlə dərman istehsalı sahəsində birgə atdığı addımların ciddi perspektivini görmürəm”.
Bu sözləri Sfera.az-a açıqlamasında Bakının birgə dərman istehsalı sahəsində üstünlüyü yüksək keyfiyyətli Qərb firmalarına deyil, İran və Rusiya kimi ölkələrə verməsinə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib.
Həkimin fikrincə, belə bir qərarın verilməsində İran və Rusiyanın ölkəmizə təsir imkanlarının geniş olması rol oynayıb:
"Məsələ ondadır ki, istər İran, istərsə də Rusiya istehsalı olan dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının reyestrində əslində tanınmır. Avropa ölkələrində "dimidrol” dərmanını soruşsaq onu tanıyan olmayacaq. Sovet dövləti qapalı dövlət olub. İran da hazırda qapalı dövlət olaraq qalır. Əslində bu dövlətlərin dərman preparatlarının dünya standartı səviyyəsinə çatdırılması və dərman kimi qəbul edilməsi zaman məsələsidir. Bu mənada ölkəmizin Rusiya və İran kimi ölkələrlə müştərək dərman istehsalı sahəsində atdığı addımlarının ciddi perspektivini görmürəm. Ona görə çalışmalıyıq ki, Avropanın aparıcı, tanınmış firmaları, Almaniya, İtaliya, Hollandiyanın yüksək keyfiyyətli dərman hazırlayan firmaları ilə əməkdaşlığa üstünlük verək. Fikrimcə, hazırda Rusiya və İranın Azərbaycana təsir imkanlarının çox olması dərman preparatları hazırlayan birgə müəssisələrin yaradılması kimi məsələdə də öz sözünü deyib”.
Qeyd edək ki, Azərbaycanda Rusiya və İranla birgə dərman preparatları istehsal edən müştərək müəssisələrin yaradılması istiqamətində işlər həyata keçirilir. Amma məsələ ondadır ki, bu ölkələrin dərman preparatları dünya miqyasında elə də tanınmır. Yüksək keyfiyyətli dərman istehsalı sahəsində Avropa ölkələri və ABŞ daha öndə gedirlər. Buna baxmayaraq, Azərbaycan nədənsə, dərman zavodunun tikilməsi məsələsində önəmi Qərb ölkələrinə deyil, məhz İranla Rusiyaya verib.